Close

Şəmsəddin Kuzəçi: “Fələstin ərəblərin problemidir, Türk dövlətləri Kərkükə sahib çıxmalıdır” - MÜSAHİBƏ

“Kərkük” qəzetinin baş redaktoru, Ankaradakı Kərkük Kültür Dərnəyinin başqanı Şəmsəddin Kuzəçinin TNS-ə müsahibəsi.

- Şəmsəddin bəy, Vətəninizə xoş gəlmisiniz. Bildiyimiz qədərilə bu, Azərbaycana 25-ci səfərinizdir. Bu səfərinizin məqsədi nədir?

- Hamınızı xoş gördük. Mən 2000-ci ildən indiyədək Azərbaycana mütəmadi gəlirəm. Budəfəki səfərimizin əsas məqsədi Kərkükün çox məşhur alimi Ata Tərzibaşının anadan olmasının 100 illik yubileyi ilə bağlı Azərbaycanda keçiriləcək tədbirlərə hazırlıqdır. Ata Terzibaşı 2016-cı ildə 92 yaşında dünyasını dəyişib. Biz yubiley münasibətilə AMEA, AMEA-nın Folklor və Ədəbiyyat institutları ilə birgə tədbirlər, İraq türkmənlərinin ədəbiyyatına həsr olunmuş konfrans keçirəcəyik. Mən Ata Tərzibaşının həyatını yazıram, bir kitab hazırlamışam. May ayında kitabın burada təqdimatı olacaq. AMEA prezidenti İsa Həbibbəyli, Folklor İnstitutunun rəhbəri Muxtar İmanovla görüşdük, tədbirlərlə bağlı müzakirələr apardıq. 

İraq türkmənləri ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələr 1959-cu ildə başlayıb. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə ilk dəfə Kərkükə gediblər. Bu səfərdən sonra Rəsul Rza “Uzaq ellərin yaxın töhfələri” başlığı ilə 6 yazı yazıb. Bu silsilə yazılar 1968-ci ildə Bağdadda nəşr olunan “Qardaşlıq” dərgisində də çap edilib. 60 il sonra bu yazıları toplayıb, Türkiyə türkçəsinə çevirdik, kitab halına saldıq. Kitabın təqdimatını ötən ilin sonlarında Bakıya gələndə Azərbaycan Yazıçılar Birliyində keçirdik. Bu kitaba görə Azərbaycan Yazıçılar Birliyinin “Rəsul Rza mükafatı”na layiq görüldüm. Amma qeyd edim ki, mükafatı hələ almamışam, təqdimat mərasimi olmayıb.

m5

- Azərbaycanla İraq türkmənləri arasında ədəbi-mədəni əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycanla İraq türkmənləri arasında ədəbi-mədəni əlaqələr davam edir. Əlaqələrin davam və inkişaf etdirilməsi üçün çox insan “əlini daşın altına qoyub”. Qəzənfər Paşayev, Ayaz Vəfalı, Anar müəllim, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Rəsul Rza... Bu siyahını uzada bilərik.

2000-ci ildən sonra Əkbər Qoşalı, Elçin İsgəndərzadə, Güllü Yoloğlu, Səlim Babullaoğlu və başqalarını misal göstərmək olar. Əsas odur ki, bu əlaqələr bizdən sonra da davam etsin.

İraqda da bu işə könül vermiş çox adam var. Kitab, məqalə, şeir yazır, araşdırmalar aparırlar. Məqsədimiz İraq türkmənləri ilə Azərbaycan arasında bu əlaqələrin inkişaf etdirilməsidir.

