Close

Şamil Ayrım: "Məqsədləri Ermənistanda ikinci Zelenski yaratmaqdır" - MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrımın TNS-ə müsahibəsi.

- Siz illərdir, Azərbaycanla yaxından maraqlanırsınız, bütün prosesləri diqqətlə izləyirsiniz. Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, bu ilin 14 və 28 may tarixlərində Türkiyədə iki seçki keçirildi. Türkiyə vətəndaşlarının verdiyi səslə Cumhur İttifaqı parlamentdə yenidən mandat çoxluğuna sahib oldu. 28 maydakı seçkidə isə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın vəzifəsini davam etdirməsi yönündə bir iradə ortaya çıxdı. Cənab Prezidentimiz hər zaman olduğu kimi, ənənəsinə sadiq qalaraq, ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Respublikasına (KKTC) etdi. Mən də o səfərlərdə iştirak etdim.

Gördüyüm mənzərə bu idi: Türkiyə-Azərbaycan əlaqələrinin hansı nöqtəyə gəldiyini anlamaq üçün iki Prezident arasındakı səmimi münasibətə baxmaq lazımdır. Xüsusilə, II Qarabağ savaşında Türkiyə Azərbaycanın yanında oldu, Türkiyə parlamentindəki 4 siyasi partiya Azərbaycana fövqəladə dəstək verdi, türk xalqı bu məsələdə həmrəylik göstərdi, bir sözlə, hər kəsin qəlbi Azərbaycanla, Qarabağla döyündü. Cənab İlham Əliyev də Ali Baş Komandan olaraq, Azərbaycanı o müddətdə birləşdirdi, bütün siyasi partiyalar bir araya gəldi, Qarabağ işğaldan azad edildi. Bu, önəmli bir hadisə idi. Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdu.

44 günlük savaşdan sonra təəssüf ki, Ermənistan anlaşmaya sadiq qalmadı, bu, 3 il çəkdi. Bir il əvvəl eko-aktivist hərəkəti başladı, Azərbaycan QHT-ləri Laçın dəhlizini bağladılar. Çünki Azərbaycanın oradakı zəngin mədənləri qanunsuz şəkildə xaricə ötürülürdü. Buna fürsət vermədilər. Ən sonda Azərbaycan bölgəyə nəzarət-buraxılış məntəqəsi qoydu. “Bu torpaqlar mənim olduğu üçün buraya daxil olmaq istəyən hər kəs məndən icazə almalıdır”, - dedi. Həqiqətən də elə oldu.

603e6f82-1dbe-4231-bb12-c747559c31b2

Nəzarət-buraxılış məntəqəsi qurulmadan əvvəl təəssüf ki, ermənilər oraya qanunsuz silahlı birləşmələri, quldur dəstələri doldurdu, ağır silahlar yığdılar. Hətta 2021-ci il istehsalı olan minaları basdırdılar. Bütün bunlara Azərbaycan çox səbrli şəkildə dözdü, gözlədi. 7 nəfərin minaya düşərək şəhid olmasından sonra Azərbaycan 24 saatlıq antiterror əməliyyatı keçirdi. Bu əməliyyatda heç bir mülki şəxsin burnu qanamadı, infrastruktura ziyan vurulmadı. Bu, çox böyük bir uğur idi. 

Antiterror əməliyyatlarının keçirildiyi vaxt Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən “dünya beşdən böyükdür, daha adil bir dünya olmalıdır, Qarabağ Azərbaycandır!” - dedi. Bax, Azərbaycan-Türkiyə əlaqələrinin gəldiyi nöqtə budur. Azərbaycanın olmadığı zaman qardaşı Türkiyə aslan kimi hayqırır, Türkiyənin olmadığı yerdə də Azərbaycan. Cənab İlham Əliyevin sözlərini xatırlayaq: “Burada Türkiyə yoxdursa, biz varıq”.

Bir-birinin yanında duran, bir-birinin arxası-dayağı olan, iki güclü dövlət var.

Qarabağ savaşından dərhal sonra cənab prezidentlərin ikisi də bunu demişdi: “Türkiyədə nə varsa, Azərbaycanda da eynisi olacaq. Azərbaycanda nə varsa, Türkiyədə də eynisi olacaq”.

Qarabağ zəfərində böyük rolu olan PUA-lar Azərbaycanda da istehsal ediləcək. Bu, çox önəmlidir. İqtisadiyyatımızın güclü olması kifayət deyil, müdafiə sənayemiz də güclü olmalıdır. 

