Close

Qüdrət Həsənquliyev: "Qarabağda mütləq antiterror əməliyyatının keçirilməsinə ehtiyac olacaq"

Son zamanlaradək Ermənistanla sülh sazişinin imzalanacağı barədə düşüncələr var idi. Bir çoxları hesab edirdi ki, nəhayət, sonrakı məsələlər masa ətrafında həll olunacaq. Xüsusilə də Azərbaycanın sərhəd bölgəsində dəqiqləşmə prosesini aparmasına qarşı tərəfin sakit reaksiyası bu ümidi yaradırdı.

Amma qəfildən silahlar işə düşdü, düşmən təxribata əl atdı. Ardınca azıb Ermənistan ərazisinə keçən əsgərlərimizə qarşı görünməmiş işgəncələr verən ermənilər bunu sosial şəbəkələrdə yayaraq, sanki meydan oxumağa çalışdılar. Nəhayət, sonuncu hadisə, İrəvandakı idman yarışında Azərbaycan bayrağının yandırılması sülhə doğru atılan addımların üstündən xətt çəkdi. Nə baş verdi? Ermənistan bununla nəyə nail olmaq istəyir? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevlə müsahibəmizdə əvvəlcə bu suallara cavab almaq istədik:

 - Qüdrət bəy, Ermənistan və Azərbaycan arasında baş verən son hadisələrin ardınca Moskva liderləri öz meydanında görüşdürmək istədiyini bildirdi, Qərbin isə öz maraqları var təbii ki... Yenidən gərginləşən Ermənistan-Azərbaycan münasibətləri fonunda daha geniş miqyasda müşahidə olunan qarşıdurma, sizcə, nə vəd edir?

- Hamı bilir ki, Paşinyan Qərbin  dəstəyi ilə hakimiyyətə gəlib.  O və ətrafındakılar sorosçudur. Qərb onu özününkü sayır və onun mövqeyinin Ermənistanda güclü olmasını istəyir. Qərbdə həm islamofobiya var, həm də çoxları məsələyə xristian həmrəyliyindən yanaşır. İki xristian ölkəsi arasında konflikt olanda Qərb haqlının və onunla olanın yanında olmağa çalışır. Amma tərəfin biri müsəlman ölkəsidirsə, artıq orada kimin haqlı olmasından asılı olmayaraq, xristian ölkəsi müxtəlif formalarda dəstəklənəcək. Bu baxımdan, bizim işimiz çətindir. Qərb hazırda münaqişənin həllində maraqlı deyil. Ona görə Ermənistana beynəlxalq hüquqa əməl etməsi və öhdəliklərini yerinə yetirməsi üçün hansısa formada təzyiq etmir. Açıq mesajlar vermir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistanda cəmiyyətin reallıqla barışması üçün birmənalı mövqe ortaya qoymur. Ermənistan geosiyasi vəziyyətin dəyişəcəyi ümidi ilə sülh  sazişini imzalamaqdan yayınır, prosesi uzatmaq yolu tutub. Ermənilər bizimlə daha 30 il danışıqlar aparmaq niyyətindədirlər. Azərbaycan 2020-ci ildə hərbi əməliyyat keçirməsəydi, heç kim işğal altındakı torpaqları qaytaran deyildi. Müharibədən sonra Paşinyan da mətbuata ilk açıqlamasında demişdi: “Bizim səhvimiz o idi ki, bir qarış da olsun torpağı Azərbaycana qaytarmaq istəmirdik”. Yəni işğal etdikləri 20 faiz ərazimizin hamısını əbədi öz nəzarətlərində saxlamaq istəyirdilər. İndi də fikirləşirdilər ki, Ukraynada münaqişəyə cəlb olunan Rusiyanın oradan sağ çıxmaq ehtimalı azdır. Hesab edirlər ki, Rusiya  məğlub olandan sonra hakimiyyət dəyişəcək, qərbyönümlü bir adam hakimiyyətə gələcək, o da Qorbaçov, Yeltsin kimi Qərbin təzyiqi ilə Ermənistanın işğalçılıq siyasətini açıq formada dəstəkləyəcək. Onlar da bizim torpaqları yenidən işğal edəcəklər. Ermənistandakı əksər siyasi ekspertlərin də mövqeyi budur.

