Close

İlham Əliyev ölkəni neft asılılığından belə xilas edir – Yeni müəssisələr, fantastik artım, xarici kapital... - V YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən beşinci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən aparıcı istiqamətlərindən biri qeyri-neft sənayesidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə son 20 ildə aparılan islahatların içərisində bu sahənin inkişafı ən öncül yerlərdən birini tutub. Neft sənayesinin inkişaf etdiyi və iqtisadiyyatın neftdən asılı olduğu bir ölkədə neft iqtisadiyyatına alternativ bir sahənin – qeyri-neft sənayesinin üstün artımını təmin etmək o qədər də asan bir məsələ deyil. Lakin Azərbaycan bu sırada istisnadır. Çünki, hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyev qeyri-neft sektorunun üstün artımını təmin edə biləcək Dövlət proqramlarının reallaşdırılmasına xüsusi önəm verib və onların icrasını daima şəxsi nəzarəti altında saxlayıb. Bu sahənin inkişafına dövlət başçısının verdiyi önəmin nəticəsidir ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırdılmış 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində xarici investisiyanın 200 milyard manatdan çoxu iqtisadiyyatın qeyri-neft sektoruna və ilk növbədə onun aparıcı sahəsi olan qeyri-neft sənayesinə yönləndirilib.

Ölkə başçısının iqtisadiyyatın real sektorunun inkişafına və onun aparıcı sahəsi olan qeyri-neft sənayesinin yüksəlişinə bu qədər önəm verməsinin başlıca məqsədi iqtisadiyyatın daha sürətlə şaxələndirilməsi kimi mühüm bir  problemin həllinə tezliklə nail olmaqdır. Bu hədəfə mümkün qədər tez çatmaq üçün ölkədə yetərincə böyük resurslar mövcuddur və dövlət başçısı bu resursların tez bir zamanda hərəkətə gəlməsini hökumətin qarşısında bir vəzifə kimi qoyub.

Ölkə iqtisadiyyatının real sektorunun və onun aparıcı sahəsi olan qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsinə bu qədər önəm verilməsinin digər mühüm səbəblərindən biri də dünyada neft erasının sona doğru getməsi ilə bağlıdır. Bu gün dünyanın enerji balansında alternativ enerji mənbələrinin xüsusi çəkisi görünməmiş bir sürətlə artır. Avropada artıq elə ölkələr var ki, özünün enerjiyə olan təlabatının yarısından çoxunu alternativ mənbələr hesabına əldə edir. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev iqtisadiyyatın real sektorunun aparıcı qanadı olan qeyri-neft sənayesinin inkişafını xüsusi nəzarəti altında saxlayır. Elə bu səbəbdən də nəticələr gözləntilərdən daha yüksəkdir.

Son 20 ildə bu sektorda əldə olunan nəticələr iqtisadiyyatını şaxələndirmək istəyən istənilən neft ölkəsi üçün bir örnək ola bilər. Belə ki, ötən 20 ildə iqtisadiyyatın digər sahələri və hətta real sektorun digər qanadları ilə müqayisədə qeyri-neft sənayesi daha üstün inkişaf edib, bu sektorda istehsal olunan məhsulların hesabına ölkənin daxili bazarının bir çox mallara olan təlabatı ya tam ödənilib, ya da əsasən ödənilib. Son illər ərzində qeyri-neft sənayesinə aid müəssisələrimizdə istehsal olunan məhsulların hesabına ölkənin qeyri-neft ixracının həcmi əhəmiyyətli dərəcədə artıb. Bu dediklərimizi əlahəzrət rəqəmlərin dili ilə səsləndirsək, sadalanan gerçəklərin əyani şəkilini çəkmiş olarıq. Beləliklə, son 20 ildə ölkə iqtisadiyyatının real sektorunda ümumi daxili məhsul istehsalı 4,1 milyard dollardan 41 milyarda qədər - yəni 10 dəfə artıb. Qeyri-neft sənayesində istehsal olunan məhsulun həcmi 2010-cu ildəki 5,0 milyard manatdan 2023-cü ildə 17,7 milyard manata yüksəlib və ya 13 il ərzində bu sektorda məhsul istehsalı ümumilikdə 3,5 dəfə artıb.

