Close

Prezident İlham Əliyev bu arzuolunmaz prosesin qarşısını alır - XIV YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 14-cü yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqram sənədində deyilir: “Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır”.

Üç il öncə qəbul edilmiş və 2030-cu ilə qədər dövrü əhatə edəcək poqram sənəddə öz əksini tapmış bu fikirlər Prezidentin regionların inkişafına dair 2003-cü ildə müəyyən etdiyi kursun yeni mərhələdə daha uğurla inkişafını ehtiva edir.

Son 20 ildə Azərbaycan regionlarının siması əsaslı şəkildə dəyişib. Bu dəyişikliklər ilk növbədə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi və 2004-2023-cü illəri əhatə edən dörd proqramda nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində mümkün olub. Regionlarımızın bugünkü görkəmini 20 il bundan öncəki ilə müqaisə etmək mümkün deyil.

Ötən 20 il ərzində regionların sosial-iqtisadi inkişaf proqramları ilə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması nəticəsində yerlərdə münbit biznes mühütü formalaşıb. İndi Azərbaycanın istənilən bölgəsi yerli və xarici investisiyaları cəlb etmək üçün tam hazırdır. Bu gün Azərbaycanın bütün bölgələrində yol, elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı heç bir problem yoxdur. Bütün bunlar regionlara investisiyaların cəlbi, yerlərdə yeni iş yerlərinin açılması və bununla da ölkə iqtisadiyyatına yeni töhfələrin verilməsinə yol açıb.

Regionların son 20 ildəki inkişafını xarakterizə edən bir sıra göstəricilərə nəzər salmaq yetərlidir ki, bu illər ərzində dörd Dövlət Proqramının reallaşdırılması hesabına əldə olunmuş nəticələrin nə qədər möhtəşəm olduğunu əyani şəkildə görmək mümkün olsun.

Beləliklə, son 20 il ərzində  regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının reallaşdırılması çərçivəsində bölgələrə 104 milyard manat investisiya yatırılıb. Bu illər ərzində ümumilikdə respublika üzrə 21 000 kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu çəkilib, yenidən qurulub və təmir olunub, 500-dən çox körpü və tunellər, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Əgər respublikamızda 2003-cü ildə birinci dərəcəli avtomobil yollarının uzunluğu 115 km təşkil edirdisə, 2023-cü ildə bu rəqəm  9 dəfəyə qədər artaraq, 1025 km təşkil edib.

Son 20 il ildə paytaxtda və regionlarda, ümumilikdə, 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub ki, bundan da 3 300-dək məktəb, 550-dən çox tibb müəssisəsi regionların payına düşür. Bundan əlavə, ötən 20 ildə regionlarda 450-dən çox uşaq bağçası tikilib və ya əsaslı təmir olunub, 41 olimpiya idman kompleksi inşa edilib.

2023-cü ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 14 dəfəyə yaxın böyüyüb, 2004-2023-cü illər ərzində bölgələrdə 52 mindən çox yeni müəssisə yaradılıb, 1,8 milyondan çox yeni iş yerləri açılıb, 8 hava limanı tikilib və ya yenidən qurulub.

İqtisadi aktivliyin artması nəticəsində yerlərdə sahibkarların da sayı sürətlə artıb. Belə ki, əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti var idisə, indi qeydiyyatda olan vergi ödə­yicilərinin sayı 1,4 milyonu keçib, aktiv vergi ödəyicilərinin sayı isə 712 min nəfərə çatıb. Bu illər ərzində sahibkar­lığın inkişafına dövlət dəstəyi də diqqətdə saxlanılıb. Son 20 il ərzində İqtisadiyyat Nazirliyi yanında Sa­hibkarlığın İnkişafı Fondu tərəfin­dən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində sahibkarlıq subyektlərinin 42,7 min investisi­ya layihəsinin maliyyələşdirilmə­sinə 2,8 milyard manat güzəştli kreditlər verilib. Bu kreditlərin 75 faizi regi­onların payına düşüb və elə bunun nəticəsidir ki, həmin layihələr çərçivəsində açılan 178 mindən çox yeni iş ye­rinın 142 mini və ya 80 faizə qədəri də regionların payına düşüb. 

Azərbaycanda sahibkarlığın inkişafı bu gün regional iqtisadi siyasətin ən mühüm elementlərin­dən biridir.

Regionların dinamik inkişafın­da sənaye parkları və zonalarının yaradılması ilə yeni mərhələ baş­lanıb. Hazırda Azərbaycanın iqtisadi zonalarında 138 sahibkarlıq subyekti rezident statusu ilə fəaliyyət göstərir ki, onların ümumi investisiya yatırımlarının həcmi 7 milyard manatdan artıq olub. Ölkəmizdə hal-hazırda Sumqayıt, Mingəçe­vir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası” kimi  7 səna­ye parkı, Hacıqabul, Nefçala, Masallı, Sa­birabad və Şərur kimi 5 sənaye məhəllələri uğurla fəaliy­yət göstərir. Bu günədək sənaye zonalarında 11 milyard manatdan çox məhsul istehsal olunub və həmin məhsulun 3,6 milyard manatı ixrac edilib.

Yerlərdə aqrar sektorun işinin müasir tələblərə cavab verə biləcək səviyyədə yenidən təşkili istiqamətində də ciddi işlər aparılır. Bu sırada 2020-ci ilin avqust ayında Yevlax və Sabirabad rayonlarının ərazisində pilot layihə kimi yaradılmış Aqroparkların fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidentinin son 20 ildə regionların inkişafı ilə bağlı qəbul etdiyi qərarların, atdığı addımların əsas hədəflərini Onun özündən yaxşı heç kim bilmir. Bu gün bütün dünyada sürətlə urbanizasiya prosesləri baş verir – yəni dünyanın bütün ölkələrində kənd əhalisi sürətlə şəhərlərə axışır. Dünyada baş verən bu prosseslər Azərbaycandan da yan keçməyib. 

Son 200 ildən artıq bir zaman kəsiyində şəhər və kənd əhalisinin strukturunun necə dəyişdiyinə nəzər salsaq, bu gerçəklərin tarixən necə baş verdiyini daha aydın təsəvvür edə bilərik. Belə ki, 1880-ci ildə dünya əhalisinin cəmi 3,0%-i şəhərlərdə yaşasa da, bu rəqəm 100 il sonra, yəni 1980-ci ildə 13,6%-ə, 2000-ci ildə 47,4 %-ə çatmışdı. Nəhayət, 2020-ci ildə dünyada şəhər əhalisinin xüsusi çəkisi 55,7%-ə çatdı və Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin 2/3 hissəsi – yəni hardasa 66%-i şəhərlərdə yaşayacaqdır.

Prezident İlham Əliyev dünyada gedən bu prosseləri hər kəsdən yaxşı bilir və hər kəsdən daha doğru dəyərləndirir. Onun son 20 ildə ölkədə regionların sürətli inkişafını təmin edəcək proqramlara rəvac verməsinin arxasında dayanan əsas mətləblərdən biri də dünyada gedən və Azərbaycanın da istisna təşkil etmədiyi bu arzuolunmaz prosesin qarşısını ölkəmizdə maksimum  almaqdır. Ona görə Prezidentin regionların inkişafı ilə bağlı müəyyən etdiyi kursun əsas hədəfi, uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq və bununla da mövcud problemin həllinə nail olmaqdır…