- İki gün əvvəl Ermənistan hökuməti növbəti dəfə sülh müqaviləsinin anonsunu verdi, özünü “sülhpərvər” göstərməyə çalışdı. Rəsmi İrəvanın 29,8 min kv.km-lik ərazisinə təminat istədiyi barədə mövqeyi nə dərəcədə inandırıcıdır?

- Bəziləri deyir ki, Paşinyan sülh istəyir, bu, kökündən yanlışdır. Paşinyan hiyləgərcəsinə beynəlxalq birlik qarşısında özünü “sülhpərvər” göstərmək istəyir. Sülh sazişini imzalamağa hazırsansa, imzala da, kim mane olur?! Bu, bilirsiniz nəyə oxşayır? Gürcüstan prezidenti deyir Saakaşvilinin həbsdə saxlanmasını mən də düzgün saymıram, amma əfv də eləmir. Niyə? Deyir onun haqqında başqa bir cinayət işi var. Yaxşı, sən əfv elə, qoy başqa cinayət işi üzrə təzədən tutsunlar. Sadəcə, onun özü də bir tərəfdən Qərblə işbirliyindədir, istəyir ki, Qərb rusiyayönümlü İvanişvilini dəyişsin. Digər tərəfdən, bir əli də İvanişvilinin cibindədir. İndi Paşinyan eyni mövqeyi sərgiləyir. Sülh istəyirsən, gəl, Azərbaycanla sülhü imzala, de ki, sənin ərazi bütövlüyünü tanıdım. Amma deyir, mən ancaq o halda  sülh sazişi imzalayacam ki, həmin sazişdə Qarabağın statusu məsələsi öz əksini tapacaq. Bunun özü “sülh istəmirəm” deməkdir.

- Nikol Paşinyan son zamanlar davamlı şəkildə bütün günahları keçmiş hakimiyyətlərin üzərinə yıxmaq kursu götürüb və ziddiyyətli mövqeləri bitmir...

- Qorbaçov kimi ermənipərəst birisi o dövrdə Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edə bilmədi. Ona görə ki, 1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikaların ərazi bütövlüyü toxunulmazdır və onların razılığı olmadan dəyişdirilə bilməz. Nə muxtar respublikaların, nə də muxtar vilayətlərin müttəfiq respublikaların tərkibindən çıxmaq səlahiyyəti olub. Bu hüquq konstitusiya ilə yalnız müttəfiq respublikalar üçün tanınırdı. Muxtar vilayətlərin  statusu müttəfiq respublikaların ali sovetinin qəbul etdiyi qanunla müəyyən edilirdi. Paşinyan iddia edir ki, 2007-ci ildə  “Madrid prinsipləri”ni qəbul etməklə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, guya ona qədər Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxması üçün hansısa hüquqi əsas olub. Bu, cəfəngiyyatdr və ağ yalandır. Onların heç vaxt belə bir hüquqi əsası olmayıb. Olsaydı, dünya birliyi çoxdan Qarabağın “müstəqilliyi”ni də tanımışdı, hələ başqa addımlar da atmışdı.

- Xəlfəli yolunda hərbçilərimizi qətlə yetirən terrorçuları mükafatlandırmaqla yenidən heysiyyətimizə toxunan Ruben Vardanyan layihəsi bir az diqqətdən kənarda qalsa da, faktiki olaraq tam şəkildə aradan qaldırılmayıb. Bu məsələ necə həllini tapmalıdır?