Bu coğrafiyada təəssüf ki, 100 illərdir, qan, göz yaşı dayanmır. Bu gün Türkiyə-Azərbaycan həmrəyliyi gerçəkdən ən üst səviyyədədir. Hər zaman deyirəm, bu əlaqələri heç kimin pozmasına imkan verməyəcəyik. Mən Azərbaycanın son 30 ilinin haradan haraya gəldiyini bilirəm. Bir vaxtlar Azərbaycanın yetişmiş bir gənc kadrı yox idi.  İndi isə belə gənclərimizin sayı milyonlarladır.

Heç kimə möhtac deyilik. Gücümüz var. Bu güc nədir? İnsan qaynağı. İnsanımıza, gənclərimizə güvənəcəyik. Mən siyasi həyatımda bu yolu seçdim.

Siz Azərbaycanda yaşayırsınız, bəlkə görə bilmirsiniz, mən hər gələndə nazirliklərə, dövlət qurumlarına gedirəm. Perspektivli, gələcək vəd edən gəncləri görürəm. Bunlar insanın xoşuna gəlir. Hər biri 2-3 dil bilir, dünyanın müxtəlif yerlərində təhsil alıblar. Azərbaycan bu inteqrasiyanı tamamladı. Azərbaycan-Türkiyə əlaqələri bu gənclər sayəsində çox yaxşı bir yerə gəlir. Türkiyə məzunlarının da orada artıq millət vəkili, nazir olduğunu görürük. Bunlar çox önəmli bir körpüdür. 1933-cü ildə Atatürk bunu demişdi: “Bir gün sovetlər birliyi dağılacaq, eynilə Osmanlı, Avstriya-Macarıstan impertorluqları kimi. O günə bizim hazırlıqlı olmağımız lazımdır. Orada bizimlə eyni mədəniyyəti, tarixi, dili, inancı daşıyan qardaşlarımız var. Dil, din, tarix, mədəniyyət bir körpüdür. Ona görə, özümüzü hazırlayıb, onlara sahib çıxmalıyıq”.

b23a8a91-146b-478b-a147-aa9f325604b5

Azərbaycan-Türkiyə əlaqələri hər gün yeni mərhələyə qədəm qoyur. Xüsusilə bir nüans önəmlidir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyandan sonra - 1992-ci ildə Ankara toplantısı oldu. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə bir araya gəldi. 2009-cu ildə Naxçıvan anlaşması oldu, Türk Dövlətləri Şurası adı ilə bu dövlətlər bir araya gəldi. O zaman proseslərin gedişi tam istədiyimiz kimi olmadı, eyni dili hələ də danışa bilmirik. Əlifbanı həll edə bilmədik. Amma gəldiyimiz nöqtəyə şükr edirik, 2021-ci ildə İstanbul Zirvəsi oldu, sonra Səmərqənd Zirvəsi. Bu iki toplantıda da Türkiyə ilə Azərbaycanın həmrəyliyi, bərabərliyi Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusda Türk Dövlətləri Təşkilatına daxil olması ilə nəticələndi. 50 ildir, heç bir ölkənin tanımadığı Şimali Kipr Türk Cümhuriyyəti inşallah önümüzdəki dönəmdə ilk dəfə Azərbaycan tərəfindən tanınacaq. Ondan sonra digər türk dövlətləri tanıyacaq. Türkiyə-Azərbaycan əlaqələrinin ən böyük uğurlarından biri də budur.

Əlaqələrmizdə ən önəmli nüanslardan biri müdaifə sənayesidir. Bu sahədə Azərbaycan əlbəttə ki, başarılıdır, öz əsgərləri ilə savaşır. Amma onun bazasının formalaşmasında, arxa planda hazırlığında bizim Silahlı Qüvvələrimizlə əlaqlər çox önəmlidir. Bunların hamısının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Onu yaxından tanıdığıma görə qürur duyuram. 

Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında rolu danılmazdır. Bakı-Tbilisi-Ceyhan layihəsi bu işin miladıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev o vaxt belə bir söz demişdi: “Azərbaycanla Türkiyəni elə möhkəm bağladıq ki, heç kim qopara bilməz”. Bu gün Onun yetişdirdiyi, liderlik yolunu izləyən İlham bəy qardaşı Ərdoğanla Bakı ilə Qarsı, yəni Türkiyəni dəmir yolu ilə birləşdirdi. Ardınca çox önəmli TANAP, TAP layihələri gəldi. Azərbaycan artıq Türkiyənin enerji paylayıcı mərkəzi olmasını istədi.

