Prezident İlham Əliyev Azərbaycanı dünyanın turizm mərkəzlərindən birinə çevirir - XII YAZI
“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 12-ci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.
Azərbaycanda iqtisadiyyatın real sektorunun mühüm istiqamətlərindən biri turizmdir. Ölkəmizdə turizmi ən yüksək səviyyədə inkişaf etdirmək və yerləşdiyimiz böyük bölgədə bu sahədə uğur qazanmış ölkələrlə bir sırada dayanmaq şansları olduqca böyükdür. Azərbaycanda turizmin bu səviyyədə inkişaf etdirmək imkanlarını hələ Sovetlər İttifaqı dönəmində respublikaya rəhbərlik etməyə başladığı 1969-cu ildən sonra ulu öndər Heydər Əliyev dəyərləndirmişdi. Onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə və hətta sonradan Sovetlər Birliyinin ən yüksək rəhbər vəzifələrindən birində çalışdığı illərdə respublikada turizmin yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Azərbaycanda turizmin inkişafına xidmət edən onlarla sanatoriya, mehmanxanalar tikilib, yeni istirahət zonaları yaradılıb. 1970-ci ildə Zaqatalada və Şuşada hərəsi 100 yerlik olan turist bazaları, 1973-cü ildə Bakıda 1040 yerlik “Azərbaycan” mehmanxanası, 1975-ci ildə Qəbələdə 342 yerlik “Qafqaz” turist bazası, Nabranda 400 yerlik “Dostluq” turist bazası və Bakıda 342 yerlik “Qarabağ” turist mehmanxanası istifadəyə verilib.
Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən onun bilavasitə təşəbbüsü və iştirakı ilə 28 aprel 1983-cü ildə SSRİ Nazirlər Soveti 375 saylı “Azərbaycan SSR-in Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması tədbirləri haqqında” qərar qəbul edib. Bu qərardan irəli gələn vəzifələrin həlli məqsədilə 2 oktyabr 1984-cü il tarixdə Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan Respublikasında 1985-1990-cı illərdə və 2000-ci ilə qədər turizmin inkişafı sxemi”nə dair 381 saylı qərar qəbul edib. Nazirlər Sovetinin qəbul etdiyi bu qərarla təsdiq edilmiş proqrama əsasən, 1990-cı ilə qədər respublikada 7700, 2000-ci ilə qədər isə 21300 müxtəlif turist obyektləri tikilib istifadəyə verilməli idi. İlk mərhələdə tikilməsi nəzərdə tutulan obyektlərin 70 faizi (5300 turist yeri) birbaşa Xəzər sahillərində, 30 faizi isə (2400 turist yeri) respublikanın digər bölgələrində yaradılacaqdı.
Təəssüf ki, Azərbaycanda turizmin sonrakı illərdə inkişafına və nəzərdə tutulan layihələrin həyata keçirilməsinə maneələr yaradıldı. Əgər proqramda nəzərdə tutulanlar həyata keçirilsəydi, Azərbaycan yerləşdiyi bölgənin ən inkişaf etmiş turizm məkanına çevrilə bilərdi. SSRİ-nin ləğvi, Dağlıq Qarabağ hadisələri, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi respublikamızın həyatının bütün sahələrində olduğu kimi, turizm sahəsinə də böyük ziyan vurdu. Müharibə şəraitində olan Azərbaycana turist axını demək olar ki, tamamilə dayandırıldı, ölkənin müxtəlif bölgələrində olan turist bazalarında və sanatoriya-kurort müəssisələrində qaçqın və məcburi köçkünlər yerləşdirildi. Belə bir şəraitdə ölkənin turizm müəssisələrinin bir hissəsi ləğv edildi, digər bir hissəsi isə fəaliyyətlərini məcburi olaraq dayandırdı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanda turizminin tarixində yeni inkişafı mərhələsi başlandı.
Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Ulu Öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu. Atılan bu addımların nəticəsi olaraq Azərbaycan bütün dünyada turizm məkanı kimi tanınmağa başladı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.
Azərbaycanda turizm 2003-cü ilin sonlarından etibarən özünün növbəti inkişaf mərhəlləsinə qədəm qoyub. Qeyri-neft sektorunun bütün istiqamətlər üzrə üstün inkişafını iqtisadi strategiyanın əsası kimi bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi altında son 20 ildə ölkənin turizm sektorunda inqlabi dəyişikliklər baş verib və nəticə etibarilə 20 il ərzində Azərbaycanda turizm sektorunun 19 dəfə artımına nail olunub.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində turizm sektorunun qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 %-dən 3,4 %-ə yüksəlib, turistlərə xidmət sektorunda muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb. Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2003-cü ildə 35 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 684 milyon manata qədər yüksəlib ki, bu da 76,6 dəfə artım deməkdir.
Bu illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala investisiya qoyuluşu isə 51,7 dəfə artaraq, 87,9 milyon manata, mehmanxana və mehmanxana tipli müəssisələrin sayı isə 7,6 dəfə artaraq 727-yə çatıb. Ötən 20 ildə Azərbaycanda turizm sektorunda məşğul olanların sayı 21,9 milyon nəfərdən 87,9 milyon nəfərə qədər yüksəlib ki, bu da 4 dəfə artım deməkdir.
Turizm sektoru indi Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Bu istiqamətdə qarşıya qoyulan hədəfləri həyata keçirmək üçün ölkəmizin bütün rayonlarında turizm infrastrukturları yaradılır. Turizm baxımından cəlbediliciyi ilə seçilən xüsusi zonalardan biri isə Qarabağdır. Öz gözəlliyi ilə seçilən Qarabağda və Şərqi Zəngəzurda turizmin inkişafı istiqamətində mühüm addımlar atılır.
Koronavirus pandemiyasının dünyanın turizm sektoruna vurduğu ciddi zərbələr Azərbaycandan da yan keçməyib. Pandemiya dövründə bütövlükdə dünyada turist axını 74% azaldıb, turizm sektoru 1 trliyon dollardan artıq zərərlə üzləşib. Pandemiyanın tüğyan etdiyi dövrdə bütün dünyada olduğu kimi, Azərbaycana da turist axını bir xeyli azalıb. Lakin artıq ötən 2023-cü ildə bu sahədə Azərbaycanda pandemiyanın başlamasından öncəki 2019-cu ilin səviyyəsinə yaxın bir yüksəliş əldə edilib.
Koronavirus pandemiyasından sonrakı bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb.
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr gerçəkləşdirilib. Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib.
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” 1 sentyabr 2016-cı il tarixli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli Prezident sərəncamları ölkədə turizmin inkişafına əhəmiyyətli təsir göstərib. “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin edib.
Ölkədə turizmin inkişafına verilən önəmin nəticəsidir ki, 2018-ci il aprelin 20-də Prezidentin imzaladığı fərmanla Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, onun əsasında Mədəniyyət Nazirliyi və ayrıca Dövlət Turizm Agentliyi yaradılıb. 2018-ci il sentyabrın 20-də isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” yeni sərəncam imzalanıb, agentliyin nizamnaməsi və strukturu təsdiq olunub..
Zəngin mədəniyyətə, qədim tarixə, yüksək qonaqpərvərliyə və ən gözəl şərq mətbəxinə malik olan Azərbaycan yaxın gələcəkdə turizmin inkişafı sahəsində hədəflədiyi zirvələrə yüksələcək.