Aqrar sektorda aparılan islahatlar öz bəhrəsini verir - Yaxın illərdə... - VI YAZI
“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən altıncı yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.
Aqrar sektor Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. Ölkədə neft bumu yaşanana qədər Azərbaycan dünyada aqrar ölkə kimi tanınırdı. Lakin müstəqillik əldə edildikdən sonra “Əsrin müqaviləsi” ilə ölkədə neft sənayesinin yüksəlişi Azərbaycanı daha çox sənaye ölkəsinə çevirdi. Ölkədə neft sənayesinin sürətli inkişafına baxmayaraq, Azərbaycan iqtisadiyyatının ikinci mühüm qanadı aqrar sektordu və regional iqtisadiyyatın inkişafında onun özünəməxsus yeri var. Neft-qaz sənayesi əsasən Azərbaycanın Abşeron yarımadası ərazisində və yarımadanın Xəzər dənizi hövzəsində yerləşirsə, aqrar sektor Abşeron yarımadası daxil, ölkənin bütün ərazilərində mövcuddur. Bu baxımdan ölkə iqtisadiyyatının ərazi xəritəsində aqrar sektor hegemon mövqeyə sahibdir.
Azərbaycan hələ Sovetlər dönəmində kənd təsərrüfatının inkişafı üçün ən münbit region kimi digər respublikalardan öz mövqeyi ilə seçilmişdi. Mövcud 11 iqlim qurşağının 9-nun Azərbaycan ərazisinə düşməsi də bu məkanda aqrar sahəni daha üstün inkişaf etdirməyi şərtləndirmişdi. Bu səbəbdən Sovetlər Birliyi zamanında Azərbaycanın aqrar sektorunda yetişdirilən məhsullar bu məkanda xüsusi brend kimi tanınırdı. Azərbaycanın cənub zonasında yetişdirilən erkən tərəvəzlə Sovetlər İttifaqının aprıcı şəhərləri təchiz edilirdi.
Azərbaycanda aqrar sektorun inkişafında inqilabi dönüş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyasət kökündən dəyişib. Ulu Öndər bu vəzifəyə seçildikdən sonra respublikada pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyətini hərtərəfli təhlil edib. Görkəmli dövlət xadimi kənd təsərrüfatının bu sahələrində məhsuldarlığın artırılmasının konkret yollarını müəyyən edib, aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitkilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoyub.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində aqrar sektor bənzəri olmayan bir sürətlə inkişaf edib. Azərbaycanda 1981-ci ildə ilk dəfə olaraq 1150,8 min ton taxıl, 831,2 min ton pambıq, 1 milyon 707,3 min ton üzüm, 849,5 min ton tərəvəz, 96,4 min ton bostan məhsulları, 25,5 min ton yaşıl çay yarpağı, 147,1 min ton mal-qara və quş əti, 835,9 min ton süd, 772,1 milyon ədəd yumurta və 11,3 min ton yun tədarük edilib. Əgər 1971-ci ilin əvvəllərində aqrar sektorda istehsalın rentabelliyi 2 faizdən çox deyildisə, artıq 1975-ci ildə bu göstərici 24 faizə, 1981-ci ildə isə 38 faizə yaxın olmuşdu. Aparılan işlər rekord nəticələr əldə etməyə imkan verirdi. 1971-1981-ci illləri əhatə edən 10 il əzində respublikanın aqrar sektorunda rentabellik 19 dəfəyə yaxın artmışdı.
Müstəqillik əldə edildikdən sonrakı ilk illərdə ölkədə aqrar sahənin demək olar, bütün istiqamətləri üzrə göstəricilər acınacaqlı bir səviyyəyə enmişdi. Dövlət idarəçiliyində naşı siyasətçilərin hakimyyətə gəlməsi ilə iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sektor da ciddi böhran yaşanmağa başlamışdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə də əsaslı dönüş olub, aqrar sektorda islahatlara start verilib, ölkənin regionlarında kənd təsərrüfatının inkişafında fundamental dəyişikliklərə aparan mühüm sənədlər qəbul edilib.
Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən olan aqrar sektorun son 20 ildə sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında aparılan islahatlarla əldə edilmiş yüksək nəticələrin təməl daşı müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. İlham Əliyev prezidentliyə başladığı 2003-cü ildən bəri ölkənin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsi, bəzi kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının vacibliyini önə çəkmişdir.
