Close

Cəbrayıl Dövlətzadənin anası: “Ürəyimə dammışdı ki, oğlum şəhid olacaq” – MÜSAHİBƏ

Sentyabrın 27-də Azərbaycanın tarixi zəfəri ilə nəticələnən Vətən müharibəsinin başlamasının 3 ili tamam olacaq. TNS-in əməkdaşı savaşın 3-cü ildönümü ərəfəsində 44 günlük müharibənin ən gənc şəhidlərindən biri olan qəhrəman Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə ilə söhbətləşib.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2001-ci ildə anadan olub. Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Şəhid özünə ideal bildiyi general Polad Həşimovun yaxınlığında, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

c-6

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

- Məleykə xanım, Cəbrayıl Dövlətzadə necə xarakterli insan idi?

- Cəbrayıl  çox mülayim idi. O, heç  vaxt qəlb qırmazdı. Cəbrayıl pozitiv idi və həyatı çox sevirdi. Bütün qəlbi ilə həyatsevər və həm də çox qeyrətli oğul idi.

- Hərbi xidmətə getdiyi günü necə xatırlayırsınız?

- Oğlumun hərbiyə getdiyi günü heç zaman unutmaram. Mən taksi ilə yola salandan sonra hər gün “Cəbrayıl, anan qurban sənə, bəlkə geriyə qayıdasan”, - deyirdim. Amma o, qətiyyən razı olmurdu. Cəbrayıl hərbiyə sanki qanadlanıb uçaraq gedirdi.

c-5

- Onunla sonucu dəfə nə haqqında danışmışdınız?

- Oğlumla sonuncu dəfə onun ad günündə - 19 sentyabrda danışmışıq. Cəbrayıl mənə telefonla fotolar göndərmişdi. O, öz gələcəyi barədə danışırdı. Daha sonra müharibə haqqında üstüörtülü bir-iki söz dedi. Oğlumla telefon danışığımız zamanı səsini yazırdım. Çünki onun üçün darıxırdım. Mən Cəbrayılım üçün hər dəfə darıxanda telefonda oğlumun səsini dinləyirdim. Sanki ürəyimə dammışdı ki, oğlum şəhid olacaq.

-  Cəbrayılın qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldığı xəbərini nə zaman aldınız?

- Cəbrayılın şəhid olması xəbərini sosial mediada onun əsgər yoldaşları paylaşmışdı. Övladımın şəhid olduğu xəbərini qohumlarımdan eşitdim. O an artıq mən özümdə deyildim. Xəbəri eşidəndə keçirdiyim hisləri sözlə ifadə etmək mümkün deyil. Elə bir halda idim ki, oğlumla bağlı xəbərlərə baxa bilmirdim.

 - Oğlunuzu yuxularınızda tez-tez görürsünüz?

- Mən oğlumu əvvəllər yuxularımda tez-tez görərdim. Gördüyüm yuxunu tam xatırlayırdım. Son zamanlar da yuxularıma gəlir. Amma yuxunun təfsilatı yadımda qalmır.

 - Bu gün Azərbaycan gəncliyi Cəbrayıl Dövlətzadəni özünə nümunə bilir. Gənclərə tövsiyyələriniz nədir?

- Gənclərimizə ilk növbədə arzum odur ki, mərd və igid olsunlar. Qəhrəmanlıq dastanı yaradan oğlum Cəbrayıl kimi cəsur olsunlar. Bu gün Cəbrayılı ehtiramla yad edən milyonlarla insan var. Xalqımız və ölkəmiz var olsun. Elə bilirəm ki, bütün şəhidlər mənim balalarımdır. Oğlum Cəbrayılın simasında mərd və qeyrətli gənclərin hamısı mənə əzizdi.

Söhbətləşdi: Bünyamin Bünyadzadə

c-1

c-4