Close

1992-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşən türkiyəli jurnalist sirləri açdı: "Telefonları göstərib dedi ki..." - MÜSAHİBƏ

Türkiyənin təqaüddə olan tanınmış jurnalisti Kadir Sabuncuoğlu Bakıda səfərdədir. Kadir Sabuncuoğlu 1976-cı ildə jurnalist kimi fəaliyyətə başlayıb, 41 il bu sahədə fəaliyyət göstərib.

TNS ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zamanda onunla görüşən Kadir Sabuncuoğlu ilə söhbətləşib, təəssüratlarını öyrənib.

- Mətbuata necə gəldiniz?  

- Mən ərzurumluyam, orada müəllim işləyərəkən, medianı yaxından izləyirdim. Jurnalistikaya böyük həvəsim vardı. 1976-cı ildə “Hürriyyət” Xəbər Agentliyinin Ərzurum bürosuna işləmək üçün müraciət etdim və qəbul olundum. Mən bu peşəni usta-şagird prinsipi ilə öyrəndim. 1979-cu ildə “Hürriyyət”in bölgə təmsilçisi oldum. “Günaydın”, “Doğan” agentliklərində müxtəlif vəzifələrdə işlədim, 41 illik fəaliyyətimin sonunda təqaüdə çıxdım.

- İlk dəfə Azərbaycana nə vaxt gəlmisiniz?

- Biz Sovet İttifaqının tərkibində qardaşlarımızın olduğunu bilirdik, amma harada, necə yaşadıqlarından xəbərsiz idik. Sovet İttifaqının dağılmasından sonra ərazi baxımından bizə yaxın olan Naxçıvanla bağlı mütəmadi xəbərlər hazırlayırdıq. O zaman İğdır, Qars, Ardahan vilayətləri də bizim büronun tərkibində idi. Süleyman Dəmirəl dönəmində “Həsrət körpüsü” açıldı. O zamanlar Naxçıvanda elektrik enerjisinin verilməsində problem yaşanırdı. Sanki Naxçıvan bizim bir vilayətimizmiş kimi, Türkiyənin su, elektrik idarələri oranın ehtiyaclarını qarşılamağa çalışırdı. Biz mətbuat olaraq, mütəmadi bunları işıqlandırırdıq, Ankaranı problemlər, ehtiyaclar barə məlumatlandırırdıq. Məsələn, “Naxçıvan qaranlıqda qaldı” başlıqlı xəbər yayan kimi, müdaxilə edilirdi, oradakı soydaşlarımıza həssas yanaşılırdı. 1992-ci ildə Azərbycanda prezident seçkiləri keçirilmişdi, Əbülfəz Elçibəy prezident seçilmişdi. Bizi Elçibəylə müsahibə almaq üçün Azərbaycana yolladılar. Ərzurumdan Naxçıvana gəldik. O vaxt Heydər Əliyev Ali Məclisin Sədri idi. Onunla görüşdük, söhbət etdik. Bizdə Yusif Şenocaq adlı müxbir vardı, Əliyevlə mütəmadi olaraq, əlaqə saxlayırdı. Demək olar, onunla hər hər gün telefonla danışardı. Ermənilərin hücumları, Qarabağdakı təxibatları və digər xəbərləri Heydər Əliyevdən alıb, yayırdıq. 1992-ci ildə Naxçıvana gəldik, Ali Məclis binasındakı otağında Heydər Əliyevlə görüşdük. Otağında 8-9 telefon vardı, gülərək, dedi ki, bunların sadəcə biri işləyir, o biriləri boşdur. Bizimlə elə zarafat elədi. Çox güclü bir lider, siyasətçi idi.

- Sizinlə həmin vaxt nə danışdı, nə mesajlar verdi? Əsasən nələrin Türkiyə ictimaiyyətinə çatdırılmasını istədi?

- Həmin vaxt əsas “Bir millət, iki dövlət” fikrini dilə gətirdi, xaricdəki azərbaycanlıların birləşməsinin vacib olduğunu, qarışıqlığın, xaosun tez keçəcəyini, suların durulacağını, böyük ölkə olmaq yolunda irəliləyəcəklərini dedi. Bəlkə xəyal etdiklərini anlatmışdı. Sonra bərabər çay içdik, bizə Naxçıvandan Bakıya gedə biləcəyimizi dedi, biletlərimizi aldıq, Bakıya uçduq. Bakıda da insanların çox isti münasibətilə qarşılaşdıq. Bir qadının sözlərini xatırlayıram: “Gözümüz yollarda qaldı, niyə gec gəldiniz?”. Yazdığım kitaba bu söhbətimizi də saldım. Azərbaycanda Türkiyəyə bir ümid kimi baxırdılar. Çox gözəl türkcə danışırdılar. O qədər basqı altında qalıb, dilini unutmamaq çox önəmlidir. Çox rahat anlaşırdıq, sanki öz Vətənimizdə idik.