- Hamı bilir ki, onun məqsədi sülhə mane olmaqdır. Qarabağda onun “qəhrəman”, “Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisi”, onların “xilaskarı” obrazı yaradılır, sonra da  Ermənistanda vəziyyət gərginləşdirilir, Köçəryan və Sərkisyan kimi, o da İrəvanda hakimiyyətə gətirilir. Vardanyan Qarabağ üçün gəlməyib, onun niyyəti Ermənistandır. Qısa bir müddətdə Paşinyan sülh sazişi imzalaya bilməsə,  onu devirəcəklər. Onu da qeyd edim ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalasa da, onun devrilmək ehtimalı böyükdür. Amma bir var sülh imzalayıb, xalqını müharibədən çıxarasan - bu halda  gələcək nəsillər sənə bəraət verəcək və səni bir qəhrəman kimi xatırlayacaqlar - bir də var səni satqın kimi devirələr.  Ermənistanda elə bir vəziyyət yaradacaqlar ki, ermənilərin özləri Vardanyanı hakimiyyətə çağıracaq. Proseslər o istiqamətdə gedir. Bilmirəm, Paşinyanın ağlı çatır, bunu başa düşür, ya yox. Vardanyanın əsas vəzifəsi odur ki, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya olunmasına mane olsun. Paşinyanın ağlı və cəsarəti çatmasa, tezliklə sülh sazişi imzalamasa, onu ən yaxşı halda növbəti seçkidə məğlub edib sonra da həbsə atacaqlar.

- Belə bir durumda, Ermənistan hakimiyyəti sülhdən yayındığı halda, növbəti böyük toqquşma gözləniləndirmi?

- Sizə açıq deyirəm, qardaş ölkə Türkiyənin başı seçkilərə qarışıb. Ona görə də Türkiyə bir çox məsələlərdə, xüsusən qonşularla bağlı məsələlərdə ehtiyatlı siyasət yürüdür və seçkinin nəticələrini gözləyir. Türkiyədən başqa, hazırda nə Rusiya, nə İran, nə regionda marağı olan böyük güclər  sülhün olmasında maraq göstərir. Ona görə də bizim danışıqlar yolu ilə bu problemi həll etmək imkanımız yoxdur. Danışıqlar yolu ilə Qarabağ ermənilərini heç vaxt  Azərbaycanın yurisdiksiyasına  qaytarmaq mümkün olmayacaq. Qarabağda mütləq antiterror əməliyyatının keçirilməsinə ehtiyac olacaq. Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün təzyiqləri artırmalıdır. Hər bir erməni vətəndaş başa düşməlidir ki, onlar Azərbaycana yönəlik ərazi iddialarından əl çəkməyənə qədər rahat yaşaya bilməyəcəklər və bu  onlara  baha başa gələcək. Bu istiqamətdə iş gedir, müəyyən danışıqlar aparılır, sülhün sarsıntılarsız, yeni toqquşmalarsız baş verməsini istəyirik. Laçında dövlət sərhədini bərpa etməliyik. Ermənistandan Qarabağın yuxarı hissəsinə icazəsiz qaz kəməri, elektrik xətti, internet çəkiblər, onlar kəsilməlidir! Qarabağdakı erməni sakinlərin elektrik və qazla, internetlə təminatını Azərbaycan dövləti həyata keçirməlidir. Qarabağdakı ermənilərin çoxu ələbaxan yaşamağa öyrənib. Onlar diasporun, xarici dairələrin göndərdiyi pullar hesabına yaşayırdılar. Buna son qoymaq üçün cənab Prezident də dedi ki, biz Qarabağdakı erməni sakinlərlə investisiya yatırılması, onların Azərbaycana reinteqrasiya olunması məsələlərini də müzakirə etməyə hazırıq. İnvestisiya qoyulacaq, iş yerləri açılacaq, işləyəcəklər, özləri pul qazanacaq və qazın, işığın pulunu ödəyəcəklər, Azərbaycanın digər vətəndaşları kimi...(musavat.com)