Son 20 ildə iqtisadiyatın real sektorunun qeyri-neft sənayesində bəzi məhsulların natura ifadəsində artım sürətinə nəzər salmaq kifayətdir ki, ötən müddətdə bu sahənin hansı sürətlə inkişaf etdiyini daha əyani şəkildə görə bilək. Beləliklə, müqayisə apardığımız 20 ildə ölkədə pambıq parça istehsalı 8,6 dəfə, üst geyim istehsalı 13,0 dəfə, ağacdan hazırlanan məmulatların istehsalı 43,3 dəfə, poliqrafiya məhsullarının istehsalı 12,0 dəfə, lak-boya məhsullarının istehsalı 23,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 14,0 dəfə, dərman istehsalı 9,7 dəfə, tikinti materialları istehsalı 16,2 dəfə, plastmas boru və şlanqların istehsalı 10,9 dəfə, polad boruların istehsalı 54,3 dəfə, alüminium məmulatların istehsalı 57,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 255,9 dəfə, mebel istehsalı 9,2 dəfə, ofis mebellərinin istehsalı 213,0 dəfə artıb. Düşünürəm ki, bu əlahəzrət rəqəmlər Azərbaycanda iqtisadiyyatın real sektorunun və onun aparıcı qanadı olan qeyri-neft sənayesinin inkişafını şübhə altına almaq istəyən deletantlara tutarlı cavabdır.

Qeyri-neft sənayesində ötən 2023-cü ildə istehsalın həcmi 17 741,7 milyon manat təşkil edib və 2022-ci ilə nisbətən 8,0 faiz artıb. Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artıb.

İndi iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir.

Bu gün ölkədə qey­ri-neft sənayesini innovativ üsullarla inki­şafı etdirmək yolu ilə neftlə bağlı iqtisadiyyatımızı şaxələndirmək dövlətimizin iqtisadi strategiyasının əsas hədəflərindən birinə çevrilib. Bu sahənin yüksələn xətlə inkişafı hesabına son 20 ildə biz daha çox idxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını yarada bilmişik.

Azərbaycan bu gün artıq dünyanın bir çox ölkələrinə qeyri-neft sənayesinin məhsullarını ixrac edir. 2003–2023-cü illər ərzində respublikamızın ticarət tərəfdaşla­rının sayı artaraq 55 ölkədən 185-ə çatıb. Təkcə ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub ki, bu məhsulların sırasında sənaye mallarının payı 1,4 milyard dollar və ya qeyri-neft ixracının ümumi həcmində 41 faizdən çox olub. Müqayisə aparılan dövrdə xarici ticarət dövriyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollara, qeyri-neft ixracı isə 0,26 mil­yard dollardan 3,4 milyard dollara qədər yüksə­lib və ya müvafiq olaraq 13,9 və 13,1 dəfə artıb.

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. 

Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli biznes mühiti və ge­niş logistik imkanlar, eləcə də bir sıra sti­mullaşdırıcı tədbirlər xarici şirkətlərin böyük marağına səbəb olub. Elə bunun nəti­cəsidir ki, ölkəmizin sənaye zonalarında xarici kapital hesabına fəaliyyət göstərən rezidentlərin sayı getdik­cə artır. Hazırda Sumqayıt Kimya Səna­ye Parkında İsveçrə şirkəti olan “Sika” MMC, Çin kapitallı “Azərbaycan Van­hong Ceramics Co.” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkəti, Pirallahı Sənaye Parkında Ru­siya-Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC, Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alı­nan Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsu­liyyətli azad zona müəssisəsi, Neftçala Sənaye Məhəlləsində İran-Azərbaycan birgə avtomobil müəssisəsi, Hacıqa­bul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC fəaliyyət göstərir. Bundan əlavə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkın­da yaradılması nəzərdə tutulan Rusiya-Azərbaycan birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC-nin də yaxın zamanlarda fəaliyyətə başlayaca­ğı gözlənilir.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələri sübut edir ki, Azərbaycan hökumətinin qarşıya qoyduğu bu hədəflərə tezliklə çatmaq mümkün olacaqdır. 

Qeyri-neft sənayesində məhsul istehsalının artımına və onun keyfiyyətinin müasir tələblərə cavab verməsinə iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət tə­sir göstərir. Rəqəmsallaşma respub­likamızın investisiya cəlbediciliyini sübut edən mühüm şərtlərdən biridir. Rəqəmsallaşmanın mövcudluğu investorların bu sahəyə aid infrastrukturun qurulma­sına marağını artırır və eləcə də onlar tərəfdən elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Elə bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, eti­barlı logistik şəbəkələrin təkmilləşdiril­məsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir. Son illərdə bu sahədə müsbət göstəricilər əldə olunub.

Beynəlxalq aləmdə baş verən siya­si-iqtisadi təlatümlər fonunda ölkəmi­zin iqtisadi göstəricilərinin davamlı art­ması, respublikamızın dünyada sürətli inkişaf tempinə malik olan ölkələrindən biri kimi tanınması da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Yüksək iqtisadi göstəricilər sırasında qeyri-neft sekto­runun və onun aparıcı sahəsi olan qeyri-neft sənayesinin payının mühüm yer tutması xüsusi diqqətə layiq bir haldır.