Bu gün bir çox ölkələr Azərbaycan-Türkiyə münasibətlərini qısqanır. Prezident Ərdoğan antiterror əməliyyatlarından dərhal sonra BMT-də danışdı, dönən kimi Naxçıvana getdi. Mən də heyətdə idim. Bu, bölgə üçün çox önəmlidir. Ermənistan, onun arxasındakı güclər Naxçıvan sərhədini atəşə tutaraq, qarantor olan Türkiyəni də savaşa daxil etmək istədi. Amma Azərbaycanla Türkiyə bu oyunu pozdu.

Prezident Ərdoğanın Naxçıvana səfəri Azərbaycan-Türkiyə əlaqələrinin başqa bir mərhələsidir. Şahidi olduğum bir hadisəni deyim. Ərdoğanın səfər etdiyi gün hava yağışlı idi. İçəridə mətbuat konfransı keçirildi, çölə çıxanda bir anda Günəş çıxdı. Prezident Ərdoğan gülümsəyərək, “Günəş çıxdı”, - dedi. Cənab Əliyev “qardaşımın olduğu yerdə Günəş olmazmı?” cavabını verdi. Bax, Türkiyə-Azərbaycan əlaqələrinin gəldiyi yer budur.

samilayrim1

- Bilirsiniz ki, Prezident İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin görüşündən imtina etdi. Buna səbəb Türkiyənin danışıqlarda iştirak etməməsi idi. Bundan sonra Prezident Ərdoğan da tədbirə getmədi. Necə düşünürsünüz, Azərbaycan və Türkiyənin bu sərt mövqeyi nə ilə nəticələnəcək?

- Prezident İlham Əliyev bu görüşdə Türkiyənin də iştirakını tələb etmişdi. Azərbaycanın bu tələbi qəbul olunmadığına görə, Prezident İlham Əliyev həmin görüşdə iştirakdan imtina etdi.

Azərbaycan çox doğru bir qərar verib. Qranada görüşünün keçirilməsinə bir neçə gün qalmış Fransanın xarici işlər naziri Ermənistana səfər etdi, onlara silah yardımı edəcəklərini bildirərək vədlər verdi və erməniləri yeni müharibəyə sövq elədi. Fransa hər zaman ermənilərin yanında yer alıb, bütün platformalarda onları dəstəkləyib. Həmin görüşdə Fransanın, onun diqtəsi ilə hərəkət edən Almaniyanın iştirakının nəzərdə tutulması, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ziddiyyətli bəyanatları, Türkiyənin görüşdə iştirakından imtina edilməsi belə bir qərarın verilməsi ilə nəticələndi.

Bu hadisə bir daha onu göstərdi ki, Türkiyə və Azərbaycan birlikdə hərəkət edir. Bütün dünya gördü ki, Azərbaycanın olduğu yerdə Türkiyə, Türkiyənin də olduğu yerdə Azərbaycan var.

Türkiyə 60 ildir, Avropa İttifaqına daxil olmağı gözləyir. “Bu il, gələn il”, - deyə-deyə 60 ili yola verdilər. Ən son Avropa İnsan Haqları Məhkəməsinin FETÖ üzvlərinin guya haqsızlığa məruz qalması ilə bağlı qərarları səbr kasasını doldurdu. Biz “FETÖ bir terror təşkilatıdır”, - deyirik. Gördüyünüz bu parlament binasına hücum edib, öz vətəndaşlarını qətlə yetirən insanların qurduğu bir təşkilatdır. Bizim terror təşkilatı dediyimiz bir təşkilatı Avropa başının üstündə saxlayır, eynilə PKK kimi. 40 ildir, ölkəmizdə 40 min insanın ölümünə səbəb olan, milyardlarla dollar ziyan verən PKK-nı bəsləyirlər.

Ərdoğan demişdi ki, Avropa bizi qəbul etməsə, biz də Ankara kriteriyalarına üz tutacağıq. Önəmli olan bizim xalqımızın istəyi, iradəsi, rifahıdır. Məsələn, İsveç NATO-ya daxil olmaq istəyir. "Qurani-Kərim"i yandırır, irqçilik edir. NATO bir təhlükəsizlik təşkilatıdır. Sən terror təşkilatlarını bəsləyən bir ölkəni bu çətirin altına necə alırsan? Biz də deyirik ki, bu əməllərindən əl çəksin, səs verək. Prezidentimizin rest çəkməsi doğru qərardır. Azərbaycan-Türkiyə həmrəyliyi iki ölkəni də yaxşı bir mövqeyə gətirib çıxardı. Bu gün müdafiə sənayesində 70 faiz yerli istehsal var. Əvvəllər hamısını xaricdən alırdıq. Bu, Azərbaycanda da olacaq, bizə dost bütün ölkələrdə də.

