Close

Azərbaycana Ermənistanın 62 illik büdcəsinə bərabər xarici investisiya yatırılıb - VIII YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 8-ci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Müstəqillik əldə etdikdən sonra Azərbaycana xarici investisiyaların axını üçün yaşıl işıq ulu öndər Heydər Əliyev tərəfindən yandırılıb. 1994-cü ilin sentyabr ayında dünya şöhrətli siyasətçi yenicə müstəqilliyini qazanmış, Emənistanla müharibə vəziyyətində olan, daxildə siyasi çəkişmələrin cərəyan etdiyi, illik infilyasiyanın 1800%-ə çatdığı bir dönəmdə dünyaca məhşur neft kompaniyaları ilə “Əsrin müqaviləsi”ni imzalamaqla, ölkəyə Azərbaycanın o dövrdəki ümumi daxili məhsulunun həcmindən 5 dəfəyə qədər çox olan xarici investisiyaların gəlməsinə yol açıb.

Biz bu barədə dəfələrlə demişik, bir daha təkrarlayırıq ki, bu investisiyalar Azərbaycanın neftinə deyil, Heydər Əliyevə şəxsiyyətinə olan inama edilən yatırımlar idi.  Ulu Öndər tərəfindən bir neft müqaviləsi ilə ümumi daxili məhsuldan dəfələrlə çox olan həcmdə xarici investisiyanın ölkəyə cəlbini təmin edən neft strategiyası Azərbaycanın yaxın və uzaq perspektivdəki bütün uğurlarının təməl daşına çevrilib.

Ümumi dəyəri 7,4 milyard dollar səviyyəsində qiymətləndirilmiş “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı təmsil edən - Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta kimi 11 beynəlxalq neft şirkəti iştirak edirdilər.

Ulu Öndərin ölkəyə xarici sərmayə axınını təmin edən uzaqgörən siyasəti 2003-cü ilin sonlarından başlayaraq onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident kimi fəaliyyətinin ilk ilindən etibarən Azərbaycan iqtisadiyyatının yalnız neft və qazdan asılı olmayacağını ölkə iqtisadiyyatının inkişaf konsepsiyasının əsası xətti kimi müəyyənləşdirən İlham Əliyev iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin edib. Ölkədə investisiya mühitinin daha münbit olması, yerli və xarici investisiyalara dövlət zəmanətinin verilməsi istiqamətində təsirli addımlar atılıb. Bu istiqamətdə qəbul edilən qanun və digər normativ aktlarla ölkədə investorların hüquq və azadlıqlarının qorunmasına təminat verilir.

Son illərdə yerli və xarici investisiyaların qorunmasını təmin edən hüquqi bazanın yaradılması ilə yanaşı, investisiyaların təşviqi istiqamətində mühüm addımların atılması təmin edilir. Belə ki, bu gün müvafiq qaydada investisiya təşviqi sənədini əldə edən investorların aldıqları texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumundan azadır. Onların gəlirinin, habelə əldə etdikləri mənfəətin 50 faizi də 7 il müddətinə vergidən azad olunur. İnvestisiya təşviqi sənədi almış investor, eyni zamanda, aldığı texnikanın, texnoloji avadanlıqların və qurğuların idxal əlavə dəyər vergisindən, əmlak vergisindən və torpaq vergisindən də 7 il müddətinə azad edilirlər.

Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti həm yerli, həm də xarici investorlara istənilən layihəni uğurla həyata keçirilməyə təminat verir. Bu isə istənilən investor üçün əsas şərtlərdən biridir.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi islahatların və yaradılmış əlverişli investisiya mühitinin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə cəlb edilib. İqtisadiyyatı şaxələndirmək yolunu tutmuş Azərbaycan hökumətinin ən böyük uğurlarından biri də son 20 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş xarici investisiyaların 2/3 hissəsinın və ya 200 milyard dollara yaxın məbləğinin məhz iqtisadiyyatın real sektoruna yatırılmasıdır. 

Ölkədə xarici investisiyalarla yanaşı, daxili investisiyaların da həcmi ildən-ilə artmaqdadır. Qarabağın işğaldan azad olunması, bu ərazilərdə böyük quruculuq işlərinin aparılmasını zəruri edir. Bu gün Azərbaycan hökuməti bu qayğını demək olar ki, tam olaraq öz üzərinə götürüb. Vətən müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə dövlət büdcəsindən 12 milyard manatdan çox vəsait sərf edilib. 2024-cü ildə dövlət büdcəsində bu məqsəd üçün planlaşdırılan minimum xərclər 4,0 milyard manatdan çoxdur. Hazırda Qarabağda sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Yaşayış binaları, iaşə obyektləri, hava limanları tikilir, yollar çəkilir, kommunikasiya xətləri qurulur, bir sözlə, bu yerlərə həyat qayıdır.

Bu gün Azərbaycan bölgədə “yaşıl enerji” istehsalının lokomotivinə çevrilməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri tərəfindən reallaşdırılmış və yaxın zamanlarda reallaşdırılması nəzərdə tutulan bu tip  layihələr, Avropa ölkələri ilə “yaşıl enerji” istehsalı sahəsində əməkdaşlığa dair imzalanmış sənədlər yaxın gələcəkdə Azərbaycanda alternativ enerji istehsalı layihələrinə milyardlarla xarici sərmayənin cəlb edilməsinə imkan yaradacaqdır. Artıq bu gün xarici investorlar ölkəmizin ərazisində məhz bu sahəyə  investisiyalar yatırtmaq üçün çoxsaylı müraciətlər edirlər.

Azərbaycan bu gün bütün dünyada sözü də imzası qədər etibarlı olan bir dövlət imicini formalaşdırıb. Biz Ermənistan kimi Qərbdən, Şərqdən, Şimaldan, Cənubdan dilənib sonradan alınan kreditlərin silinməsi üçün yalvarış etməklə qürurunu ayaqlar altına atan ölkələrə yuxarıdan – özü də çox yuxarıdan aşağıya baxırıq. Biz bu gün ehtiyacı olan ölkələrə yardım edən dövlət statusundayıq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz heç kimdən xahiş etmirik ki, bizim iqtisadiyyatımıza investisiya yatırsınlar. Biz sadəcə ölkəmizdə bütün səviyyədən olan investorlar üçün bərabər investisiya mühütü yaradırıq. Bunu görüb dəyərləndirən investorlar isə Azərbaycana özləri gəlirlər”.

Hakimiyyəti tənqid edən siyasi səriştəsizlər bilməlidir ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 310 milyard dollardan çox xarici sərmayə Ermənistanın 62 illik büdcəsinə bərabər bir məbləğdir!