Close

12:20
27 İyul 2024

"Tar sadəcə muğam ifa etmək üçün deyil" - Humay Qədimova ilə MÜSAHİBƏ - VİDEO

Tanınmış tar ifaçısı, pedaqoq, gözəl ifaları ilə dinləyicilər tərəfindən maraqla qarşılanan tarzən Humay Qədimovanın TNS-ə müsahibəsi.

- Humay xanım, Novruz bayramını qeyd etdiyimiz bu günlərdə əhvalınız necədir, bayram ab-havasına köklənə bilmisinizmi?

- Çox yaxşı əhval-ruhiyyədəyəm. Baharın gəlişi özü ilə bərabər xoş ab-hava gətirir. Əlbəttə ki, belə günlərdə bizim də əhvalmız yüksək olur. Yurdumuza bahar gəlib. Bu, özünü torpağın oyanışı, ətri ilə də göstərir. Novruz bayramını çox sevirəm. Ona görə ki, Azərbaycanın özünəməxsus dəyərlərini əks etdirən, əsl milli bayramımızdır. Səmənisi, torba atmaq adəti, evdə bişirilən ləzzətli yeməkləri, şirniyyatları, bir sözlə bütün incəlikləri özündə əks etdirən bayramdır.

- Bayramı necə qeyd edirsiniz?

- Bayramda hamı kimi evdə qeyd edirəm. Plov, bayram şirniyyatları gücümüz çatan qədər olacaq.

- Milli musiqi alətimiz olan tarda ifa edirsiniz. Tarı adətən oğlanlar seçir. Necə oldu ki, məhz tarı seçdiniz?

- Məni uşaqlıqda fortepiano sinfinə qoymuşdular. 7 il təhsil almışam. Qardaşım isə tar sinfində idi. O, evdə məşq etdiyi zamanlar tarın səsinə vuruldum, sehrinə düşdüm. Gizlin şəkildə tar çalmağı öyrənməyə başladm. Valideynlərim, müəllim qardaşıma tar çalmağı öyrətdikcə mən də onlara baxırdım, öyrənirdim. Fortepiona sinfində oxuduğum üçün mənə çətin gəlmədi. Evdə də tar çalmağıma o qədər razı deyildilər. Qızlar üçün fortepianonun daha yaxşı olduğunu deyirdilər. Anam həkim olmağımı istəyirdi. Qismət belə gətirdi ki, mən tarı seçdim və ona bağlandım. Seçdiyim yolla getdim, peşiman deyiləm. Çünki bu niyyətim məni buralara qədər gətirib çıxara bildi. 

- Xarici ölkələrə səfərlərə gediriniz. Azərbaycan musiqisi, sizin ifanız necə qarşılanır?

- Azərbaycandan kənarda, xarici ölkələrdə ifalarımız çox gözəl qarşılanır. Hətta xaricdə bizə Azərbaycanda olduğundan daha çox diqqət, hörmət, dəyər verilir. Bəzən olur ki, burada hansısa səbəbdən həvəsdən düşdüyümüz vaxtlar olub. Həmin vaxtlar getdiyimiz xarici səfərlərdə o qədər diqqət və dəyər görmüşəm ki, Azərbaycanda lazım olmasam da, düşünmüşəm ki, burada lazımam və həvəsdən düşməməliyəm. Xaricdə Azərbaycan musiqisinə həddən artıq dəyər və hörmət var.  

- Adətən tarda ancaq milli musiqimizin, muğamların ifasını eşitmişik. Tarla bir az fərqli, sintez olunmuş musiqlər ifa edirsiniz. Bu ideya necə ortaya çıxdı?

- Hər zaman axtarışda olan, yenilkçi ifaçı olmağa çalışıram. Tarda fərqli mahnılar ifa edirəm. Axtardığım və ortaya çıxan yeni ideyaların mənə uğur gətirdiyini düşünürəm.

h2

- Muğam, tar, xalq mahnılarına bir az fərqli yanaşma olanda birmənalı qarşılanmır? İfalarınıza münasibət necədir?

