Close

Xarici işlər naziri: "Bu qurumdan Kipr türklərinə qarşı silah kimi istifadə edilir" - EKSKLÜZİV MÜSAHİBƏ

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlunun TNS-ə müsahibəsi.

- Cənab nazir! Sizi Azərbaycanda görməkdən çox məmnunuq. Əvvəlcə səfərinizin məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

- Təşəkkür edirəm. Təbii ki, Azərbaycanda olmaq bir xoşbəxtlikdir. Xüsusilə də mənim üçün. Çünki Azərbaycana ilk dəfə gəlirəm. İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Bakıya gəldim.  Sabah (10 oktyabr – red.) bu toplantını tarixi Şuşa şəhərində gerçəkləşdirəcəyik. Şuşaya gedəcəyim üçün də çox məmnun və son dərəcə həyəcanlıyam. Şuşanı görməyi səbrsizliklə gözləyirəm.

- Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin inkişafına müsbət mənada hansı təsirləri olacaq?

- Təbii ki, bütün təmaslarımızdan, xüsusilə bir-birimizi eyni ailənin mənsubları kimi görməkdən məmnunam. Həm də təəssüflə bildirirəm ki, Azərbaycana daha öncə gəlməmişəm. Yəni, bu, müəyyən səbəblərdən gecikmiş ziyarətdir. Bildiyiniz kimi, bizim şüarımız - "Tək millət, üç dövlət"dir. Şimali Kipri Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarın Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu səfər təbii və normal qəbul edilməlidir. Gələcəkdə belə səfərlərin daha çox olmasına zərurət var.

- Azərbaycanın 44 günlük Zəfər savaşı, terrorçuları bölgədən tam təmizləmək məqsədilə həyata keçirdiyi əməliyyatlardan sonra iki qardaş ölkə olan Azərbaycan və Şimali Kipr arasında əlaqələr yüksələn xətt üzrə davam edir. Əlaqələrin bugünkü durumundan məmnunsunuzmu?

- Keçmişlə indini müqayisə etsək və heç bir əlaqənin olmadığı zamanları nəzərə alsaq, hazırkı vəziyyəti müsbət qiymətləndirmək olar. Bu, mənim Bakıya səfərim də daxil olmaqla ölkələrimiz arasında əlaqələrin daha yaxşı olacağına işarədir. Hər zaman deyirəm ki, Şimali Kipr Türk dünyasının ayrılmaz bir hissəsidir. Şərqi Aralıqda bizim varlığmız Türk dünyasının haqqı, təhlükəsizliyi, mənfəəti ilə əlaqəlidir. Şimali Kiprin mübarizəsi Türk dünyasının mübarizəsidir. Buna görə də  Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasında getdikcə artan təmasların və əlaqələrin güclənməsi qaçılmazdır. Lakin çox da tələsməməliyik. Çünki "Qaş düzəldərkən, göz çıxarmamaq" lazımdır. Atacağımız hər bir addımda çox diqqətli olmalıyıq. Çalışmalıyıq ki, heç bir tərəf bu əlaqələrdən zərər görməsin.

kktc2

- Artıq rəsmi tədbirlərdə, müzakirələrdə Şimali Kiprin tanınmasının vacibliyi açıq şəkildə dilə gətirilir. Azərbaycan Prezidenti də bəyanatlarında bu məsələ ilə bağlı mövqeyini bildirib. Necə düşünürsünüz, bu gəlişmələr KKTC-nin tanınması yönündə irəliləyişlərə səbəb olacaqmı?

- Bildiyiniz kimi, 60 il Birləşmiş Millətlər Təşkilatında toplumlararası müzakirələr adı altında danışıqlar aparıldı. Bu proses 2017-ci ildə İsveçrənin Kran-Montana şəhərində uğursuzluqla nəticələndi. Cənubi Kipr bir dövlət kimi qəbul ediləcəkdi, qurucu ortaq Şimali Kipr isə onun etnik azlığı olacaqdı. Beləcə, müzakirələr dayandırıldı. Eyni şeyləri təkrarlayaraq, fəqli nəticə olacağını gözləmək boş yerə vaxt itkisidir. Bundan sonra Kipr məsələsinin həlli ilə bağlı müzakirələrin olmasını istəyərlərsə, masada iki suveren, bərabərhüquqlu Şimali Kipr və Cənubi Kipr ola bilər. Bizim siyasətimiz belə olub. İstənilən bir müzakirədə nəticə əldə etmək üçün masaya bərabər hüquqla əyləşmək vacibdir. Əgər müzakirələrdə bərabərlik yoxdursa, heç bir müsbət nəticə ola bilməz. Necə ki, 60 il ərzində bu şəkildə müzakirələr oldu və nəticəsiz qaldı. İndi isə o şəkildə müzakirələrə geri qayıtmaq kimi bir ehtimal yoxdur. Bu mövzu bitmiş sayılır. Ya iki dövlət müzakirə üçün masada əyləşməlidir, ya da masa yoxdur. Bu qədər sadə. Eyni zamanda, masada müzakirə olsa da, ortaq bir dövlət qurmaq kimi hədəf də yoxdur. Biz ortaq dövlətin qurulmasını vaxtilə yoxladıq. 1960-cı ildə Kipr Cümhuriyyəti quruldu. Yalnız 3 il yaşadı. Bu ortaqlığı pozan Cənubi Kipr beynəlxalq aləm tərəfindən mükafatlandırıldı. Bu ortalıqdan silah gücüylə qoparılan biz isə bu günə qədər cəzalandırılırıq. Bundan sonra iki suveren, bərabərhüquqlu dövlət olacaq.

