Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Biz Qarabağda nələri itirmişdik? – İlham Əliyev Azərbaycan iqtisadiyyatını da bütövləşdirir - XV YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 15-ci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanı heyran edən Qarabağ Zəfərinə imza atmaqla yalnız torpaqlarımızın deyil, tariximizin, mədəniyyətimizin,  iqtisadiyyatımızın itirilmiş böyük bir parçasını geri qaytardı. Biz bu Zəfərlə tək torpaqlarımızı, mədəniyyətimizi, iqtisadiyyatımızı deyil, 30 il ərzində itirdiyimiz milli qürurumuzu da geri qaytardıq! Bu Zəfərlə İlham Əliyev 200 illik tarixi gedişi dəyişərək itirilmiş torpaqları geri qaytaran yeganə Sərkərdə kimi öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı...

Qarabağın işğalına qədər orada nələr var idi? Biz nələri itirmişdik? Öncə bu suala cavab verək.

Biz 30 il işğal altında olan bu ərazilərdə Azərbaycanın sənayesi və tikinti sektoru üçün xüsusi əhəmiyyət kəsb edən Ağdam rayonun ərazisində yerləşən, 140 milyon ton əhəng, 20 milyon ton müxtəlif gil ehtiyatları olan Çobandağ yatağını, 45 milyon ton gil ehtiyatı olan Boyəhmədli, 25 milyon ton gil ehtiyatı olan Şahbulaq yataqlarını, Xankəndində iri tikinti daş yataqlarını, Harov kimi mərmər yataqlarını itirmişdik.

Erməni işğalına qədər bütövlükdə Qarabağda ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən, 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu bulağı üzərində 80-ci illərdə tikilmiş  mineral sudoldurma zavodunda sutkada 800 min litr su istehsal edilirdi.

Sovetlər dönəmində Azərbaycan büdcəsinin vəsaitləri hesabına Qarabağda ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14 500 km uzunluğunda elektrik xətləri, 2300 km su kəməri xətləri, 2 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri çəkilmişdi. Bu dövrdə 160 sututar, 30-dan çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları istifadəyə verilmişdi.

Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti mövcud idi və bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11 %-ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni verirdilər.

Yuxarı Qarabağ zonası Azərbaycanın kənd təsərrüfatı üçün ən əlverişli regionu idi. Bu regionda taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.

İşğala qədər bölgədə 311 kənd təsərrüfatı müəsisəsi, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq sovxozları, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisə, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min hektar kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min hektar əkin yerləri, 40 min hektar bar verən cavan üzüm plantasiyaları var idi. Bu torpaqlarda hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof və s. bitkiçilik məhsulları istehsal edilirdi. Bundan başqa, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi saxlanılırdı və hər il 20 min ton ət, 75,5 min ton süd, 846 ton heyvandarlıq məhsulları istehsal edilirdi.

Qarabağın 30 il işğal altında qalması nəticəsində Azərbaycan iqtisadiyyatı bütün bunların hamısından məhrum oldu. Otuz il ərzində erməni vandalları Qarabağ torpaqlarımızdakı təbii ehtiyatları vəhşicəsinə taladılar. İşğaldan sonra bu ehtiyatların monitorinqi keçirilib başa çatdıqdan sonra onların hansı hissəsinin yararlı olması barədə qənaətə gəlinəcəkdir.

İşğal dövründə yuxarıda sadaladığımız bütün müəssisələr, qurğular, avadanlıqlar, yollar erməni vandalları tərəfindən tamamilə dağıdılmışdı.

Otuz il ərzində dağıdılıb yerlə yeksan edilmiş bu aktivlər Azərbaycan dövlətinə vurulmuş yüz milyardlarla dəyərində zərərdir. Azərbaycan Ermənistanın işğalı nəticəsində vurduğu ziyanın dəyərini ödəmək üçün beynəlxalq hüquq qarşısında məsələ qaldırıb, dəymiş ziyanın qarşılanması üçün təzminat ödənilməsini tələb edəcək. Bu, mütləq baş verəcəkdir. Ancaq bu gün Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi altında Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa işləri aparır. Bu gün ölkəmizin bu regionları nəhəng tikinti meydanını xatırladır.

Qarabağın 20%-nin işğal altında qalması Azərbaycan iqtisadiyyatı üçün böyük itki demək idi. Biz bu torpaqlarda mövcud olmuş müəssisələr, kommunikasiyalar və s. itirməklə yanaşı, 30 il ərzində bu müəssisələrdə hər il istehsal olunan və dəyəri indiki qiymətlərlə milyard manatlarla ölçülə biləcək məhsulların alınmasından da məhrum olmuşduq. Qarabağın işğalı ilə işğal altında olan torpaqlarımıza sərhəd olan ərazilərimiz də atəş altında qaldığından, 30 il ərzində bu ərazilərdə də kənd təsərrüfatı və  digər işlərlə məşğul olmaq mümkün olmamışdı. Bütün bunlar ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun böyük bir hissəsinin itkisi idi. İşğaldan sonra bu ərazilərdə baş tutacaq istehsal prossesləri Azərbaycan iqtisadiyyatına böyük töhvə verəcəkdir və bütövlükdə Ümumi Daxili Məhsulumuzun artımını təmin edəcəkdir.

Bu gün aparılan quruculuq işləri ilə yaxın illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir.

Qarabağ Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi kimi onun iqtisadiyyatının da bütövlüyünü təmin edəcəkdir!