Close

Macarıstanda qəbul imtahanında Azərbaycanın Zəfər Günü ilə bağlı sual salınıb - MÜSAHİBƏ

TNS-in “Xaricdə tələbəlik” rubrikasının növbəti qonağı Macarıstanda təhsil alan həmyerlimiz Fuad Rəhimlidir.

- Fuad, hazırda Macarıstanda hansı ali məktəbdə təhsil alırsınız və tələbə adını necə qazandınız?

- Hazırda Budapeşt Texologiya və İqtisadiyyat Universitetində "Mexanika mühəndisliyinin modelləşdirilməsi (mechanical engineering modelling)" ixtisası üzrə magistr təhsili alıram.

Macarıstanda ali təhsil almaq üçün müxtəlif təhsil proqramları mövcuddur. Mənim faydalandığım təqaüd proqramı isə Budapeşt Texologiya və İqtisadiyyat Universiteti və hökumətlərarası “Stipendium Hungaricum” adlanır. Universitet ilə təqaüdün müraciət prosesi və bitmə tarixi eynidir. Yəni, universitetə müraciət edəndə təqaüdə də müraciət etmiş olursunuz. Müraciət üçün lazım olan standard sənədlərdən (IELTS, motivasiya və tövsiyə məktubları, universitetdən arayış, transcript və.s) əlavə burada hepatit, AIDS, X-Ray kimi tibbi proseslərdən keçməyi və onların nəticəsini sistemə yükləməyinizi tələb edirlər. Müraciət prosesini tamamladıqdan sonra sizə 1 ay ərzində növbəti mərhələ olan müsahibə üçün cavab gəlir. Məsələn, mənə 21 gün sonra cavab gəlmişdi.

- Adətən xarici ölkələrdə ali məktəblərə qəbul zamanı ən həyəcanlı məqam müsahibələrdə olur. Müsahibə zamanı qarşılaşdığınız maraqlı məqamlar oldumu?

 - Haqlısınız. Aydın məsələdir ki, müsahibə prosesində suallar müxtəlif olur. Macarıstanda öncə təhsil aldığın ixtisas üzrə deyil, müraciət etdiyin ixtisas üzrə sual verilir.

Mənim marağımı çəkən məqamlardan biri o oldu ki, burada tələbələrə daha çox vətənpərvəliklə bağlı suallar verilir. Mənə Atatürkün anım günü, Bayraq Günü, Zəfər Günü ilə bağlı suallar vermişdilər. Amma tam fərqli suallar da ola bilər. Belə sualların verilməsində məqsəd odur ki, Macarıstanda təhsil almağa iddialı olan şəxs öz ölkəsi və tarixi barədə nə dərəcədə savadlıdır. Bir sözlə, müsahibə zamanı tələbə adını qazanmaq istəyənlərin ümumi şəkildə intellektual səviyyəsi əsas hədəflərdən biridir.

- Nə üçün məhz Macarıstanda təhsil almağa qərar verdiniz?

m3

- Mən hələ orta məktəb illərindən Avropada təhsil almaq arzusunda idim. Ümumiyyətlə, Avropadakı bir çox ölkəni həm təhsil, həm də daha tez uyğunlaşma baxımından araşdırdım. Nəhayət, bir çox üstünlüklərinə görə Macarıstanda təhsil almağa qərar verdim. Əvvəla onu deyim ki, macarların türk kökənli olması faktı seçimimdə böyük rol oynadı. Digər Avropa ölkələrinə nisbətən qiymətlərin daha münasib olması da əsas səbəblərdən biridir. Həm də Macarıstan Azərbaycanı hər zaman dəstəkləyən və bizə dost dövlət olduğu üçün mən belə seçim etdim. Seçimimdən də məmnunam.

- Hər bir ölkədə tələbələr təhsillə bərabər həm də ölkəsinin təbliğatçısı kimi ictimai fəaliyyətlə məşğul olurlar. Macarıstanda təhsil alan azərbaycanlı tələbə kimi, siz də belə fəaliyyətlə məşğul olursunuzmu?

- Bəli, əlbəttə ki, ölkəmi çox sevirəm. Ona görə səfirlik və diaspor təşkilatlarımızın tədbirlərində, ümumiyyətlə Azərbaycanla bağlı bütün aksiyalarda iştirak edirəm. Misal üçün, ötən il 8 noyabrda məzun və tələbələrimizin “Zəfər yürüşü" adlı tədbirimiz baş tutdu.

Macarıstanda Şuşanın qardaş şəhəri adlandırılan Gyöngöş şəhərində Kekeş zirvəsinə (1014m) tələbə və məzunlarımız öz xarici dostları ilə birgə zəfər yürüşü etdi. Əlli nəfərdən çox gəncin iştirakı ilə baş tutan yürüş paytaxtın Qəhrəmanlar Meydanından start götürmüşdü. Yol boyunca bir sıra şüarlar səsləndirdik, zirvəyə çıxaraq, bayrağımızı qaldırdıq. Macarıstandan start götürən marafona digər xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərimiz də qoşuldular və yaşadıqları ölkələrdə bu yürüşü tamamladılar.

m2

- Maraqlıdır, bu yürüşü kim təşkil etmişdi?

- Yürüş Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Macarıstan Məzunlar İctimai Birliyinin, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Azərbaycan Diaspora Gəncləri Platformasının birgə təşkilatçılağı ilə baş tutmuşdu.

- Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Təhsilinizdə və ictimai fəaliyyətinizdə daha çox uğurlar arzu edirəm.

- Mən də öz növbəmdə sizə və saytınıza təşəkkür edirəm. Media olaraq təhsilə olan belə diqqətiniz məni çox sevindirdi.

Bünyamin Bünyadzadə