Close

Azərbaycan təhsilinə yeni yanaşma – Bu sahədə aparılan islahatlar dərinləşdirilir - XI YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 11-ci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Bir dövlətin gücü, qüdrəti onun təhsil sisteminin mükəmməlliyindən bilavasitə asılıdır. Təhsil sisteminin düzgün təşkil edildiyi ölkələrdə bütün sahələrdə uğur qazanmaq mümkündür. Təsadüfü deyil ki, təhsilə yönəldilən kapital dünyada ən sərfəli yatırım hesab olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi 1970-1982-ci illərdə uzaq gələcək üçün hesablanmış təhsil sisteminin əsaslarını yaratmışdı. Ulu öndər deyirdi: “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”.

Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu məqsədlərə xidmət edən təhsil islahatlarının həyata keçirilməsinə başlandı.

Azərbaycanda 1993-cü ilə qədər mövcud olan təhsil müəssisələrinin  böyük əksəriyyəti 1970-1982-ci illərdə bilavasitə Heydər Əliyevin  rəhbərliyi altında yaradılmışdı.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edilmişdi. Bu qərarların icrası nəticəsində ümumtəhsil məktəblərinin sayı 1970-ci ilə qədər mövcud olmuş 765-dən 1982-ci ildə 3750-ə çatdırılmışdı. O illər ərzində 5 yeni ali təhsil müəssisəsi, 108 yeni texniki-peşə məktəbi açılmışdı.

Azərbaycanın təhsil sistemində aparılan bu islahatlarla yanaşı, həmin illərdə SSRİ-nin ən nüfuzlu ali məktəblərində respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000 nəfər ali təhsil almışdır.

Əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Son 20 ildə Azərbaycanın şəhər və kəndlərində 3 min 600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Yalnız ötən 2023-cü ildə ölkə üzrə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb. Heydər Əliyev Fondu 20 məktəbdə təmir-tikinti, 61 təhsil müəssisəsində əsaslı, 890-da isə carı təmir işlərini başa çatdırıb.

Bu illər ərzində təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün genişmiqyaslı, ardıcıl tədbirlər hə­yata keçirilib. Son illər Azərbaycan məktəbinin dünya təhsil sisteminə inteqra­siyası sürətlənib. Bu gün Azərbaycan­da elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir.

Son 20 ildə ali təhsil müəssisələrinin sayı 46-dan 51-ə, bu müəssisələrdə təhsilal anların sayı isə 120 mindən 212 minə çatdırılıb.

Prezident İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması Azərbaycan təhsilində keyfiyyət dəyişikliklərinin əsasını qoyub. Dövlət Strategiyasının qəbulundan ötən illər ərzində təhsilin məzmununun, kadr hazırlığının və təhsildə idarəetmənin yaxşılaşdırılması işlərinə start verilib. Prezident İlham Əliyev müəllim əməyinə yüksək qiymət verilməsini xüsusi dəstəkləyir. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin əməkhaqları 35 faiz artıb.

Prezident İlham Əliyevin təhsil sistemində informasiya kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqinin təmin olunması barədə müvafiq sərəncamları ümumtəhsil sistemində təhsilin keyfiyyətinin yüksəlişini təmin edib. 2017-2018-ci tədris ilindən etibarən təhsil alanların İKT bacarıqlarına dərindən yiyələnməsi, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. Layihənin əsas məqsədi “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi və  yeni yanaşmanın tətbiqidir.

Azərbaycan Prezidenti tərəfindən son illərdə ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Ali təhsildə təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Prezident İlham Əliyevin 2023-cü il 13 yanvar tarixli müvafiq fərman və sərəncamı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün və dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. 

Son 20 ildə Azərbaycanın müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərə ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olub. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalanıb. Proqram çərçivəsində, ümumilikdə, 5 min nəfərdən artıq Azərbaycan vətəndaşı dünyanın aparıcı universitetində təhsil almaq hüququ qazanıb.

Bu sahədə müasir çağırışlar nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2018-ci il tarixində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini müstəsna dərəcədə əhəmiyyətli edib. Dövlət Proqramına uyğun olaraq, ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti, Koreya Respublikasının İnha ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında beynəlxalq ikili diplom proqramlarının icarasına başlanılıb.

Ölkə başçısı tərəfindən 30 sentyabr 2021-ci il tarixdə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamın imzalanması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsinin davam etdirilməsinə, gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə imkan verib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Ölkə başçısı çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışaraq İkinci Qarabağ müharibəsində bunun öz əksini tapdığını bildirib: “Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular”.

Prezident İlham Əliyev gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, Vətənpərvər ruhda böyüməsini prioritet vəzifə kimi dövlət strategiyasının mühüm istiqamətlərindən hesab edir. Azərbaycan məktəbi, müəllimi dövlət başçısının bu çağırışına cavab olaraq özünün fəaliyyətində yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir. 

Beləliklə, son 20 ildə ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.