Məlumdur ki, bu əlaqələr asan qurulmayıb. Professor Qəzənfər Paşayev “6 il Fərat sahillərində” kitabını yazmaq üçün 6 il İraqda yaşayıb. Türkmən kəndlərini, qəsəbələrini gəzib, dil, folklor, ədəbiyyatla bağlı araşdırmalar aparıb. Həmin kitab burada çap etdirilib, Azərbaycan xalqı tərəfindən böyük rəğbət görüb. İlk dəfə 30 min, iki il sonra 130 min tirajla çap edilib, həm də sovet dönəmində, kiril əlifbası ilə. Bir kitabın sovet dönəmində 130 min tirajla çap edilməsi o deməkdir ki, millətin marağına səbəb olub. Həmin kitab daha sonra ərəb dilinə tərcümə olunub, Bağdadda çap edilib. Kitaba Əbdüllətif Bəndəroğlu ön söz yazıb. 2015-ci ildə Bağdadda yenidən çap edilib, daha sonra Türkiyə türkçəsinə çevrilib.

- Siz nə zamandan bu proseslərə qoşulmusunuz?

- Mən ilk dəfə 2000-ci ildə Bakıya gəldim. Dediyim kimi, bu, mənim 25-ci səfərimdir. Bu proseslərə Əkbər Qoşalının Dünya Türk Yazarları Birliyi və Dünya Türk Gəncləri Birliyi ilə başladıq. O vaxt hər il Türk Dünyası Gəncləri  günləri və qurultayı təşkil olunurdu. Zuğulbada keçirilən ilk qurultayda İraq türkmənlərini mən təmsil edirdim. Mənim rəhbərliyimdə bir heyət gəlmişdi. Bu, Azərbaycana ilk ziyarətimiz idi. Fəaliyyətimizi Kərkükdə, Ərbildə, İraqın müxtəlif bölgələrində, Türkiyədə davam etdirdik. 

Ötən il vəfat edən Qənirə xanım Paşayevanın İraq türkmənlərinə, Türk dünyasına xidmətlərini xatırlamasaq, olmaz. Qənirə xanım İraq türkmənləri ilə bağlı Bakıda, Kərkükdə, Ərbildə, Ankarada, İstanbulda bir neçə dəfə böyük tədbirlər keçirib. Qənirə xanım bir neçə kitabımızı da çap etdirmişdi. Mədəniyyət Naziriliyinin əvəzinə bu işləri o görürdü. 

m2

- Müsahibədən əvvəl qısa söhbətimizdə Rəsul Rzanın Kərkük səfərindən danışdınız. O kitab niyə bu qədər qiymətli idi?

- Rəsul Rza Kərkükdə Ata Tərzibaşı ilə görüşüb, onun bir kitabını götürüb. Həmin kitabı ürəyinin başında saxlayırmış. Kitab Kərkük bayatılarından ibarət imiş. O vaxtlar Bakıdan Kərkükə birbaşa təyyarə reysi olmayıb. Burdan Moskvaya, oradan İraqa - Kərkükə uçublar. Qayıdanda onları Moskvada Nazim Hikmət qarşılayıb. Onlar dost idilər. Nazim Hikmət baxmaq üçün kitabı Rəsul Rzadan istəyib, amma o, verməyib. Uzaqdan kitabı göstərib, deyib ki, bu, Kərkük bayatılarıdır. Bu, bir xəzinədir, orada yaşayan azərbaycanlıların mədəniyyəti, ədəbiyyatıdır.

Döndükdən sonra o kitabı Qəzənfər Paşayev və Rəsul Rza çap etdiriblər. Kitabın adı “Kərkük bayatıları” olub. Rəzul Rza Kərkük səfərindən yazdığı 6 məqaləni ön söz kimi kitaba salıb.

- Kərkükdə yaşayan azərbaycanlıların tarixi hansı dövrə gedib çıxır? Bu barədə araşdırma aparmısınızmı?

