Close

İğdır valisi: “Türk iş adamları Naxçıvana böyük məbləğdə investisiya qoyacaq” - MÜSAHİBƏ

Türkiyənin İğdır vilayətinin valisi Ercan Turanın TNS-ə müsahibəsi.

-Cənab vali, bizi qəbul etdiyinizə və müsahibə üçün razılıq verdiyinizə görə, sizə təşəkkür edirik. İğdır təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji əhəmiyyətli bölgədir. Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi məhz bu ərazidədir. Qardaş ölkənin bu vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə iç-içədir. İki bölgənin əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində nələr edilə bilər?

- İğdırla Naxçıvan bir-biri ilə qədim vaxtlardan təbii bağlılığı, Oğuz boyunun uzantısı olan qədim türk şəhərləridir. Təyinatımdan qısa müddət sonra Naxçıvana getdim. Orada qoçbaşlı daşları gördüm. Onların eynisindən burada da var. Deməli, mədəniyyətimiz eynidir. Məzar daşlarından bunu ortaya çıxara bilirik.

Zəngəzur dəhlizi bizə beynəlxalq miqyasda olduqca böyük fürsətlər verəcək, inteqrasiyamızı daha da artıracaq.

Bilirsiniz, Osmanlı dövləti dönəmində dünyadakı qlobal güclər – portuqaliyalılar, ingilislər dənizlərdə ticarət yolunu dəyişdirdiyi zaman İpək yolu əhəmiyyətini itirdi. Əslində dəniz İpək yolu layihəsi ilə Çində, Türk dünyasında istehsal olunan məhsullar bu dəhliz üzərindən Avropaya daşınacaq. Bu, tarixi İpək yolunun canlanması deməkdir. Eyni zamanda, ticarətin ana rotasının dəyişməsidir. Bu, bizə mədəni, ticari, sosial baxımdan bir çox avantaj qazandıracaq. Zəngəzur dəhlizi qısa müddətdə fəaliyyətə başlasa, ciddi irəliləyişə nail olacağıq. Bizim öz dəyərlərimiz var. “Aslan düşdüyü yerdən qalxar”, - deyə bir deyim var. Biz də düşdüyümüz yerdən qalxacağıq.

Prezidentlərimiz arasında möhkəm qardaşlıq əlaqələri, möhtəşəm dialoqlar var. Hər zaman tək millət iki dövlət olduğumuzu vurğulayırlar.

Cənab Prezident Ərdoğan qarşımıza bir missiya qoyub. Bu, Türkiyənin 100 ili adlanır. Türkiyə Cümhuriyyəti 100-cü ilini tamamladı. İkinci yüz ilə keçərkən məzlum millətlərə - Afrikaya, Orta və Yaxın Şərqə, Qafqaza, bir sözlə bütün məzlum xalqlara rol-model oldu. Bunu edərkən, Azərbaycanla özümüzü ayrı tutmuruq. İki ölkəni lokomotiv olaraq görürük. Mədəni sahədə çox böyük gözləntilərimiz var. Böyük səylər göstəririk. Bilirsiniz ki, İğdırda yerli idarəetməyə də biz baxırıq.

Naxçıvanla folklorumuz, xalq rəqslərimiz, yemək mədəniyyətimiz eynidir. Daş küftə, lülə kababı iki tərəfdə də var. Mətbəxlərimiz bir-birinin eynisidir. Bu, möhtəşəm bir sərvətdir. Bu sərvəti bütün Türkiyəyə tanıtmağımız lazımdır. Azərbaycanda-Naxçıvanda istehsal olunan hər şey buraya gəlir. Məsələn, içdiyimiz “Sirab”, “Badamlı” çox keyfiyyətli sulardır. Türkiyədə belə sular yoxdur. Bu suyun hər yerdə, Türkiyədə, Avropada olmasını istəyərdik. Sadəcə su belə bir dəyərdir.

