Close

Prezident İlham Əliyev Azərbaycanı regionun nəqliyyat və logistika habına çevirir - IX YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 9-cu yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Vaşinqtonun ən tanınmış və ən nüfuzlu xarici siyasət veteranlarından biri Zbiqnev Bjezinski “Böyük şahmat taxtası” kitabında yazır ki, Amerika Birləşmiş Ştatları dünya hegomonluğunu qoruyub saxlamaq istəyirsə, o, Avroasiya üzərində nəzarətini itirməməlidir. Müəllif bu məkanda ABŞ-nin marağı olan məmləkətlərdən biri kimi  Azərbaycanın adını xüsusi vurğulayır. Z.Bjezinski kimi qlobal siyasi proseslərin perspektivlərini dərindən bilən bir siyasətçinin Avroasiya məkanında Azərbaycanı Birləşmiş Ştatların xüsusi maraq dairəsində olan ölkə kimi vurğulamasının səbəbi nədir?

Okeanın o tayında yerləşən ABŞ-nin yeni dünya düzənində öz hegemonluğunu qoruya bilməsi üçün ən vacib olan da məhz Avroasiya məkanında qitələri və dövlətləri birləşdirən yollar üzərində nəzarətə sahiblənməkdir.  

Son onilliklər ərzində dünya iqtisadiyyatında inteqrasiya prosesləri yetərincə dərinləşib. Dünyanın bundan sonrakı taleyi məhz yüklərin daşınması üçün daha səmərəli yolların qurulmasından, bu yollar üzərində nəzarətin kimlər tərəfindən və necə həyata keçirilməsindən bilavasitə asılı olacaqdır.

Daşıma xərclərinin sürətlə artdığı indiki dönəmdə, yük daşımalarının yeni marşrutlarının çəkilməsi və bununla da dünya ticarətinin inkişafına təkan verilməsi olduqca aktuallaşır. Artıq dünyada yollara nəzarət uğrunda böyük savaş başlayıb. İki dünya nəhəngi – ABŞ və Çininin son 10 il ərzində beynəlxalq yükdaşımalara nəzarət uğrunda apardıqları  mübarizənin bəzi aspektlərinə nəzər salaq.

Ümumi xarici ticarət dövriyyəsi 6,5 trilyon ABŞ dollarına yaxın olan Çin son onillikdə ölkəsinə və ölkəsindən kənara yükdaşımaların daha sərfəli yollarının ortaya qoyulması istiqamətində ciddi addımlar atmağa başlayıb. Bu məqsədlə Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər, bir yol” layihəsini elan edib. Bu meqa layihə dünyanın 60 ölkəsini əhatə edəcək yol şəbəkəsini özündə birləşdirəcəkdir. Layihənin ümumi dəyəri 8,0 trliyon ABŞ dolları ətrafındadı və ötən dövrdə bu məqsəd üçün bir trliyon dollardan çox vəsait xərclənib.

Avroasiya məkanında öz üstünlüyünü qorumaq uğrunda savaşa girən Amerika Birləşmiş Ştatları son on ildə Çinin iqtisadi və ticarət hegemonluğunu durdurmaq üçün mümkün olan və mümkün olmayan bütün üsullarla mübarizəyə qalxıb. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” layihəsi ortaya atıldıqdan sonra bu ölkədə “quş qripi”nin yayılması, Çinin xarici ticarətini zəiflətmək üçün ona “rüsum  müharibələri” vasitəsilə təzyiq göstərilməsi, koronavirus pandemiyasının Çindən baş qaldırması, son olaraq isə Qırmızı dənizdə husilərin Çindən Avropaya daşınan yüklərə hücumlarının təşkil edilməsi kimi addımların arxasında Birləşmiş Ştatların əl izləri görünməkdədir. Bir il öncə ABŞ Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ bir layihənin təməlinin qoyulmasına nail olub. “Böyük iyirmiliy”in (G20)  2023-cü ilin sentyabr ayının 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən sammiti çərçivəsində Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalanıb. Bu, miqyasına görə olduqca möhtəşəm bir layihə olsa da, onun ərsəyə gətirilməsi yolunda ciddi problemlər mövcuddur. Ən azından Hindistanla Avropanı birləşdirməyi nəzərdə tutan layihənin bu gün Yaxın Şərqdə baş verən və sonu görünməyən hərbi toqquşmaların olduğu ərazilərdən necə keçməsi və necə işləyəcəyi böyük suallar doğurur. Ancaq bütün bunlara baxmayaraq, Birləşmiş Ştatlar Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşılıq verə biləcək bir layihənin ərəsəyə gəlməsi üçün mümkün olan nə varsa, onu edib.

ABŞ-nin Çinə qarşı bütün bu gedişlərinin ali məqsədi Avroasiya məkanında Çinin üstün mövqeyə sahiblənməsinin qarşısını almaqdır. Avroasiya regionunda Çinin böyük gücə çevrilməsinin qarşısını almağın ən yaxşı yolu isə yollar üzərində və deməli daşımalar üzərində nəzarətə sahiblənməkdən keçir.

