Close

"Övladlarının eynicinsli evliliyini arzulayırlarsa, Qərbin Cənubi Qafqaza gəlişinə ayaq üstə əl çalsınlar" - MÜSAHİBƏ

Azərbaycan Respublikasının sabiq maliyyə naziri, professor Fikrət Yusifovun TNS-ə müsahibəsi.

- Fikrət müəllim, ABŞ və Avropa Birliyi Cənubi Qafqaza girmək üçün bütün yollara əl atır. Cənubi Qafqazı Qərb üçün bu qədər cəlbedici edən nədir?

- Yol! Bir daha böyük həriflərlə YOL! Yeni dünya düzənində yollara nəzarət hər şeyə nəzarət demək olacaq. Cənubi Qafqaz və onun açar ölkəsi Azərbaycan isə bu yolun üzərində yerləşir. Bilirsinizmi, müasir dönəmdə yolun əhəmiyyəti nədən bu qədər artıb? Artıq dünya iqtisadiyyatı elə bir dərin inteqrasiya yolu keçib ki, onun geriyə dönüşü mümkün deyil, əksinə, bu inteqrasiya getdikcə daha da dərinləşəcək. İndi daha çox qazanc əldə edə bilməyin yeganə yolu budur. Deməli, ölkələr, qitələr arasındakı daşımalar da artacaq. Daşımaların su, quru, hava, boru yolları içərisində bütün parametrləri ilə ən sərfəli olanı quru yolla daşımalardır. Su yolu ilə daşımalar quru yolu ilə daşımalardan ucuz olsa belə, quru yolla daşımalarda zamanın qısa olması bu daşımaları daha səmərəli edir. Budur gerçəklər. Buna görə ABŞ da, Avropa Birliyi də  Cənubi Qafqaza girmək üçün mücadilə edirlər. Onlar demokratiya, söz və insan azadlığı kimi məzələri ilə Paşinyan kimi siyasi balıqları aldadıb tilovlarına salmağa və bu yolla da regionda mövqe tutmağa çalışırlar.

9068b008-d428-4b00-8dad-85a133ff84f4

- Bu məsələdə biz Fransanın daha çox aktivliyini görürük. Fransa Cənubi Qafqaza girmək üçün bütün gücünü səfərbər edib. Bu Avropa ölkəsi Cənubi Qafqaz uğrunda ən ciddi risklərə getməkdən belə çəkinmir.

- Doğrudur. Fransanın indi yeni resurs mənbələri əldə etməkdən başqa çıxış yolu yoxdur. Bilirsiniz, Fransanı Afrikadan qovdular. İllərlə Afrikada öz təsirində saxladığı ölkələrin resurslarını sümürüb ölkəsinə aparan Fransa birdən-birə bütün bunlardan məhrum oldu. İndi o, yeni resurs mənbələrinə çıxış uğrunda “səlib yürüşünə” çıxıb və bu yolda ağıla sığmayan canfəşanlıq nümayiş etdirir. Prezident Makronun bu hərəkətləri, mən deyərdim ki, canfəşanlıqdan daha çox siyasi təlxəkliyə bənzəyir. Bu adam gündə bir bəyanat verir və hər dəfə də özünü gülünc vəziyyətə salır. Onun bir dövlət başçısına yaraşmayan səviyyədəki sərsəmləmələri Fransanın özündə belə nifrətlə qarşılanır. Adam sadəcə ağlını itirmiş bir durumdadı. Nə yolla olursa-olsun, Cənubi Qafqaza pərçimlənmək istəyir.

- Qərbin və onun ən canfəşan üzvü olan Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza girməsi realdırmı? Yeri gəlmişkən, Azərbaycanda da bəzi qüvvələr Qərbin bu davranışları fonunda aktivləşməyə başlayıblar.

- Dəfələrlə demişik, böyük güclərin siyasi maraq maskasının arxasında yalnız iqtisadi maraqlar dayanır. Qərb bura özünün iqtisadi maraqlarını reallaşdırmaq üçün gəlmək istəyir. Bunun belə olduğunu böyük əksəriyyət yaxşı anlasa da, siyasət meydanında Qərbin demokratiya, söz və insan azadlığı alətlərinə vurğunluq nümayiş etdirib “ruhlanan” bir para deletantlar bunun əksini düşünürlər. Hakimiyyət uğrunda sivil mübarizə aparmağı bacarmayan bu deletantlar Qərbin “gətirə biləcəyi” yalançı demokratiya alətlərini cəmiyyətə sırımaqla vəziyyətdən çıxmağa çalışırlar.  