Avropa əhalisi yaşlıdır. Fransanı bu gün Afrikadan qovurlar. Orada qətliamlar törətdi. Avropanın məqsədi Ermənistanda ikinci Zelenski yaratmaqdır. Silah-sursat və digər sahədə dəstək verəcəklər ki, “çiban başı” olsun. Məqsədləri odur ki, Türkiyə və Azərbaycan güclənməsin. İstədikləri vaxt İrana da, Rusiyaya da müdaxilə edə bilsinlər. Biz bunlara qarşı çıxırıq. Amma bir tərəfdən də dialoq yolunu açıq qoyuruq. Ölkələrimizin mənfəəti üçün masaya otururuq.

Biz bu gün Fransaya desək ki, ondan 3 milyard dollarlıq silah alırıq, mövqeyi 180 dərəcə dəyişər. Yaxud ABŞ-dan 10 təyyarə alsaq, eyni vəziyyət yaranar.

27d3f219-e224-4388-9c21-72c842e42b0d_1

- Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan səfərində nümayəndə heyətinin üzvlərindən biri idiniz. Bu görüşdə ictimaiyyətə açıqlanmayan nələr oldu? Naxçıvanı hansı dəyişikliklər gözləyir?

- Zəngəzur dəhlizi açılanda Naxçıvanın önəmi daha da artacaq. Bu, sadəcə bir avtomobil yolu, dəmir yolu deyil, qaz xətlərinin keçdiyi dəhliz də olacaq. Bu layihələrin Naxçıvanda təməli qoyuldu. Qısa zamanda bitər. Dəmir yolu da önəmldir. Bu dəmir yolu Naxçıvandan Bakıya, bütün türk dünyasına qədər uzanacaq. Bunlar iqtisadiyyatın canlanması üçün vacibddir. Naxçıvanda təxminən 400 min insan yaşayır. Amma milyonlarla insan da yaşaya bilər. Məhsuldar torpaqları var. Gələcəkdə Naxçıvan azad ticarət zonası ola bilər. Sülh təmin olunsa, bu dəhlizdən Türkiyə, İran, hətta Ermənistan böyük fayda görəcək. Azərbaycan bunu çox yaxşı hazırlayıb. Azərbaycan tolerant bir ölkədir, orada müxtəlif millətlərin, dinlərin nümayəndələri bir arada problemsiz yaşayır. Azərbaycan bunun öhdəsindən gəlir. Hər kəs dinini yaşayır, ibadətini edir. Azərbaycan Qarabağda da eyni şeyləri vəd etdi.

f34e5fb5-9322-4177-b44f-7eccdeaf22c0

Qərbi Azərbaycan İcmasının qurulması da çox vacibdir. Ermənilərin tələbləri bitməz. Onların tələblərinə qarşı Azərbaycan da öz tələblərini ortaya qoyur. Bunlardan əsası o torpaqlarla bağlı təzminat tələbləridir. 30 ildə vurulan ziyanın ödənilməsi. Artıq beynəlxalq məhkəmələrə müraciətlər edilir.

Məlumdur ki, hətta İrəvan da türk torpağıdır. Amma bu gün orada 1 nəfər belə türk yaşamır.

- Bu il İlham Əliyevin prezident seçilməsinin 20 ili tamam olur. Fikrinizcə, bu müddət Prezident İlham Əliyev Türk dünyası üçün nələr edib?

- Türk Dövlətləri Təşkilatının Səmərqənd zirvəsində Qazaxıstanın razı salınmasında cənab İlham Əliyevin çox böyük rolu oldu. O olmasaydı, bəlkə də Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi üzv statusu ala biməzdi. Yəni, cənab Əliyev belə bir dövlət adamıdır.

O, 20 ildir, bu vəzifədədir. Bəzən heç kimin ehtimal vermədiyi bir anda liderlərin qarşısına önəmli fürsətlər çıxır. Cənab Əliyevin önünə də Qarabağ savaşı çıxdı. Onun savaş müddətində duruşu, dünya mətbuatını təkbaşına məlumatlandırması, geniş intellektual bazasının olması, 3-4 dil bilməsi, tərəf müqabilinə öz dilində cavab verməsi qarşı tərəfə çox böyük təsir göstərən amillərdir. Cənab Əliyevin liderlik xüsusiyyətlərini sayarkən, Birinci xanım Mehriban Əliyevanı da unutmamaq lazımdır. Onlar bir-birlərini tamamlayırlar. Azərbaycanda sosial sahələrdə Mehriban xanımın önə çıxdığını görürük. Liderlərin yetişməsi təbii ki, asan deyil. Məncə, cənab Əliyev Qarabağ savaşında lider oldu.

Tural Səfərov, Gülşən Hacıyeva

samilayrim6