- Məlumat üçün bildirim ki, İraqda türkmənlərin varlığı 674-cü ildən (hicri-qəməri təqvimi ilə 54-cü il) başlayır. O vaxt Orta Asiya və Azərbaycandan 2000 döyüşçü ailələri ilə birlikdə Bəsrəyə köçüb. Onlar İraqa sadəcə silahlarını yox, dillərini, ədəbiyyatlarını, adət-ənənələrini də aparıblar. 2000 insan bu gün İraqda yaşayan türkmənlərin çəyirdəyidir. Türkmənlərin İraqda yaşadığı müddətdə 6 dövlət qurulub - Səlcuqlar, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, ən son Osmanlı. Osmanlı 400 il İraqı idarə edib. O vaxt İraq dövləti yox idi. Üç vilayət vardı – quzeydə Mosul, ortada Bağdad, güneydə Bəsrə vilayətləri. Kərkük də Mosul vilayətinin bir sancağıdır. Amma Kərkük İraqın ən zəngin şəhəridir, yeraltı qaynaqları çoxdur, xüsusilə, yüksək keyfiyyətli nefti.

Orada yaşayanların 90 faizindən çoxu türkməndir. Bunların hamısı Osmanlının salnamələrində göstərilib. Salnamələrda kim haradan gəlib, harada yaşayır, bütün detallar var. Orda göstərilir ki, Kərkük əhalisinin 90 faizi türkmən, 2-3 faizi ərəb, 3 faizi kürd, qalanları da xristianlardır. Hətta aralarında yəhudilər də var.

1918-ci ildə I Dünya müharibəsində ingilislər Osmanlını İraqdan, Kərkükdən çıxardıqdan sonra Osmanlı 3 vilayətə hakim oldu. 1918-1921-ci illlərə “İngilis manqası” dönəmi deyilir. 1921-ci ildə ingilislər 3 vilayəti birləşdirib, adını İraq qoydular. O vaxtlar BMT-nin adı Cəmiyyəti-Əkvam idi. 21-ci ildə  İraqda kraliyyət dövləti quruldu. İngilis tərəfdarı bir ərəbi kral qoydular. Amma vilayətlərin adları qaldı. Dövlət kimi qəbul olunması üçün 1932-ci ildə BMT-yə üzv etdilər, paytaxtı da Bağdad oldu. Bununla İraq rəsmən dövlət statusu aldı.

İngilislər İraqı dövlət edib, Osmanlıdan ayırdılar. O zamanlar hər şey türkcə idi – qəzetlər, kitablar, məktəblər. 1946-cı ilə qədər ingilislər İraqı dəyişdilər, türkcə məktəblər, qəzetlər, jurnallar bağlandı. Amma biz dilimizi, mənədiyyətimizi unutmadıq.

- Azərbaycanla İraq türkmənləri arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün nə etmək lazımdır?

- Bunun üçün bəzi tədbirlər həyata keçirilməlidir. Əvvəlcə təhsildən başlamaq lazımdır. İraq türkmənləri Azərbaycan xalqının bir parçasıdır. Bəzən bizə İraq azərbaycanlıları da deyirsiniz. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə bir müsahibəsində bildirmişdi ki, Quzey və Güney Azərbaycan, İraq türkmənləri bir bütünün parçalarıdır. Bütöv Azərbaycan Quzey və Güney Azərbaycan, İraq türkmənlərindən ibarətdir. 

Əvvəllər Böyük Azərbaycan vardı. Biz də İraq azərbaycanlılarıyıq.

Ümummilli Liderin firiklərini əsas götürərək, əvvəlcə təhsildən başlamalıyıq. Məktəb dərsliklərində, tarix kitablarında İraq türkmənlərinin kim olduğu yazılmalıdır. Uşaqlara bunu öyrətmək lazımdır. Biz də İraqda türkcə məktəblərdə İraq türkmənlərinin kökünün haradan gəldiyini öyrətməliyik.

Tarixçilər yazır ki, İraq türkmənləri Orta Asiyadan, Azərbaycandan Bəsrəyə köçüblər. Özləri ilə dinlərini, dillərini, mədəniyyətlərini, ədəbiyyatlarını da gətiriblər. Bunun bir ispatı da Füzulidir. Füzuli Türk dünyasının ortaq şairi olsa da, şeirlərini Bütöv Azərbaycanın parçası olan İraq türkmənlərinin dilində, farsca, ərəbcə yazıb. Füzuli bəlkə də İraqdan heç çıxmayıb. Bəlkə atası, babası Azərbaycandan İraqa köçüb. O, Kərkükdə böyüyüb. Kərkük qalasında Füzulinin məscidi, atasının evi qalır. Ata Tərzibaşının Füzuli haqqında yazdığı 19 məqalədən ən önəmlisi Füzulinin doğulduğu yerlə bağlıdır.