İğdır vilayəti 67 min hektar əraziyə sahibdir. Nəhəng investisiyalar qoyula bilər. Su anbarı tikintimiz davam edir. Suvarma kanallarımızın yenilənməsi, damcı suvarma sisteminə keçilməsi, istehsalın artırılması üçün ciddi fəaliyyətlər var. Biz İğdırın Türkiyənin şərq və cənub-şərq bölgəsinin logistika mərkəzi olmasını istəyirik. Eyni zamanda Naxçıvanın. Naxçıvanın bərəkətli torpaqları var. Bilirsiniz, dünyada kənd təsərrüfatı sahəsində quraqlıqla bərabər, qida təhlükəsizliyi problemi də mövcuddur. Bu mənada bölgəmizin qidanın tədarükü, logistikası, istehsalında önəmli bir mərkəzə çevriləcəyinə inanırıq. Bundan başqa, kənd təsərrüfatına əsaslanan sənaye sahəsində də bölgəmiz ciddi cazibə halına gələcək.

-Cənab vali, dediniz ki, Naxçıvana səfər etmisiniz. Muxtar respublikadan hansı təəssüratlarla qayıtdınız? İğdırla Naxçıvanı hansı yeniliklər gözləyir?

- Naxçıvana gedəndə gördüm ki, orada duz mağaraları var, eyni mağaralar, duz dağları İğdırın Tuzluca bölgəsində də var. Sağlamlıq turizmi baxımından həm Naxçıvan, həm də İğdır önəmli bir mərkəz olacaq. Eyni zamanda Ağrı dağı kimi bir potensialımız var. Ağrı dağının potensialını tam ortaya çıxara bilməmişik. Bu istiqamətdə fəaliyyətlərimiz var. İnşallah, Ağrı dağını da müxtəlif fəaliyyətlər üçün açacağıq, buraya dağadırmanma inman növü də daxildir. Yaylaq turizmi, tematik turizm, geoloji turizm üçün əlverişlidir.

Naxçıvanda çox gözəl dağlar gördüm. İlan dağı, digər adı ilə Haça dağ möhtəşəm bir yerdir.

Azərbaycanın bir əli Naxçıvan, Türkiyənin bir əli İğdırdır. İki əlin birləşmə nöqtəsi güc nöqtəsidir. Bu iki əlin qovuşması lazımdır. İğdırın potensialından ən yüksək səviyyədə istifadə edərək, Naxçıvanla ciddi körpülər qurulacaq. Mədəni tariximiz zatən ortaqdır. Buradakı insanlarla oradakı insanların heç bir fərqi yoxdur. Dil, şivə, yaşayış tərzi çox bənzəyir. Öz kimliyimizi ortaya çıxarmaq baxımından sahib olduğumuz güc çox vacibdir. Bizim gücümüz köklərimizə olan bağlılığmızdır. Köklərimizdən alacağımız güclə Türkiyənin yeni yüz ilinə çox güclü bir şəkildə girəcəyimizə inanıram.

Çox ciddi gənc əhali potensialımız var. İğdırda təhsilə çox önəm veririk. Bu gəncliyə təhsil verməliyik. Onları doğru yönləndirsək, zərərli maddələrdən – narkotikdən, sosial media asılılığından, ümumiyyətlə asılılıq yaradan hər şeydən uzaq tuta bilsək, önümüzdəki 100 il Türkiyə 100 ili olacaq. Bu potenasialımızla bərabər iki dövlət, tək millət olaraq məzlum millətlərə, dünyaya ümid olmağa davam edəcəyik.

- Ercan bəy, Türkiyənin iş adamlarının, böyük şirkətlərinin həm İğdıra, həm də Naxçıvana investisiya qoyması üçün nə etmək lazımdır?

