Baydenin məzun olduğu universitetin tələbəsi: “Müəllimlər bizimlə dost kimi davranırlar”
TNS-in “Xaricdə tələbəlik” rubrikasının növbəti qonağı Amerika Birləşmiş Ştatlarında təhsil alan həmyerlimiz Şəms Hüseynlidir.
- Özünüz barədə qısa məlumat verərdiniz.
- 2022-ci ildə Bakı Dövlət Universitetinin bakalavr üzrə hüquq fakültəsini bitirmişəm. Cinayət Prosesi sahəsində diplom müdafiəmi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə təqdim edərək, yüksək dərəcə ilə hüquq təhsilini başa vurdum. 19 yaşımdan təhsil almaqla yanaşı, iş fəaliyyətinə də başladım. Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədli və Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun yanında həm cinayət, həm də mülki işlər üzrə könüllü hakim köməkçisi vəzifəsində işlədim. Paralel olaraq, Yasamal İcra Hakimiyyəti, Yasamal Prokurorluğu və Qaradağ Rayon Məhkəməsində təcrübə keçdim. Hüquq sahəsi üzrə bir sıra sertifikatlar aldım. 2021-ci ildə Bakı şəhəri Mərkəzi 1 saylı Vəkil bürosunda, daha sonra 22 saylı Vəkil bürosunda işlədim. Bu sahədə adlarını sadaladığım şəxslərin mənə böyük dəstəyi oldu. Daha sonra Amerikada bir sıra universitetlərdən həm qəbul, həm də təqaüd qazandım. Hazırda Sirakyus Universitetində hüquq üzrə magistr təhsili (LL.M.- Master of Laws) alıram.
- Amerika Birləşmiş Ştatlarında təhsil almaq qərarına necə gəldiniz və təhsil almaq hüququnu necə qazandınız?
- Uşaqlıqdan xaricdə oxumaq arzum var idi. Özümü həm təhsil, həm də mənəvi cəhətdən təkmilləşdirmək istəyirdim. Nəticədə arzuma çatmağın ən yaxşı yolunun xaricdə təhsil olduğu qənaətinə gəldim. Bakı Dövlət Universitetində hüquq təhsilini başa vurduqdan sonra hüquq üzrə xaricdə magistr təhsilini araşdırmağa başladım. İlk öncə Avropa ölkələrinin top universitetlərini araşdırdım. Daha sonra Amerikaya qəbul almağın da mənim üçün imkansız olmadığını düşündüm. Bəzən çətin və imkansız kimi görünən məqsədlərin bir gün gerçək olma ehtimalı var idi. Bu düşüncə ilə də nizamlı şəkildə çalışmağa başladım. Nəhayət, Boston, Corc, Mason, Davis, Sirakyus Universiti kimi tanınmış universitetlərdən qəbul aldım və təqaüd qazandım. Amerikanı seçməyimə səbəb Anglo-Sakson hüquq sisteminə olan marağım idi. Hər iki hüquq rejimini mənimsəmək istədiyim üçün Amerikanı seçdim. Sirakyus Universitetini seçməyimin isə bir sıra spesifik səbəbləri var idi. Sirakyus Universiteti Amerikanın hazırki prezidenti Co Bayden və onun kimi bir sıra tanınmış siyasətçilərin məzun olduğu universitetdir. Bundan əlavə, Sirakyus Universiteti digər universitetlərlə müqayisədə daha çox təqaüd təyin edir. Mən ikinci ən böyük təqaüd proqramı sayılan “Merit Scholarship”i qazandım. Digər bir səbəbi isə Sirakyus şəhərinin daha sakit və tələbə şəhəri olması idi.
- Təhsil aldığınız ölkə və şəhərin maraqlı cəhətləri nələrdir?