Türkmənlərin tanınmış professoru Çoban Xıdır Uluxan yeni çap etdirdiyi kitabında böyük şair Füzulinin şeirlərində Kərkük şivəsini araşdırıb. O, dilçidir, Füzulinin şeirlərini təhlil edir. Kərkük ləhcəsində olan bütün kəlmələri toplayıb. Baxırıq ki, Füzulinin istifadə etdiyi bu kəlmələr nə Türkiyədə, nə də başqa türk toplumunda istifadə olunur. Sadəcə Kərkük ləhcəsində var. Bu da o deməkdir ki, Füzulinin dili Kərkükdür.

İraq türkmənlərinin yazılı ədəbiyyatı Nəsimi ilə başlayır. Amma Nəsimiyə qədər kim məqalə, şeir, bayatı yazıb? Bilmirik. Onlar harda yaşayıblar, adları nədir? Heç kim bilmir. Çünki şifahi ədəbiyyatdır. Qəzənfər Paşayevə görə, Nəsimidən öncə də türkmən şairlər olub. Soruşduqda dedi ki, Azərbaycan şairləridir. 

O zamanlar sərhədlər yox idi, hamımız böyük Azərbaycanın bir hissəsi idik. Bakıda yaşayan şair kərküklü sayılırdı, Kərkükdə yaşayan da azərbaycanlı. Bunları sübuta yetirmək lazımdır. Təbii ki, bunu da alimlər, tədqiqatçılar etməlidir.

Əsas odur ki, orta məkləblərdən, tədrisdən başlayaq. Nəsimini, Füzulini, Kərkük şairlərini, ədəbiyyatını, mədəniyyətini məktəblərdə öyrətməliyik.

Azərbaycanla Kərkükün danışıq dili eynidir. Amma bizim yazı dilimiz İstanbul türkcəsidir. Çünki son 400 il bizi Osmanlı idarə edib. Bu da 4 nəsil deməkdir. Yazı dilimiz dəyişib, amma danışıq dilimiz olduğu kimi qalıb. Hətta Ərbillə Naxçıvanın ləhcəsi tam eynidir. Bunları uşaqlara öyrətmək lazımdır. Uşaqlıqdan bilməlidirlər ki, dünyada üç bölgədə azərbaycanlılar yaşayır – Güneydə, Quzeydə, Kərkükdə.

İbtidai, orta, ali təhsil səviyəsində bunlar tədris olunmalıdır. Azərbaycan ədəbiyyatı ilə Kərkük ədəbiyyatı paralel öyrədilməlidir.

Bizim nağıllarımız, bayatılarımız Azərbaycanınkı ilə eynidir. Azərbaycanda bayatı deyilir, Kərkükdə xoryat, Türkiyədə mani.  

Təhsildən sonra mədəniyyətə keçmək lazımdır.

Yeni nəsillərə bir-birimizi bu yolla tanıda bilərik. Bir az yaşlı nəsil bilir, amma gənclər bilmir. Çünki orta məktəbdə keçməyiblər. Ortaq dəyərlərimiz musiqi, ədəbiyyat, dil, tarix, coğrafiya dərslərində öyrədilməlidir.