- Bu dəyərlər doğrudan da Qərbin təqdim etdiyi kimi qiymətlidirmi?

- Bu dəyərlər sadəcə Qərbin qoyduğu hədəflərə çatmaq üçün toxuduğu maskadır. Əvvəldə dediyimiz kimi, Qərbin demokratiya, insan və söz azadlığı alətləri balıqçının tilova taxdığı məzədən başqa heç nə deyil. Balıqçı bu məzə ilə balığı aldadıb onu əvvəlcə qarmağına keçirir, sonra isə dartıb sudan çıxarır və sonra da... Qərbin demokratiyası da, insan, söz azadlığı kimi məzələri də eyni prinsiplə işləyən alətlərdi. Təbii ki, bizim bu fikirlərimizi içimizdən olan boşboğazlar israrla təkzib etməyə qalxacaqlar. Ancaq onların nə danışmalarından asılı olmayaraq, gerçəklər ortadadır. Normal düşünən Azərbaycan vətəndaşı bütün bunları çılpaqlığı ilə görür.

- Fikrət müəllim, siz dünyanın bir çox ölkələrində olmusunuz. Bu demokratik dəyərlərə demokratiyanın beşiyi olan ölkələrdə necə əməl olunur? Bildiyimiz qədər Azərbaycana “demokratik dəyərlər” gətirmək istəyən ölkələrin özündə bu sahədə ciddi problemlər var. Azərbaycanda Qərbin gəlişinin həsrətini çəkənlərin bu problemlərdən xəbərləri yoxdurmu?

- Qərbin dediyi ilə etdiyi heç vaxt üst-üstə düşməyib. Görəsən, bizə demokratiya, insan və söz azadlığı gətirmək istəyən Qərbin ədalətsizliyinə dair nə qədər faktlar ortaya qoymaq lazımdır ki, bu savadsız və savadsız olduqları qədər də boşboğaz olan zümrə bunu anlasın. Qərb gerçəkliklərindən bir neçə misal gətirək. Əvvəlcə bu ölkələrin daxilində demokratiya deyilən anlayışın o cəmiyyətlərə nələr bəxş etdiyinə baxaq. Demokratiyanın beşiyi olan Amerika Birləşmiş Ştatlarından başlayaq. Bu ölkədə demokratiya o qədər “tərəqqi” edib ki, hətta psixoloji problemləri olan insanların mağazadan odlu silah alması adi bir haldır. Demokratiyanın verdiyi imkandan yararlanan psixoloji problemli şəxs silah mağazasından heç bir çətinlik çəkmədən aldığı silahla hər hansı bir ictimai yerə daxil olub, insanları güllələyib öldürə bilər və xəstə olması səbəbindən ona həbs cəzası belə verilməz. Yarandığı vaxtdan bu günə qədər Amerika dövləti silah mafiyasının əlində bir oyuncaqdır. Bir az da dəqiq desək, elə dövlətin özü bu mafiyanın başında dayanır. Ancaq insanlarda illərlə belə bir təəsürat formalaşdırılıb ki, hökumət silah mafiyasının öhdəsindən gələ bilmir. Bu qayda ilə ABŞ hökumətləri cəmiyyətdə insanları soyub talayan sığorta və tibb mafiyasının da öhdəsindən gələ bilmir. Hər gün ABŞ-də polislər tərəfindən ən azından iki adam güllələnərək öldürülür.