Şərqlə Qərbi birləşdirən yollar içərisində ən səmərəli olanı Azərbaycan üzərindən keçən Orta yoldur. Bu səbəbdən Çinin də, ABŞ-nin də Azərbaycana özəl bir münasibəti mövcuddur. Çin Azərbaycan üzərindən Qərbə gedən yolların çəkilməsində yetərincə maraqlıdır. Hətta ortada dəyəri 150 milyard dollar ətrafında olan Xəzər dənizi üzərindən çəkilə biləcək asma körpü layihəsi də müzakirə mövzusudur.

Bu gün Çindən yüklərin 80%-ə qədəri su yolu ilə daşınır. Su yolu ilə daşımalar bəzən quru yolla daşımalardan 3 dəfəyə qədər çox vaxt apara bilir. Kapital isə daha sürətlə dövr etmək uğrunda mübarizə aparır, o yola sərf edəcəyi vaxtın mümkün qədər az olmasını tələb edir. Daşımalarda qənaət olunan bir gün yüz milyonlarla əlavə gəlir deməkdir. İndi təsəvvür edək ki,  daşımalarda zamanı bir gün deyil, 15-20 gün qısaltdıqda söhbət qazancın hansı ölçülərdə artmasından gedə bilər. Yükdaşımalarda zamana qənaət uğrunda mübarizənin fəlsəfəsi bundan ibarətdir.

Beləliklə, söhbət Şərqlə Qərbi birləşdirən ən münasib olan quru yoldan gedir. Bu istiqamətdə quru yolun ən səmərəli variantı isə Azərbaycan üzərindən keçən Orta yoldur. Bu gün böyük güclər arasında bu yola nəzarət uğrunda savaş gedir. Bu gün ABŞ-nin də, Fransanın da Cənubi Qafqaza və xüsusilə də Azərbaycana gəlmək istəməkdə əsas məqsədi bu yoldan bəhrələnməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq müstəvidə baş verən bu prossesləri ən yüksək səviyyədə dəyərləndirməyi bacaran uzaqgörən siyasətçidir. Ona görə də son 20 ildə Azərbaycan iqtisadiyyatının real sektoruna aid olan nəqliyyat sahəsinin inkişaf etdirilməsi, ölkə üzərindən beynəlxalq yüklərin daşına bilməsi üçün meqa yol layihələrinin reallaşdırılması onun fəaliyyətinin mühüm tərkib hissələrindən birinə çevrilib.

2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin “Bir kəmər, bir yol” layihəsini  bəyan etdikdən sonra bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan Prezidenti olub. İlham Əliyev bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirib və Onun 2013-cü ilin dekabr ayında Çinə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Memorandum” imzalanıb.

Son 20 ildə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azəbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında tranzit yükdaşımaların əsas mərkəzinə çevrilməsini təmin edəcək meqa layihələr reallaşdırılıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal Cənub Nəqliyyat Dəhlizi, Xəzər dənizinin Ələt hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi meqa layihələrin başa çatdırılması və bu istiqamətdə digər mühüm işlərin görülməsi xüsusi qeyd olunmalıdır. Bu gün artıq bu meqa layihələr öz töhfəsini verməkdədir.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq”.

Qeyd edək ki, Azərbaycan hökuməti Azərbaycanın beynəlxalq yükdaşımaların mərkəzinə çevrilə bilməsini təmin edən meqa layihələri reallaşdırmaqla yanaşı, tranzit yüklərin Azərbaycan üzərindən daşınmasını təmin edən hüquqi bazanın yaradılması, yükdaşıma prosesinə aid bütün fəaliyyətlərin əlaqələndirilməsi, daşıma xərclərinin beynəlxalq konyukturaya uyğunlaşdırılmasının təmin olunması, daşımalar zamanı bürokratik əngəllərin aradan qaldırılması istiqamətində də çox mühüm addımlar atıb.

Görülən işlərin nəticələri isə ortadadır. 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub və ya  əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artıb. 2023-cü ildə dəmir yolları ilə 7 milyon tona yaxın tranzit yük daşınıb, 2023-cü ilin birinci yarısında Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67% -dən çox artıb.

Şərqlə Qərbi birləşdirən quru yolların istifadə olunmasının ən yaxşı nümunəsi 2023-cü ilin dekabr ayının 30-da Çindən yola düşən blok qatarının 11 yanvar 2024-cü il tarixdə - yəni 11 gün sonra Azərbaycana çatması oldu. Bu, yüklərin Çindən Qərbə daşınmasında rekord zaman göstəricisidir.

Yaxın illər ərzində Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artırılması hökumətin əsas hədəflərindən biridir. Bu məqsədlə atılan addımlar tədqirəlayiqdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncamla Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün fəaliyyət planı təsdiq edilib.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında son 20 ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan adımmlardan biri də Azərbaycanın coğrafi mövqeyindən məharətlə istifadə edərək, onu beynəlxalq yükdaşımaların mərkəzinə çevirmək olub. Bu sahədə əldə olunan uğurlar Azərbaycana iqtisadi dvidentlər qədər siyasi dvidentlər də gətirməkdədir.