Heydər Əliyev yolu davam etdirilir – Prezidentin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır - XIII YAZI
“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 13-cü yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.
Azərbaycanda güclü sosial müdafiə sisteminin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən hələ 1970-ci illərin əvvəllərində qoyulub. Sovetlər İttifaqının tərkibində olan Azərbaycana yenicə rəhbərlik etməyə başlamış Heydər Əliyev fəaliyyətinin ilk günlərindən respublikanın iqtisadiyyatının sürətli inkişafı və bu zəmində insanların həyat tərzinin kökülü şəkildə dəyişdirilməsi istiqamətində fundamental islahatlara rəvac verib. Azərbaycan ən qısa zaman ərzində geridə qalmış aqrar respublikalar sırasında önə çıxıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyişlərə nail olunub, Azərbaycanda misli görünməmiş tikinti quraşdırma işlərinə, yeni sənaye müəssisələrinin yaradılmasına başlanılıb. Görülən işlər respublikada məşğulluq imkanlarını əsaslı şəkildə genişləndirib, insanların həm kənddə, həm də şəhərdə həyat tərzində ciddi dönüş yaranıb, onların maddi rifah halı yetərincə yaxşılaşdırılıb.
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkəmizin sosal həyatında yeni inkişaf mərhələsi başlanıb. Müstəqilliyimizin ilk illərində sosial sferada əldə olunan uğurları təmin etməyin əsas şərti bu islahatların hüquqi bazasını yaratmaq idi. Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində 60-dan artıq qanun, fərman və sərəncam qəbul olunub. Həmin illərdə Onun rəhbərliyi altında ölkədə əmək, məşğulluq, sosial müdafiə sahəsində milli qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb. Görülən işlərin nəticəsində MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi şəraitə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramı, ölkənin Demoqrafik İnkişaf Konsepsiyası kimi sənədlər qəbul edilib.
Bu sənədlərin Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsində, həssas əhali qruplarına dövlət qayğısının artırılmasında müstəsna rolu olub. Heydər Əliyev sosial islahatlarının nəticəsidir ki, 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verib, çoxsaylı yeni sosial obyektlər açılıb, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün reabilitasiya infrastrukturu təkmilləşdirilib və onun şəbəkəsi genişləndirilib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib.
Ulu Öndər Heydər Əliyevin müstəqillik illərində başlatdığı sosial islahatlar son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu illər ərzində ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca önəmli addımlar atılıb.
Azərbaycanda 20 il ərzində sosial sahədə, o cümlədən sosial təminat sistemində aparılan islahatların uğurlu nəticələri Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan BMT-nin davamlı inkişaf məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.
Dövlət başçısının “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik” kimi fikirlərini sübut edən əlahəzrət faktlarla nəzər salaq.
Ötən 20 ildə dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artırılıb, minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artırılaraq 933,8 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artırılaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artırılaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artırılaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artırılaraq 408 manata çatdırılıb.
Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib. Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq, həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb.
Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növü təsis edilib, sosial təminat sistemi əhəmiyyətli dərəcədə genişləndirilib.
Dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsidir ki, 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. Həmin kateqoriyalardan olan şəxslər eyni zamanda aylıq pensiya və müavinətlərlə də təmin edilirlər.
Çoxuşaqlı ailələrə və həssas qruplara aid uşaqlara qayğı daimi dövlətin diqqət mərkəzindədir. Belə ki, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan ailələrdə hər bir uşağa görə aylıq sosial müavinət təsis edilib və ötən dövrdə bu müavinətin məbləği də 3,5 dəfə artırılaraq 30 manatdan 105 manata çatdırılıb. Dövlət eyni zamanda bu gün büdcəsindən həssas qruplara aid olan 610 mindən çox uşağa 10-dan çox müxtəlif sosial ödənişlər edir və bu ödənişlərin ümumi məbləği 650 milyon manatdan çoxdur.
Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb.
44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı 5 dəfə genişlənib və onlara müharibədən sonrakı dövrdə 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən Müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Əhaliyə sosial məsələlərin həlli ilə bağlı göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmaq məqsədilə reallaşdırılan uğurlu layihələrdən biri DOST konsepsiyasıdır. DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə icra olunan və sosial-iqtisadi əhəmiyyəti ilə seçilən özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstəkdir. İcrasına 2017-ci ildən start verilmiş özünüməşğulluq proqramına cəlb olunanların sayı ötən dövrdə 14 dəfə artırılaraq 73 minə çatdırılıb. Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə və digər həssas qruplara üstünlük verilir.
Bütün bu sadaladıqlarımız son 20 ildə sosial islahatlar sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aprılan sosial islahatların qısa xülasəsi və Onun “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" fikirlərinin əyani təsdiqidir.