- Burada tələbələr üçün hər bir şərait yaradılıb. Xüsusi ilə Amerika futbolu marağımı çox çəkdi. Həftə sonları bütün tələbələr şəhərlərarası Amerika futbolunu izləməyə gedir, iş yerləri bağlı olur. Hər kəs öz şəhərini təmsil etmək üçün xüsusi uniformasını geyinir. Digər bir faktor isə müəllim-tələbə münasibətidir. Müəllimlər nə qədər nizamlı olsalar da, tələbələrə qarşı daha canayaxın və dost kimi davranırlar.
- Azərbaycanla müqayisədə Amerika Birləşmiş Ştatlarının təhsil sistemində başlıca fərqlər nədir?
- Düşünürəm ki, Azərbaycanla müqayisədə Amerikada təhsilin bir çox fərqi var. Başlıca fərq tələbə həyatı və müəllim-tələbə münasibətləridir. Amerikada təhsil daha yüksək səviyyədədir. Tələbənin ixtisası üzrə peşəkar şəkildə formalaşması üçün xüsusi təcrübələr keçirilir. Beləliklə, universiteti bitirdikdən sonra tələbə iş üçün tam hazırlıqlı olur.
- Üzləşdiyiniz çətinliklər varmı? Yeni ölkəyə adaptasiya mərhələsini necə keçdiniz?
- Təbii ki, bəzi çətinlikləri oldu. Ancaq buna hazırlıqlı şəkildə gəldikdə yeni mühitə adaptasiya daha rahat və tez olur. Bunun üçün bir az daha hiperaktiv olmaq lazımdır. İstər insanlarla qarşılıqlı münasibətlərdə, istərsə də yeni bir mədəniyyətə uyğunlaşmaq baxımından. Doğrusu, mənim üçün çox da çətin olmadı. Çünki qabaqcadan özümü buna hazırlamışdım. Həm də ruhən daha aktiv və pozitiv bir xarakterə sahib olmağımın da böyük rolu oldu. Dostlar qazandım, çoxlu şəhər gəzərək yeni təcrübələr əldə etdim. Artıq deyə bilərəm ki, yeni mühitə tamamilə adaptasiya olmuşam.
- Təhsil almaqla bərabər təbii ki, Amerikadakı insanların həyat tərzi, mədəni və sosial mühitini müşahidə edirsiniz. Amerika Birləşmiş Ştatlarında bu mövzularda sizi təəccübləndirən nələrsə oldumu?
- Bir çox sahədə olduğu kimi, amerikalıların sosial həyatı da fərqlidir. İnsanlar sadəcə işləmirlər. Eyni zaman da əylənir və özlərinə zaman ayıra bilirlər. Ev heyvanlarını çox sevirlər. Yaşlısından tutmuş gəncinə qədər hər kəs tennis, basketbol, Amerika futbolu, qolf və s. kimi ayrıca idmanla məşğul olur. Həftə sonları bir çox iş yeri bu kimi səbəblərə görə bağlı qalır.
- Gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil almaq istəyənlərə məsləhətləriniz nələr ola bilər?
- Amerikalılar “background”a önəm verirlər. Yəni onlar üçün əsas keyfiyyətdir. Gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil almaq istəyənlərə demək istəyirəm ki, bacardıqları qədər fəal olsunlar. İngilis dili üzrə sertifikatlar alsınlar və xəbər saytlarında, jurnallarda öz məqalələrini dərc etdirsinlər. İngilis dili ən vacib faktordur. Bildiyiniz kimi, ən yaxşı universitetlər TOEFL proqramı üzrə 100+, IELTS proqramı üzrə isə 7+ tələb edir. Bütün bunları nəzərə alaraq, burada təhsil almadan əvvəl ölkədəki mühit və qaydalarla bağlı yaxşı araşdırmalar etmək lazımdır.
- Arzularınız və gələcək planlarınız nələrdir?
- Amerikada magistr təhsilini bitirdikdən sonra bir müddət burada hüquqşünas kimi təcrübə qazanıb anglo-sakson sistemini tam mənimsəmək istəyirəm. Daha sonra Azərbaycana qayıdıb, qazandığım təcrübələri öz ölkəmdə paylaşmaq istəyirəm.
Söhbətləşdi : Bünyamin Bünyadzadə