Demokratiyanın yaratdığı anarxiyanın nəticəsidir ki, son iki ildə ABŞ-nin ən böyük şəhərlərindən biri olan San-Fransiskoda demək olar ki, bütün bahalı brend mağazaları bağlanıb. Bunun səbəbi çox sadədir. Bu şəhərdə oğrular qrup şəkilində belə mağazalara daxil olur, bir neçə dəqiqə ərzində mağazada olan nə varsa, hamısını talan edib aparırlar. Polis isə belə oğurluqların qarşısını almaqda acizdir. İş o yerə çatıb ki, böyük marketlərdə dəyəri 20 dollardan artıq olan malları qıfılla bağlanmış xüsusi qoruyucularda saxlayırlar. Təsəvvür edirsinizmi, adi bir yuyucu tozu və ya mayeni almaq üçün siz marketin satıcısına yaxınlaşıb onu dəvət etməlisiniz və o da gəlib həmin malı götürmək üçün qıfılı açmalıdır. San-Fransiskoda insanlar avtomobillərini park edib harasa gedəndə, avtomobilin qapılarını və yük yerini açıq qoyurlar və bununla da oğrulara mesaj ötürürlər ki, maşında sizin oğurlaya biləcəyiniz heç nə yoxdur, onu sındırmayın. Bir ildə ABŞ-də 800 mindən çox uşaq itir. Bu siyahını nə qədər istəsəniz genişləndirmək mümkündür. Bu ölkələrdə demokratiyanın və insan azadlığının zirvəsi isə eynicinslilərin evliliyidir. Buna bənzər onlarla misalları Avropa ölkələrinə dair gətirmək mümkündür.

Qərbin demokratiyasına vurulmuş sapı özümüzdən olan yazıqlar övladlarının eynicinsli evliliyini və digər eybəcər həyat tərzində yaşamalarını arzulayırlarsa, qoy onda Qərbin Cənubi Qafqaza, o cümlədən Azərbaycana gəlişinə ayaq üstə əl çalsınlar.

- Yeri gəlmişkən qeyd edək ki, Fransanın ermənipərəst, homoseksual baş naziri gey sevgilisini xarici işlər naziri təyin edib.

- Bizə bu lazımdır? Bu bədbəxt zümrə siyasi ambisiya naminə milli dəyərləri ayaqlar altına atmağa hazırdır. Bunlara elə bir cəmiyyət lazımdır ki, axşam qaranlıq düşəndən sonra evlərindən bayıra çıxmağa cəsarətləri çatmasın.

- Qərb Cənubi Qafqazla bağlı planlarını reallaşdıra bilərmi? Rusiya, Türkiyə və təbi ki, regionun açar dövləti olan Azərbaycan buna imkan verərmi?

- Çətin və çox çətin. Bunu bacarmaq üçün əvvəlcə Rusiya-Ukrayna cəbhəsində Rusiyanı məğlub etməyi bacarmaq lazımdır. Ancaq üçüncü ildir ki, minlərlə sanksiyalar tətbiq etsələr də Qərbin 60 ölkəni özündə birləşdirən anti-Rusiya koalisiyası Rusiyanı durdura bilmir – Rusiya iqtisadiyyatı və xüsusilə də onun hərbi sənayesi sürətlə inkişaf edir, Rusiya ordusu Ukrayna cəbhəsində irəliləyir. Qərb bu durumda Cənubi Qafqaza girməklə eyni zamanda Rusiyanın hərbi gücünü Ukraynadan yayındırmaq üçün ona Ermənistan kimi bir alətdən istifadə edərək elə Ermənistan üzərindən ikinci cəbhə açmağa çalışır. Bu addımla Qərb həm də Rusiyanı bu regiondan çıxartmaq istəyir.

Qərb Ukraynada Rusiya ilə bacarmadı. Rusiya Qərbin düşündüyündən daha bərk qoz çıxdı. Onu sındırmaq mümkün olmadı. İndi Qərb Paşinyanın əli ilə Rusiyaya qarşı ikinci bir cəbhə açmaqla onu zəiflətmək istəyir.  Ancaq gerçək olan budur ki, Rusiya heç bir halda Ermənistanı Qərbə verməyəcək və Qərbin də Cənubi Qafqaza girməsinə imkan yaratmayacaqdır. Bu məsələdə İranın öz maraqları naminə loyallıq etməsi də heç nəyi dəyişməyəcək. Qərbin Rusiyanın, Türkiyənin və Türkiyə ilə yanaşı dayanan Azərbaycanın maraqlarını çeynəyərək bölgəyə girmək istəyi Üçüncü Dünya Müharibəsi təhlükəsi yaradar. Və bu müharibədə, ilk növbədə, Ermənistan adlı bir ərazi qalmaz...

-Müsahibə üçün təşəkkür edirik.

Tural Səfərov