Close

12:20
27 İyul 2024

Dövlət Reklam Agentliyinin buna müdaxilə etmək səlahiyyəti yoxdur - MÜSAHİBƏ

Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azərinin TNS-ə müsahibəsi

- Hazırda Azərbaycanda fərqli reklam formatları və reklam alətlərindən istifadə olunur. Həmçinin bəzi sahibkarlar reklam qanunvericiliyini pozur, qaydalara əməl etmirlər. Sahibkarlar reklam yayımlayarkən nələri nəzərə almalıdırlar?

- Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Sahibkarlar bilməlidirlər ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl Agentlikdən icazə almalıdırlar. Əgər təqdim olunan reklam eskizlərində hər hansı qanunsuzluq yoxdursa, o zaman həmin reklamların yayımına icazə verilir. Amma təəssüf ki, bir çox halda iş adamları obyektlərini açarkən icazə almadan reklamlarını yayımlayırlar. Onlar nəzərə almalıdırlar ki, belə olan halda 500 manatdan 10000 manatadək cərimələnə bilərlər.

- Reklam fəaliyyəti nədir?

- Reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu, digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 

Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr, reklam qurğuları yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Yəni sahibkar obyektin üzərinə 1 kvadratmetr ölçüsündə 1 ədəd reklam yerləşdirərsə buna görə rüsum və yayım haqqı ödəmir.

- Dövlət Reklam Agentliyi reklam bazarında hansı yenilikləri həyata keçirir?

- Dövlət Reklam Agentliyində “Mobil tətbiq”in yaradılması ilə bağlı olaraq şərtlər toplusu hazırlanıb, 2023-cu ilin sonuna qədər mobil tətbiq istifadəyə veriləcək. Yəni gələn ildən sahibkarlar açıq məkanda reklam yerləşdirilməsinə icazəni Agentliyin onlayn “İcazələr sistemi” vasitəsilə heç yerə getmədən telefon vasitəsi ilə də ala biləcəklər.

Bundan əlavə, sahibkarların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını daha yaxşı bilməsi üçün maarifləndirilmə işlərinin artırılması məqsədilə “Telegram” botu istifadəyə verilib. Bu alət vaxta qənaət edərək sahibkarların mütəmadi və ya tez-tez verdiyi sualların avtomatik cavablandırılmasını təmin edir.

360 dərəcə panoramik virtual xəritəçilik sisteminin “Milli məkan məlumatları” informasiya sistemi ilə inteqrasiya edilməsi prosesi başa çatıb. “Milli məkan məlumatları” informasiya sistemi üçün Gəncə və Sumqayıt şəhərlərində çəkilişlər həyata keçirilib və xəritədə görüntülənməsi təmin edilib. Agentlik üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360 dərəcə təsbit edən texnologiyalar əməkdaşların ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət etməsinə imkan yaradır.  “Milli məkan məlumatları” informasiya sisteminə qoşulmaqla isə istənilən sahədə idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsi, dövlət qurumları tərəfindən məkanla bağlı məlumatın operativ əldə olunması, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkili təmin edilib.

- Reklamın subyekti kimi kimlər çıxış edə bilər?

- Reklam subyektləri reklamın ərsəyə gəlməsində iştirak edən tərəflərdir. Yəni reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısıdır. Açıq məkandakı reklamlara münasibətdə əsasən burada birinci tərəf sifariş verən sahibkar olur, ikinci tərəf həmin reklamı istehsal edən hər hansı bir sex, üçüncü tərəf isə həmin reklamın yayımına icazə verən Agentlik. Qanunvericiliyə görə, ADRA-nın reklamların istehsalı prosesinə müdaxilə etmək səlahiyyəti yoxdur. Çünki bu sahibkarların işinə müdaxilə kimi qiymətləndirilə bilər.

- Reklamda hansı hallara yol verilməməlidir?

- Açıq məkanda haqsız və qeyri-dəqiq reklamlara yol verilmir. Yəni iş adamları məhsulunu və ya xidmətini reklam edərkən digər bazar iştirakçılarının adını çəkməklə və əmtəəni göstərməklə müqayisə edə bilməz. Eyni zamanda reklam edilən əmtəənin başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədilməsinə yol verilmir. Bundan əlavə, Nazirlər Kabineti reklamı qadağan olunan əmtəələrin siyahısını təsdiqləyib. Qanunvericiliyə görə, həkim resepti əsasında buraxılan dərman vasitələrini, dopinq vasitələrini, süni mayalanma üzrə tibbi xidmətləri, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanları, qumar oyunlarını reklam etmək olmaz.

- Məhsul necə reklam olunmalıdır?

- Məhsulun necə reklam olunması “Reklam haqqında" Qanunun şərtlərinə uyğun həyata keçirilməlidir.

huseyn

- Bəzi hallarda müəyyən şirkətlərin və ya kafe-restoranların adları yalnız əcnəbi dillərdə yazılır. Azərbaycan dilində məlumatlar bəzən əcnəbi addan sonra göstərilir, bəzən ümumiyyətlə yazılmır. Belə hallar necə tənzimlənir və bu nə dərəcədə doğrudur?

- “Reklam haqqında” Qanunun 4.7-ci maddəsinin, həmçinin “Dövlət dili haqqında” Qanununun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən, reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydə alındığı formada göstərilməlidir. Qanunvericiliyə əsasən, sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ var. Xarici dildə ada malik olan, belə adla müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış (əmtəə nişanı şəhadətnaməsi) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edir.

2023-cü ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3914 reklamın yayımı dayandırılıb. Sökülən reklamların 472-si dövlət dili normalarının pozulması ilə bağlı olub. Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı şəhərində rast gəlinib. Azərbaycan dilinin təhrif olunması ilə bağlı paytaxda yayımı dayandırılan reklamların sayı cari ilin ikinci rübündə birinci rüblə müqayisədə 11% çox olub. Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən açıq məkan reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara 5294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub.

- Sonda reklam fəaliyyəti ilə bağlı vətəndaşlara demək istədiyiniz nələrsə varmı?

- Sahibkarlardan açıq məkanda reklam yerləşdirməzdən əvvəl Dövlət Reklam Agentliyindən icazə almaları xahiş olunur. Bu, həm də qanunun tələbidir. Belə olan halda iş adamları səhv istehsal olunmuş reklama görə ikiqat xərcə düşməyəcəklər. Həm də cərimə olunmayacaqlar. Vətəndaşlardan isə xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz həştəqi ilə paylaşsınlar və ya Agentliyin 1412 Çağrı Mərkəzinə məlumat versinlər.

Söhbətləşdi: Bünyamin Bünyadzadə