Azərbaycandakı ali məktəblərdə tədbirlər keçirilir, biz də iştirak edirik. Tələbələr Kərkük mahnıları, bayatıları ifa edirlər. Bunlar ilk addımdır, genişləndirmək lazımdır. Biz ali məktəbdə tələbədən Kərkük haqqında nə bildiyini soruşanda, cavab verə bilmir.

m3

Konfranslar, seminarlar keçirilməli, Kərkük tanıdılmalıdır. Mətbuatda ciddi təbliğat aparılmalıdır. Azərbaycanla Kərkükün media orqanları əməkdaşlıq etməli, hər ikisində tanıdıcı, məlumatlandırıcı materiallara geniş yer ayrılmalıdır. Sənədli filmlər çəkilməlidir. Məsələn, bizim türkməncə kanallarımızda Azərbaycan şairlərini, yazıçılarını tanıtmaq lazımdır. 70-ci illərdə İraqda bir kitab çap olunub, ancaq Azərbaycanın köhnə şairləri var – Süleyman Rüstəm, Nəbi Xəzri. Amma ondan sonrakılar haqqında Kərkükdə məlumat yoxdur. Heç kim bilmir. Çünki əlaqə olmayıb. Səddam dönəmi artıq bitib, qadağalar qalxıb. Fəaliyyətləri genişləndirmək lazımdır.

Artıq yollar açılıb, Kərkükdə təyyarəyə minirsən, birbaşa Bakıya enirsən. Ya da Bakıdan birbaşa Kərkükə uçursan. Amma bunun da bir çatışmazlığı var: viza. Viza almaq üçün də 5-6 sənəd tələb olunur. Müraciət etdikdən 15 gün keçir, bəzən icazə verilir, bəzən yox. Bu qədər bürokratiyaya ehtiyac yoxdur. Əvvəllər Türkiyə ilə necə idi? Gəlirdik Bakıya, hava limanında anketi doldururduq, rüsumu ödəyirdik, 5 dəqiqəyə viza alırdıq. Bunu İraq üçün də tətbiq etmək lazımdır.

Bütün dünyada həyat getdikcə asanlaşır, biz də asanlaşdırmalıyıq. Viza hava limanında verilsə, hər gün təyyarələr dolu gedər-gələr. Amma belə davam etsə, həftədə bir dəfə də dolmaz. Gəlib-gedən təkcə tələbə, turist deyil ki. İş adamları gəlir-gedir. Sərmayə qoymaq üçün imkanları araşdırır. Həkimlər İraqa gedir. İndi Azərbaycandan həkimləri oraya aparırlar, ayda 1-2 dəfə. Viza olmasa, daha çox gedərlər. Elm adamları gedər, İraqın ali məktəblərində dərs keçər. Azərbaycan dilini, mədəniyyətini öyrədərlər. Belə olan halda xalqlar da bir-biri ilə qaynaşar, yaxınlaşar. Mədəni əlaqələr insani əlaqələri inkişaf etdirər.

Dövlətlərarası müqavilələr imzalanar. Deyək ki, İraqda işləyən Azərbaycan vətəndaşının stajı təqaüd zamanı nəzərə alınacaq və ya əksinə. Nəticədə iki dövlət arasında bütün sahələrdə əlaqələr qurular və inkişaf edər.

Azərbaycanın Bağdaddakı səfirliyi ciddi tədbirlər keçirməlidir. Məsələn, Füzulinin 530-cu ildönümüdür. Burda tədbirlər keçirilir, qeyd olunur. Füzulinin Azərbaycanda heykəli var, amma İraqda yoxdur. Məsələn, Kərbəlada onun bir heykəlini qoymaq olar. Bağdadda, Kərbəlada Füzuli Mədəniyyət Mərkəzi açıla bilər. Kərkük qalasında Füzulinin məscidini təmir etmək olar. Buna kimsə etiraz etməz. Orada yaşayan ərəb də, kürd də, xristian da Azərbaycan dövlətini sevir. İraqla Azərbaycan arasında heç bir problem yoxdur. Türkiyə ilə problem əvvəllər PKK terror təşkilatına görə vardı. Türk dünyası bir vücuddursa, Türkiyə ilə Azərbaycan onun iki gözü, iki qulağı, iki qoludur. Türk dünyasının ürəyi də Türkiyə-Azərbaycandır. İraq türkmənlərini, Şimali Kipri, Doğu Türküstanı daim diqqətdə saxlamaq lazımdır. İraq türkmənləri Azərbaybaycanın bir qoludur, hissəsidir. Bunu Ümummilli Lider Heydər Əliyev deyib.

