Close

Çauşevskinin devrildiyi şəhərdə ən çox onlar yaşayır: "Burada hər şey çox ucuzdur" - MÜSAHİBƏ

TNS-in “Xaricdə tələbəlik” rubrikasının növbəti qonağı Rumıniyada təhsil alan həmyerlimiz İsmayıl Vəlizadədir.

- Əvvəlcə özünüz haqda qısa məlumat verərdiniz.

- Gəncə Dövlət Universitetində tərcüməçilik (İngilis dili) ixtisası üzrə təhsil alıram, 4-cü kurs tələbəsiyəm. Hazırda “Erasmus+” tələbəsi olaraq Rumıniyanın Galati şəhərində yaşayıram və təhsilimi "Dunărea de Jos" Universitetində davam etdirirəm.

tel-2

- Bu ölkədə təhsil almağa necə nail oldunuz?

- Təhsil aldığım ali məktəbə qəbul üçün IELTS tələb olunmur, dil sertifikatını universitet verir. Sonra müsahibə mərhələsi olur. Qəbul aldıqdan sonra isə universitet tərəfindən vizaya müraciət etməyim üçün mənə dəvət məktubu göndərildi. Vizanı təxminən 1 ay ərzində almışdım. Amma viza almaq müddəti ölkədən ölkəyə dəyişir.

- Rumıniyanın təhsil və tədris sistemi Azərbaycanla müqayisədə çoxmu fərqlidir?

- Rumıniyada təhsil Azərbaycandan çox fərqlidir. Məsələn, həftənin hər günü dərs olmur, bəzi günlər cəmi 1, bəzi günlər 3 dərs keçirik. Maraqlı olan tərəfi odur ki, burda tənəffüs deyilən anlayış yoxdur. Bir dərs 2 saat fasiləsiz davam edir və bitdikdən sonra digər dərsiniz başlayır.

tel-4

- Təhsil aldığınız və yaşadığınız şəhər barədə təəssüratlarınızı bilmək maraqlıdır.

-  Hazırda olduğum şəhər Qalati şəhəridir. Qalati Rumıniyanın ən sakit və balaca şəhərlərindən biridir. Bura digər şəhərlərlə müqayisədə daha ucuzluqdur. Artıq bir neçə aydır, burdayam və daha 5 şəhəri gəzmək imkanım olub. Aylıq təxmini 300 avro xərclər üçün kifayətdir. Bu məbləğ günlük yemək, yol və həftə sonu əyləncələr üçün yetərli sayılır.

- Bu ölkədə əsasən hansı çətinliklərlə üzləşirsiniz?

 - Dezavantajlardan ən əsası odur ki, Rumıniyada ingilis dili bilənlərin sayı azdır. Xüsusi ilə də mənim olduğum şəhərdə. Bəzən marketdəki satıcıya nəyisə başa salmaq çox çətin olur. Amma bütün avantajlar və dezavantajlarına baxmayaraq, mənim üçün burada təhsil almaq əla təcrübədir.

- Rumıniya haqqında daha ətraflı nələrdən danışa bilərsiniz?

- Rumıniya çox kasıb ölkədir, burada qiymətlər aşağıdır. Mən bir müddət Timisoara şəhərində də yaşadım. Təhsil təqaüdü təxminən 450 manat civarındadır. Bu pulla nəinki yeməkləri və gündəlik işləri görürdüm, hətta qalan pulları yığıb səyahət belə edirdim. Şokalad, spirtli içkilər, ət burada çox ucuzdur. Çörək və adi su isə inanılmaz bahadı. Burada qalan tələbələr əsasən, kuryerliklə məşğul olurlar. Qazandıqları pul onlara bəs edir. Hətta ailələrinə də pul göndərirlər. Rumıniya çox isti ölkədir. Bəzən telefonlarımıza çölə çıxmamaq üçün havanın isti olmasına görə bildirişlər gəlirdi.

tel-1

- Rumıniyanın Azərbaycanla hansısa oxşar cəhətlərini müşahidə etmisinizmi?

- Çox insanın düşündüyünün əksi olaraq, deyə bilərəm ki, bu millət qaraçı deyil, sadəcə burada qaraçılar etnik xalqdır. Rumıniyaya adaptasiya mənim üçün ilk bir ayda çətin oldu. Rumıniyalılar mehriban xalqdır, dilləri və üz quruluşları italyanlara bənzəyir. Rumınlarla azərbaycanlılar arasında mental olaraq yaxınlıq çoxdur. Bu ölkənin insanları istiqanlıdır. Həmçinin dəbdəbəli həyatı və çox yeməyi sevirlər. Rumıniyaya səyahət çox ucuzdur. Ona görə də səyahətdən faydalana bilərsiniz. Əsasən də Transilvaniya bölgəsi səyahət üçün çox yaxşıdır. Tarixi yerləri və görməli şəhərləri çoxdur. Əlavə olaraq, onu da deyim ki, Rumıniya Avropada internet sürətinə görə dördüncü yerdədir. Timisioara şəhəri Rumıniyanın qərbində yerləşir. Serbiyaya və Macarıstana çox yaxındır. Bu şəhər gənclər şəhəri adlanır. Tələbələr, gənclər şəhərdə çoxluq təşkil edir. Bir maraqlı faktı da deyim ki, Çauşevski məhz bu şəhərdə gənclər tərəfindən hakimiyyətdən devrilib.

Söhbətləşdi: Bünyamin Bünyadzadə