- Mən cəmi 40-45 gün öncə bu vəzifəyə təyin edildim. Qısa müddətdə İstanbuldan xeyli iş adamı mənimlə görüşdü, Naxçıvana investisiya qoymaq istədiyini dedi. Gördüyüm budur ki, gəlib, gəzirlər, hamısının ortaq gözləntisi var. Həm burada, həm də Naxçıvanda sərbəst ticarət, bəlli məhsullarla əlaqədar ixtisas bölgələri yarada bilsək, bu, qarşılıqlı ticarət dövriyyəmizi artırar, ciddi bir potensial ortaya çıxar. Dəmir yolunun tikilməsi çatdırılma, nəqliyyat xərclərini xeyli azaldacağı üçün İğdıra investisiya qoymaq avantajlı olacaq, amma Naxçıvanda yatırım daha sərfəli duruma gələcək. Çünki enerji xərcləri buranın üçdə biri qədərdir. Sərbəst ticarət zonaları yaradılsa, türk iş adamlarının bölgəyə böyük məbləğdə investisiyalar qoyacağını düşünürəm. Yaxın gələcəkdə investisiya sahəsində müsbət irəliləyişlər olacağına inanıram.   

Kənd təsərrüfatı, mədən, yeraltı və yerüstü təbii sərvətlərin ortaya çıxarılması üçün potensialımız var. Bunun üçün hüquqi bazanı hazırlamaq lazımdır.

- İnsanların Türkiyə və Azərbaycana rahat gediş-gəlişi üçün bir sıra işlər görülməlidir. Gömrük-keçid məntəqəsində hansısa yenilik olacaqmı?

- Hazırda gömrük qapılarında bəzi araşdırmalar aparılır. Naxçıvanın qapılarını da gördüm. Nazirimiz Ömər Polata mövzu ilə bağlı məlumat verdim. Heyət göndərdilər, gömrük-keçid məntəqələrindən daha rahat keçid üçün planlama – layihələndirmə fəaliyyətinə başladılar. Mərhələli şəkildə bəzi yatırımlar planlaşdırılıb, vətəndaşlarımızın daha yaxşı xidmət görməsi üçün qapı sayımızın, peron sayımızın artırılması, gözləmə məntəqələrinin yaradılması, hazırda mövcud olan TIR parkının bizə təhvil verilməsi ilə gözləmə müddətinin azaldılması istiqamətində ciddi təşəbbüslərimiz var. Qısa müddətdə, Zəngəzur dəhlizi tamamlanana qədər biz də bunları həyata keçirəcəyik. Avtomobil yolları ilə bağlı qurumlarımız araşdırma aparırlar. İkinci körpüyə ehtiyac varmı? Bunlar araşdırıldıqdan sonra iki dövlət öz aralarında müzakirə edərək, qərar verəcək.

- Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvana səfəri zamanı İğdır-Naxçıvan qaz xəttinin təməli qoyulub. İşlər hansı mərhələdədir?

- Dövlətlərimizin bu istiqamətdə infrastrukturu hazırdır, fəaliyyətlər davam edir. Nazirliklərimiz sürətli şəkildə işlərə başladı. Bu, Naxçıvanın enerji sahəsində xaricdən asılılığını azaldacaq. Bildiyim qədəri ilə Azərbaycan İrana, bu ölkə də Naxçıvana qaz verir.  Bu, bir məcburiyyət idi. Naxçıvanın asılılığının aradan qaldırılması baxımından strateji addım atıldı. Anlaşmalar imzalandı. Bürokratlarımızın iki tərəfdə də ciddi fəaliyyətlərini görürük. Bizdə bir söz var, türkün türkdən başqa dostu yoxdur. Bizim bizdən başqa dostumuz yoxdur, bizi bizdən başqa düşünən də yoxdur. Biz inşallah öhdəmizə götürdüyümüz böyük, şanlı missiyamızı iki dövlət bir millət olaraq təkrar dünya səhnəsində ortaya qoyaraq, ümid olmağa davam edəcəyik.

Qeyd: İğdır valisi Ercan Turanla görüşün təşkil olunmasına köməklik göstərdiyinə görə, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyevə təşəkkür edirik.

Tural Səfərov,

Gülşən Hacıyeva

8adf83e1-089e-433a-92f1-a88fb00ee512

ff17f895-48e9-4530-b833-4e9dc46cad03