Təklif edirəm ki, burada bir parkın adını Kərkük qoyaq, birini Təbriz, digərini Şimali Kipr. Mədəni əlaqələrin inkişaf etdirilməsi üçün Kərkük mədəniyyət mərkəzi açıla, kitabxana yaradıla bilər.

Bir nümunə deyim: ötən il Kərkükdə qiyamət qopdu, bütün xarici kanallar canlı yayıma çıxdı, AzTV-nin dünyadan xəbəri yoxdur. Ay Rövşən müəllim, ("Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov nəzərdə tutulur -red) bir müxbir göndər, ya da Ankaradakı müxbirin orada yaşayan minlərlə türkmənlə danışsın, Kərkükdə nə baş verdiyini öyrənsin, Azərbaycan xalqına çatdırsın. Amma yox...

-  Türkiyənin Kərkükə böyük dəstək verdiyini bilirik. İraq türkmənləri, Kərkük Azərbaycandan nə gözləyir?

- Azərbaycan da yavaş-yavaş bəzi fəaliyyətlərə başlayıb. Amma istəyirik ki, yavaş olmasın. Çünki biz 100 ildir, gözləyirik. 1918-ci ildə Osmanlı çəkiləndən sonra biz taleyin ümidinə buraxılmışıq. Daha səbrimiz qalmayıb. Kərkük hazırda İraqın ürəyidir, şah damarıdır. Kərkük başqa bir tərəfə bağlanarsa, ondan sonra Türkiyə də, Azərbaycan da heç nə edə bilməz. Yəni quş əllərindən uçub gedər. Bunun olmaması üçün yuvadakı – Kərkükdəki insanlara sahib çıxmaq lazımdır.

Kərkükdə Azərbaycan böyük bir xəstəxana tikə, 20 ambulans göndərə bilər. Maşınların üzərində Azərbaycan bayrağı, “Azərbaycan dövlətinin hədiyyəsidir” yazısı ola bilər. Buna heç kim “yox” deməz. Ordan buraya tələbə gətirib, oxutmaq olar. Onu da deyim ki, bunları tək Azərbaycandan yox, digər türk dövlətlərindən də gözləyirik. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan da addımlar atmalıdır.

Məlumdur ki, bölgədə gedən savaşlar bütün dünyada olduğu kimi, bizə də təsirsiz ötüşmür. Amma bütün diqqət Qəzzaya, Fələstinə yönəlməməlidir. Doğu Türküstan Çində əzilir, inləyir, Rusiya Krımı işğal edib. Qəzzaya, Fəlsətinə ərəb dövlətləri sahib çıxsın. Ərəb birliyi hardadır? Türk dünyası bir-birinə sahib çıxmalıdır.

m6

Əvvəlcə dil birliyimiz, ortaq əlifbamız olmalıdır. Qırğızıstanda bir şairi tanımırıq. Çünki əlifbası başqadır. Qırğız türkcə danışır, başqa əlifbada yazır.

“Türk dünyası bizim ailəmizdir” fikrini əməldə görə bilmək üçün vətəndaşdan tutmuş, nazirlərə qədər hamı çalışmalıdır. Sənədli filmlər hazırlanmalıdır. AzTV-də indiyədək İraq türkmənləri haqqında bir sənədli filmə rast gəlmisiniz?. Yox! Arada bir proqram verirlər, hansısa müxbir gedir Kərbəlada, İraqda qalır, 1-2 sujet verir. Bununla iş olmaz.

Azərbaycan dövləti son vaxtlar ciddi addımlar atır, amma biz artıq çəkdiklərimizin bitməsini, əziyyətimizin bəhrəsini görmək istəyirik.

- Müsahibə üçün təşəkkür edirik.

Tural Səfərov

Gülşən Hacıyeva