- Bununla bağlı mənə çoxlu suallar verirlər, hətta sosial şəbəkələrdə müəyyən rəylər də yazırlar. Düşünürəm ki, yaradıcılığımla yaxından tanış olmayan insanlar bu cür fikirlər deyə bilirlər. Çünki Azərbaycan bəstəkarlarının mahnılarından ibarət klassik musiqiləri çox ifa etmişəm. Şəxsi YouTube kanalımda belə ifalarım çoxdur. Muğamlarla bağlı klassik, yəni tədris olunan formada 5 muğam yazmışam və hələ də yazmaqdayam. Bütün klassik muğamlarımızın nümunələrini belə formada yazıb arxivləşdirmək fikrim var. Bəstəkar Tural Məmmədli ilə birlikdə işləyirik, 50 dəqiqəlik klassik bəstəkar musiqlərindən ibarət ifalarım var. Əgər tamaşaçı bunlardan daha çox xarici musiqlərlə sintez olunmuş ifalarımı bəyənirsə, reytinqini qaldırır və sonra da bunun yaxşı səslənmədiyini deyirsə, o zaman problem həmin dinləyicidədir. Çünki mən bu günə ancaq sintezlərlə gəlməmişəm. “Muğam üçlüyü”,  xalq yaradıcılığı, bəstəkar mahnıları ilə səhnəyə gəlmişəm, bu gün də onları edirəm. Sadəcə insanlar dinləmək istəmirlər. YouTube-da baxsanız, o qədər əziyyət çəkdiyimiz, uzun vaxt sərf etdiyimiz klassik Azərbaycan bəstəkarlarından ibarət əsərlərin dinləmə sayı çox deyil. Reallıq budur. Yəni, mən hər bir janra müraciət edirəm və seçimi tamaşaçının öhdəsinə buraxıram.  

- Pedaqoq kimi də fəaliyyətiniz var. Tələbələrinizə də yeni ifa tərzlərini öyrədirsinizmi?

- Pedaqoq kimi fəaliyyət göstərirəm. Amma tələbələr hələ yeniyetmə yaşdadırlar, öyrənmə mərhələsindədirlər. Yeni, xüsusi üslubla bağlı ya konservatoriyada, ya İncənət Universitetində kimsə müraciət edərsə, o zaman öyrədirəm. Bu, əsla qısqanclıq deyil. Necə ki, uşaqlar dərsə başlayanda ilk növbədə əlifbanı bilməlidirsə, musiqi də elədir. Kollecə qəbul olan uşaqlar hələ muğamları bilmirlər, mizrab quruluşunu, ümumiyyətlə başqa məqamları bilmədikləri halda, onlara hansısa yeni üslubda dərs keçmək doğru olmaz.

- Son günlər yeni ifalarınız yayılıb. Deyəsən, çox maraqla qarşılanıb?

- Bəli, “Dance Monkey” hitini ifa etmişəm, başqa hind musiqisi ifam var ki, çox maraqla qarşılanıb. Belə qarşılanacağına şübhə etmirdim. Hamının çox xoşuna gəlb. Hətta çoxlu mesaj yazırlar, ifaların bütöv versiyasını necə dinləyə biləcəklərini soruşurlar. Buna çox şad oluram. Bu gün sosial platformaların tüğyan etdiyi dövrdə gənclər istəmədiyimiz istiqamətlərə yönələ bilirlər. Şəxsən mənim təhsil aldığım dövrdə yanaşma başqa idi. Telefon, internet yox idi. Bizim fikrimiz ancaq öyrənmək, yaradıcılıqla məşğul olmaq idi. İndi gənclərin əyləncə metodları daha çoxdur. Bu gün gəncləri tar alətinə gətirmək asan deyil. Pedaqoji fəaliyyətimlə bağlı da görürəm ki, indi gənclər ancaq bloger, müğənni, əziyyət çəkmədən populyar olmaq istəyir.

Ona görə düşünürəm ki, belə bir zamanda tarda bəzən gənclərin hitinə çevrilən, sevilən mahnılar da ifa etmək lazımdır. Həmin xarici hitləri tara gətiririk ki, daha çox maraq yaransın. Gənclər fikirləşməsinlər ki, tarda ancaq muğam ifa etmək olar. Tar musiqi alətidir və ürəyinə nə yatırsa, onu ifa edə bilərsən. Bu, qadağan deyil. Yəni, düşünürəm ki, motivasiya olsun deyə tarı sevdirməyin bir yolu da budur.   

- Bir az da gələcək planlarınızla bağlı məlumat verərdiniz. Sevənləriniz daha hansı yenilikləri görə biləcək sizdən?

- Qarşıda yeniliklər olacaq. Çox maraqlı layhilələrimiz var. Üzərində çalışıram.

Hind musiqisi və digər nümunələr var ki, onları da bayram günlərində təqdim edəcəyik. Qismət olarsa, bunlar hamısı olacaq. Allahdan istəyim odur ki, cansağlığı versin. Hər birimizə, özümə də ilk növbədə ən gözəl nemət olan cansağlığı arzulayıram. Cansağlığ olduqdan sonra hər şey yolunu tapacaq.

Xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm.

Diqqət göstərdiyiniz üçün Sizə təşəkkür edirəm.

- Sağ olun. Müsahibəyə görə təşəkkür edirik.

Aygün