Close

Rus rublu qırmızı xətti keçib, Türkiyə lirəsi kəskin ucuzlaşır – Manatı nə gözləyir? - MÜSAHİBƏ

Rusiya və Türkiyənin valyutası sürətlə ucuzlaşır. Bu prosesdən sonra hər kəsi Azərbaycan manatının taleyinin necə olacağı düşündürür.

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bununla bağlı TNS-in suallarını cavablandırıb.

-Fikrət bəy, Rusiya və Tükiyə valyutası sürətlə dəyər itirir. Necə düşünürsünüz, bu valyutaların hansı daha tez sabitləşəcək?

-Rusiyanın Ukraynaya hərbi təcavüzünün başladığı 2022-ci ilin fevral ayının 24-dən etibarən rus rublu dayanmadan dəyər itirməkdədir. Əslində rubl müharibədən öncəki aylarda da kəskin dəyər itirməyə başlamışdı. İşğalçı müharibə başladıqdan sora on illərdir, ABŞ dollarından yaxa qurtarmaq üçün çabalayan Rusiya dünyaya öz ölkəsinin “iqtisadi və maliyyə gücünü” nümayiş etdirmək məqsədilə uğursuz bir şou göstərdi. Müharibə başlayan vaxtda 1 dollar 83 rubla dəyişdirilirdisə, müharibənin başlaması ilə Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar fonunda iyun ayının sonunda Rusiya Mərkəzi Bankı 1 dollar üçün 51 rubl alış kursu müəyyən etdi. Təbi ki, bu siyasi oyun, Rusiya hökumətinin dünyanı aldatmaq üçün etdiyi növbəti blef və ya olmayan əzələlərin nümayişi idi. İqtisadiyyatı onsuz da acınacaqlı vəziyyətdə olan bir ölkənin milli valyutasının bu qədər ağır sanksiyalardan sonra çökməsi labüd idi. Bu gün artıq rus milli valyutası qırmızı xətti keçərək, 1 dollar üçün 101 rubl səviyyəsinə yüksəldi. Bu hələ son deyil, Rusiyada rəsmi defolt elan olunana qədər rublun ucuzlaşması davam edəcəkdir.

fikret-yusifov

Qardaş Türkiyədə də lirə Rusiya-Ukrayna müharibəsi başlayan vaxtdan bu günə qədər kəskin dəyər itirib. Belə ki, əgər 2022-ci il fevral ayının 28-də 1 dollar 13,8 lirəyə bərabər olmuşdusa, bu gün artıq məzənnə 1 dollar üçün 27 lirədən çoxdur, yəni bu dövrdə lirə iki dəfəyə qədər dəyər itirib.

Rusiyadan fərqli olaraq Türkiyə lirəsinin orta perspektivdə sabitləşəcəyi gözlənilir. Rublun taleyini isə Rusiyanın Ukraynaya qarşı açdığı işğalçı müharibə artıq demək olar ki, həll etmək üzrədir. Rusiya 1998-ci ildə düşdüyü defolt quyusundan beynəlxalq maliyyə institutlarının maliyyə dəstəyi ilə çıxa bilmişdisə, bu dəfə ona belə yardımı heç bir tərəf göstərməyəcək.  

-Böyük ticarət tərəfdaşlarımız olan Rusiya və qardaş Türkiyədə valyutaların belə kəskin ucuzlaşması manatın məzənnəsinə necə təsir edəcək?

-Öncə onu deyək ki, Rusiyada və Türkiyədə strateji valyuta ehtiyatları Azərbaycanın strateji valyuta ehtiyatları ilə müqaisə edilə bilməz. Türkiyədə bu ehtiyatlar bu gün demək olar ki, yox səviyyəsindədir, Rusiyanın isə bir tərəfdən strateji valyuta ehtiyatlarının böyük bir hissəsi sanksiyalar səbəbindən xarici banklarda dondurulub, digər tərəfdən, Rusiya neftinin, qazının satışına Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən bu ölkə hər gün milyardlarla dollar vəsait  itirir.

Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard dollara və ya az qala bir illik Ümumi Daxili Məhsulumuzun həcminə yaxın bir səviyyədədir. Xarici ticarət dövriyyəmizin müsbət saldosu 27 milyard dollardan artıqdır. Bütün bunlar o deməkdir ki, milli valyutamızın yetərincə böyük təhlükəsizlik yastığı mövcuddur.

Beləliklə, Azərbaycan milli valyutası 2016-cı ilın əvvəllərindən nümayiş etdirdiyi sabitliyi hələ bundan sonra da istənilən qədər nümayiş etdirə biləcəkdir. Yaxın bir neçə ildə manatın məzənnəsində hər hansı bir dəyişikliyin baş verməsi gözlənilən deyil. Azərbaycan hökumətinin və Mərkəzi Bankın bir neçə il sonra zərurət olduğu tədqirdə, düşünülmüş  şəkildə bu məsələnin üzərinə qayıtması mümkündür. İqtisadi inkişafa yeni implusun verilməsi üçün bəzən hökumətlər bilərəkdən milli valyutanın məzənnəsində yumşalmalara gedə bilirlər.

-Bəs qonşu ölkələrdə milli valyutaların belə ucuzlaşması bizim üçün hansı mənfi nəticələrə gətirib çıxara bilər?

Nəzərə alsaq ki, bu ölkələrdə çalışan soydaşlarımızın böyük əksəriyyəti orada yerli valyuta ilə qazandıqları pulun bir hissəsini dollara konvertasiya edərək Azərbaycanda yaşayan yaxınlarına göndərirlər, bu halda belə göndərişlərin təcmi təbii olaraq azalacaqdır. Bir başqa məslə isə bu ölkələrə sahibkarlarımız tərəfindən edilən ixrac məhsullarımız üzrə baş verən itkilərlə bağlıdır. Belə ki, bu məhsullar həmin ölkələrin daxili bazarlarında heç də bu ölkələrin milli valyutalarının ucuzlaşdığı səviyyəyə uyğun gələn qiymətlərlə satılmır. Bu səbəbdən onlar həmin ölkələrin daxili bazarlarında satılan məhsullara görə daha az xarici valyuta əldə etmiş olurlar.

Müsahibə üçün sağ olun.