Close

12:20
27 İyul 2024

Azərbaycanlı tələbə: “Bəzən həftələrlə günəş görmürük...” - MÜSAHİBƏ

TNS-in “Xaricdə tələbəlik” rubrikasının növbəti qonağı İsveç Krallığında təhsil alan həmyerlimiz Elmar Hacızadədir.

- Öncə özünüz barədə oxuculara məlumat verərdiniz.

- Mən 2016-2020-ci illərdə Fransız-Azərbaycan Universitetində  kompüter elmləri üzrə təhsil almışam. Hazırda İsveçin Gothenburg şəhərində Chalmers Technology Universitetində Data elmləri və Süni intellekt üzrə magistr təhsilimi davam etdirirəm.

- İsveçdə ali təhsil almaq üçün proseslər çətindir?

- Qəbul prosesi çox sadədir. İsveçdə ali təhsil üçün hər bir universitetə ayrı-ayrılıqda sənədləri göndərməyə ehtiyac yoxdur. universityadmissions.se saytında qeydiyyatdan keçərək, maksimum 4 universitet seçə bilərsiniz. Burada seçdiyiniz universitet sırası çox əhəmiyyətlidir. Əgər Chalmers Universitetində təhsil almaq istəyirsinizsə, o zaman onu ilk pilləyə qoymalısınız. Chalmers Universitetinə qəbul ala bilmədiyiniz təqdirdə isə sıralamada seçim etdiyiniz növbəti universitetə qəbul ala bilərsiniz. Lazım olan bütün sənədləri yuxarıdakı qeyd olunan linkdən qeydiyyatdan keçdikdən sonra sistemə yükləməlisiniz. Lazım olan sənədlər: İELTS minimum 7.0, pasport skan, transkript, bakalavrı nə zaman qurtaracağınızla bağlı universitetdən sertifikat.

Saytda qeyd etdiyiniz hər bir universitet üçün motivasiya məktubu lazımdır. 2 ədəd tövsiyyə məktubu CGPA (cumulative grade point average) 70 faizdən çox olmalıdır.

tel-2

- İsveçin tədris sistemi barədə təəssüratlarınız necədir?

- Tədris sistemi tələbələr üçün çox rahatdır. Hər semestr sadəcə 4 dərs olur, həmin 4 dərs isə 2 yerə bölünür. Əgər tələbə universitetdə təhsil almağa sentyabrdan başlayırsa, o zaman sentyabr - oktyabr arasında 2 dərs olur və oktyabr sonunda o dərslərdən imtahan edilir. Növbəti 2 dərs isə noyabr - dekabr arasında keçirilir. Yanvarın ilk həftəsində həmin 2 fənnin imtahanını verərək, o dərsləri də tamamilə bitirmək lazımdır. Növbəti semestrlər də bu şəkildə ilə davam edir. Dərslərin çətinliyi fəndən asılı olaraq dəyişir. Lakin çalışqan tələbələr rahat şəkildə fənləri keçə bilirlər.

- İsveçdə tələbəlik həyatı necə keçir? Dərs zamanı və dərsdən kənar maraqlı məşğuliyyətləriniz varmı?

- Chalmers Universiteti tələbələr üçün tez-tez təşkil etdiyi “event”lərdə əylənmək, yeni insanlarla tanış olmaq mümkündür. Tələbə həyatı ümumilikdə maraqlıdır. Erasmus təhsil proqramı ilə digər ölkələrə də semestr və ya illik getmək mümkündür. Yaşam xərcləri tələbəyə görə dəyişir. Buna kirayə, gündəlik əyləncə və yemək daxil etsək, aylıq yaşam xərci 800-900 avro olur. “Scholarship” aldığınız təqdirdə növündən asılı olaraq, bu xərclər onlar tərəfindən qarşılanır.

- Hər kəs üçün yeni mühitə adaptasiya olmaq elə də asan deyil. Bu ölkədə adaptasiya üçün maneələr nələrdir?

- İsveçdə adaptasiya zamanı çətinlik sadəcə hava şəraiti ola bilər. Çünki İsveçdə hava adətən soyuq olur. Xüsusilə, qış fəsli çox şaxtalı olur. Buna görə də bu ölkənin iqliminə hər kəs asanlıqla uyğunlaşa bilmir. Lakin 3-4 ay sonra havaya da öyrəşmək mümkündür.

Ölkəyə adaptasiya müddəti təxminən 3 ay çəkir. Bu, həm də sizin nə dərəcədə sosial və aktiv həyat tərzinə sahib olmağınızdan asılıdır. İsveçdə sosial və aktiv həyat tərzinizin olması çox əhəmiyyətlidir. Bu, sizə həm lazım olan işlərinizi tez bir şəkildə həll etməyə, həm də yeni əlaqələr və dostlar tapmaq üçün çox kömək olacaq.

tel-3

- İsveçdə təhsil almağın üstünlükləri barədə fikirləriniz nədir?

- İsveçdə təhsil almağın bir çox üstünlüyü var. Misal üçün, tədris sisteminin unikallığını qeyd etmək olar. Dərslər çox olmadığı üçün  zamanınızı sizin üçün əhəmiyyətli olan başqa məşğuliyyətlərə (idman, şəxsi inkişaf, əyləncə və.s) sərf edə bilərsiniz. Ölkədə demək olar ki, böyükdən kiçiyə hər kəs ingilis dilini çox yaxşı bilir, ona görə də İsveç dilini bilməməyiniz ölkəyə adaptasiyada problem yaratmır.

- Hər bir ölkənin müsbət cəhətləri olduğu kimi mənfi xüsusiyyətləri də qaçılmazdır. Bəs İsveçdə necədir?

 - Tək bir dezavantaj kimi hava faktorunu qeyd edə bilərəm. Qışda qaranlıq tez düşür. Bəzən bir neçə həftə günəş görmürük. Lakin əgər siz insanlarla sosiallmaqda fəalsınızsa, dostlarınızla vaxt keçirmə şansınız var. Beləliklə də bir müddət sonra artıq hava sizi narahat etməyəcək.

- Niyə təhsil almaq üçün məhz İsveçi seçdiniz?

- İsveç seçimimin səbəbi Skandinaviyanı kəşf etməklə yanaşı, ümumi həyat səviyyəsinin daha yuxarı və daha çox iş imkanlarının olmasıdır. Tədris ili zamanı dərslərin daha az olması da əsas səbəblərdən biridir. Bu isə sizə əlavə asudə vaxt üçün imkanlar yaradır.

tel-4

- Təhsildən sonra planlarınız nədir?

- İstərdim ki, Kanadaya və yaxud Böyük Britaniyaya gedim. Düşünürəm ki, bu ölkələrdə həyat şəraiti və bir insanın mədəni inkişafı üçün daha geniş imkanlar var.

Söhbətləşdi: Bünyamin Bünyadzadə