- Kipr türklərinin rifahını, iqtisadi inkişafını və təhlükəsizliyini təmin etmək üçün Azərbaycandan gözləntiləriniz nədir?

- Bu məsələlər qarşılıqlı əlaqələrimizin inkişaf ilə ortaya çıxacaq.  Burada şəxsi təşəbbüslər də önəmlidir.

İllərdir, Azərbaycandan Şimali Kiprə gələn tələblərin sayı kifayət qədər çox olub. Amma getdikcə ölkəmizdəki azərbaycanlı tələbələrin sayı azalmağa başladı. Ona görə də təkrar azərbaycanlı tələbələrin diqqətini çəkmək üçün işlər görməliyik. Bundan başqa, ticarət əlaqələrinin gündəmə gəlməsi vacibdir. Birbaşa uçuşların olmaması iqtisadi əlaqələrin kəsilməsi anlamına gəlməməlidir. Arzu edərdik ki, birbaşa uçuşlar olsun. Amma olmasa belə, Türkiyə vasitəsilə iqtisadi əlaqələrimizi inkişaf etdirə bilərik. Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliklə bağlı problemi yoxdur. Bizim ölkəmizdə Türkiyə ordusunun əsgərləri var. Türk əsgərlərinin verdiyi güvənc içərisində biz rahatlıqla yaşayırıq. Bununla belə, bizim iqtisadi əlaqələrin inkişafına böyük ehtiyacımız var. Eyni zamanda elmi, mədəni, idman və bütün sahələr üzrə əlaqələrin inkişafına zərurət var. Bir tərəfdən də bizim beynəlxalq miqyasda tanınmama kimi bir sıxıntımız mövcuddur. Fəqət tanınmama əslində ciddi problem deyil. Çünki Tayvan da beynəlxalq aləmdə dövlət kimi tanınmır. Amma dünya ölkələri ilə əlaqələri çox geniş və rahatdır. Eyni sözləri Kosovo haqqında da söyləmək olar. Bizim durumumuz isə belədir ki, Kipr türkünü cəzalandıraraq, adanı bir rum adasına çevirməyə cəhd edirlər. Bizi rumların azlığı vəziyyətinə salmaq istəyən bir Qərb dünyası var. Başçılığı da Avropa İttifaqı edir. Avropa İttifaqı Türk cümhuriyyətləri ilə bağlı da rum tərəfdarı kimi davranır. Bu qurumdan Kipr türklərinə qarşı silah kimi istifadə edilir. Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Hətta orada belə Avropa İttifaqı bizim təcrid edilməyimizə çalışır. Beləliklə də ciddi sıxıntılarımız var. Amma bu sıxıntılarımız zamanla azalmaqda davam edir. İndiki məqamda isə görünən odur ki, hadisələr müsbətə doğru istiqamətlənib. Misal kimi, mənim Bakıda olmağımı göstərə bilərəm. Bir də onu qeyd etməliyəm ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bizimlə bağlı qərarları yalnız tövsiyə xarakterlidir. Bu qərarların heç biri məcburi deyil. Bu qərarları qəbul etməyən bir ölkə var, o da Türkiyədir. Qəbul etmədiyi üçün heç bir cəzaya, sanksiyaya məruz qalmayıb. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müdrik bir sözü var. O deyir ki, dünya beşdən böyükdür. Həmin o "beş" də getdikcə zəifləyir, dünya üzərində təsiri azalır. Bir sözlə, biz nə etdiyimizi bilməliyik, gələcəyə ümidlə baxmalıyıq.

- Cənab nazir, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatar saytımıza müsahibəsində azərbaycanlı iş adamlarını Şimali Kiprə investisiya qoymağa dəvət edib. Azərbaycanın iş adamları orada hansı sahələrə investisiya qoya bilərlər?

- Şimali Kiprdə investisiya üçün ən əhəmiyyətli sahə turizmdir. Amma turizmlə məhdudlaşmamalıyıq. Təhsil sahəsində imkanlarımız çox genişdir. Bizim bu kiçik ölkəmizdə 20 civarında universitet var. Düşünürəm ki, müasir texnologiyalarla bağlı sahələrə baxmaq lazımdır. Kiçik adada ağır sənaye mümkün deyil. Azərbaycanlı və Şimali Kipr iş adamlarının ortaq iş birliklərinin olmasını istəyirik. Düşünürəm ki, bütün işləri tək dövlət etməli deyil. Buna görə də özəl sektorun inkişafı çox önəmlidir.

Bünyamin Bünyadzadə

kktc1