Son 20 ildə aqrar sektorda irmiqyaslı islahatlar aparılıb və bu sahənin sürətli inkişafının təmin edilməsi üçün dövlət tərəfindən mühüm dəstək zərfləri reallaşdırılır. Bu sırada əsas yerdə vergi və gömrük güzəştlərnin tətbiqi, aqrar sektorda çalışan müəssisələrə güzəştli kreditlərin verilməsi kimi dövlət dəstəyi dayanır. Hökumət kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində istifadə edilən və lizinq müqaviləsinin obyekti olan əksər maşın və texniki vasitələri, o cümlədən traktorları, suvarma qurğularını, torpağın hazırlanması və işlənməsi üçün katokları, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və mexanizmləri, otbiçənləri və s texnika və avadanlıqları idxal rüsumundan və əlavə dəyər vergisindən azad edib. Eyni qaydada ölkəyə idxal olunan iribuynuzlu heyvanlar, cins qoyunlar və keçilər, əkin üçün soya paxlalılar, günəbaxan, şəkər çuğunduru və yonca toxumları, gübrələr, bəzi aqrokimiyəvi maddələr və s. idxal rüsumuna və əlavə dəyər vergisinə cəlb edilmirlər.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin aqrar sektorunda son 20 ildə aparılan islahatlarla aqrar sektor əsaslı inkişaf yolu keçib. Bu barədə hər hansı bir söz deməzdən öncə bu illər ərzində aqrar sektorda natural ifadədə əldə olunan göstəricilərə nəzər salmaq yetərlidir. Yəni, bu sahədəki gerçəklərin əlahəzrət rəqəmlər vasitəsilə təsdiqi reallığın ən yaxşı təqdimatıdır. Bu göstəricilər eyni zamanda “ölkədə aqrar sektor batır”, “aqrar sektorda inkişaf yoxdur”, “dövlət aqrar sektorun inkişafı üçün heç nə etmir” kimi fikirlər səsləndirib boşboğazlıq edənlərə tutarlı cavabdır. Ölkədə ərzaq məhsullarının istehsalının səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri onların istehsal dinamikasının əhalinin artım sürəti ilə uzlaşa bilməsidi. Söhbət, ilk növbədə, artan əhalini yerli istehsal məhsulları ilə tam təmin edə bilməkdən gedir. Son 20 ildə Azərbaycanda əhalinin sayı 1 milyon 269 nəfər nəfər və ya 22,5% artıb. İndi gəlin bu illər ərzində ölkənin aqrar sektorunda məhsul istehsalının durumunu xarakterizə edən göstəricilərə nəzər salaq.
Kənd təsərrüfatı məhsullarının dəyəri, faktiki qiymətlərlə, milyon manat
Göründüyü kimi, aqrar sektorda istehsalın elə bir sahəsi yoxdur ki, orada məhsul istehsalında yüksək dinamika olmasın. Bu nəticələr, ilk növbədə, aqrar sektorda aparılan islahatlar və bu sahəyə edilən investisiyalar nəticəsində əldə olunub. Belə ki, 2003-2022-ci illər ərzində kənd təsərrüfatına investisiya qoyuluşu 10,9 dəfə artıb, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 41,4 faiz genişləndirilib, real istehsal həcmi 2 dəfədən çox artıb. Dünya Bankının hesablamalarına görə, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sektorda yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 faiz olmuşdu. Məlumat üçün bildirək ki, bu göstərici bütövlükdə dünya üzrə 2,9 faiz, Avropa və Mərkəzi Asiya üzrə 1,4 faiz, Türkiyədə 2,7 faiz, Gürcüstanda 1,5 faiz, Rusiyada 1,8 faiz, İranda isə 2,8 faiz olub. Aqrar sektorun sürətli inkişafı bu sahədən ixracın həcminin genişlənməsinə şərait yaradır. Belə ki, 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 7,0 dəfəyə qədər artıb. 2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 milyon ABŞ dolları təşkil edib.
Dövlət başçısının formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılmasıdır.
Aqrar sahədə belə iri istehsal müəssisələrinin yaradılmasının əsas səbəbi, bu sektorda mövcud olan xırda təsərrüfatlar vasitəsilə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində yarana biləcək çətinlikləri aradan qaldırmaqdır. İri təsərrüfatlardan fərqli olaraq, xırda təsərrüfatlar bir qayda olaraq əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində və xarici bazarlara çıxmaq sahəsində geniş imkanlara malik olmurlar. Kiçik fermer təsərrüfatlarından fərqli olaraq iri təsərrüfatlarda yüksək məhsuldarlıqlı bitki sortları və heyvan cinslərinin yetişdirilməsində innovativ texnologiyaların tətbiqi daha asan və daha əlverişlidir. Belə müəssisələrdə məhsuldarlıq yüksək olur və həmin məhsulların rəqabətqabiliyyətliliyi təmin edilir.
Aqrar sektorda aparılan islahatlarla yaxın illərdə ölkənin ərzaq təhlükəsizliyi sahəsindək qoyulan hədəflərə tam çatmaq mümkün olacaq. Dünyada gedən prosseslər ərzaq təminatı sahəsində yaşanan problemlər və onların getdikcə dərinləşməsi fonunda bu olduqca vacibdir.