- Heydər Əliyev söhbət zamanı o vaxtkı Azərbaycan iqtidarını, prezidenti tənqid edirdimi?

- O məsələlərdə bir az siyasi davranırdı, bir söz demirdi.

- Siz soruşdunuzmu? Çünki o vaxtlar iqtidar Heydər Əliyevi tənqid edirdi.

- Üstüörtülü bir şeylər dedi, amma birbaşa Elçibəy haqqında heç nə demədi. 

- Türkiyə ilə bağlı nələr dedi, qardaş ölkədən gözləntiləri nə idi?

- Türkiyədən həm xalqın, həm Heydər Əliyevin çox böyük gözləntisi vardı. “Türkiyə böyük dövlətdir, yanımızda olmalı, bizə dəstək verməli, problemlərimizin həllinə yardım etməlidir” kimi fikirlər səsləndirdi. Heydər Əliyev qısa müddətdə problemlərin öhdəsindən gəlinəcəyini, ölkənin inkişaf edəcəyini deyirdi. Biz Ərzurumda olanda Ali Məclis Sədri kimi bir neçə dəfə ora gəldi, o zaman vilayətin valisi Mehmet Ağar idi. 1992-ci il idi, Türkiyə Böyük Millət Məclisində çıxış edəcəkdi. Naxçıvandan İğdıra keçib, Ərzuruma gəldi, oradan da Ankaraya gedəcəkdi. Çünki həmin vaxt təkcə Ərzurumdan Ankaraya təyyarə vardı. Mehmət Ağar onu Ərzurumdan yola salacaqdı. Biz orada Heydər Əliyevlə görüşməyə getdik, o, dadaş paltarı geyinmişdi, bütün aksesuarları vardı. O zaman “Dadaş Aliyev”  başlığı ilə “Hürriyyət”in 1-ci səhifəsində yazı vermişdik. Bir gecə Ərzurumda qaldı, Palandökəndə şərəfinə ziyafət verildi. Sonra Ankaraya getdi. Heydər Əliyevin üç dəfə Ərzurumdan Ankaraya getdiyini bilirəm.

- Heydər Əliyevlə neçə dəfə görüşmüsünüz?

- Bir dəfə Naxçıvanda, bir dəfə də Ərzurumda.

- İlk dəfə 1992-ci ildə də Bakıda olmusunuz, bir də 2023-cü ildə gəlmisiniz. Təəssüratlarınız maraqlıdır.

- 31 ildə heç gəlməmişəm. Çox heyrətləndim. Bakı dodaq uçuqladacaq şəkildə dəyişib, inkişaf edib. 30 ildə bu qədər dəyişəcəyini təxmin etməzdim. O zamanlar çox asan şəhərdi Bakı. İndi tanımaqda çətinlik çəkirəm. Modern şəhər olub, qardaşlarımızın da belə bir yerdə yaşaması bizi qürurlandırır. Heydər Əliyevin anadan olmasının, Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünün eyni ildə olması da gözəl bir təsadüfdür.

- Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Əlaqələr çox yaxşı olsa da, tam istədiyimiz səviyyədə deyil. Münasibətlərin daha yaxın, daha isti, Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” sözünün gerçək olmasını istəyərəm.

- Əlaqələrin daha da inkişafı üçün sizcə, başqa nələr edilməlidir?

- Hər sahədə bir-birimizə dəstək verməliyik. Siyasətdə, xarici əlaqələrdə, ticarətdə. Birlikdə hərəkət etmənin faydası çoxdur. Mənim heç çətinlik çəkmədiyim iki şəhər var: Bakı və Təbriz. İkisində də özümü doğma Vətənimdə hiss edirəm. Təbrizdə də çox gözəl türkcə danışırlar. 18 yaşında bir qızla söhbət etdim, “İstanbuldanmı gəldin?”, - soruşdum. Dedi, “yox”. Türkcəni televiziyadan, seriallardan öyrənib.

- Siz necə düşünürsünüz? Gələcəkdə Türkiyənin də dəstəyi ilə Güney Azərbaycanda mütəqil bir dövlət qurula və ya Azərbaycanın Güneyi Quzeyinə birləşə bilərmi?

- Bu, insanların qarşılıqlı istəyinə bağlıdır, sovetlərin dağılacağını Atatürk 1925-də deyəndə heç kim ehtimal etməmişdi. Amma dağıldı, hər kəs öz milli kimliyi ilə ortaya çıxdı. İran da dağıla bilər.

Söhbətləşdi:

Tural Səfərov,

Gülşən Hacıyeva

ks1 ks4 ks5 

ks3