Close

Bu il oruc 29, yoxsa 30 gün tutulmalıdır?- İlahiyyatçıdan açıqlama

Bu il Ramazan ayı 29 gün davam edəcək. Ortaya atılan bəzi fikirlərə görə, oruc 29 gün deyil, 30 gün tutulmalıdır. Bu isə insanlar arasında çaşqınlığa səbəb ola bilir.

TNS məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq üzrə dosent Əkrəm Həsənovun fikirlərini öyrənib.

İlahiyyatçı bildirib ki, hər il fərqli siyasi məzhəblərə tabe insanlar belə problemlər yarada bilirlər.

Əkrəm Həsənov bu məsələ ilə bağlı Peyğəmbərimizin (s) buyurduğu fikirləri xatırladıb, eyni zamanda Ramazanın 29 və ya 30 gün olması məsələsinə aydınlıq gətirib: “Hər il fərqli siyasi məzhəblərə tabe insanlar belə problemlər yaradırlar. Ən doğrusu, yaşadığın ölkədə açıqlanan qaydalara əməl etməkdir.

Peyğəmbərimiz (s) də buyurur ki, sizin ölkədə nə vaxt bayram edirlərsə, siz də edin.

Ramazan ayının 30 gün olması ilə bağlı İslamda mütləq bir şərt yoxdur. Hicri təqvimi ayın fırlanmasına əsaslandığı üçün ayların uzunluğu 29 və ya 30 gün ola bilər. Orucluq müddəti də bu qaydaya tabedir və bu, Quranda və Peyğəmbər (s) sünnəsində təsdiqlənmiş bir prinsipdir.

Qurani-Kərimdə Ramazan ayının uzunluğu ilə bağlı konkret gün sayı deyil, yalnız Ramazan ayında oruc tutulması əmr edilir: “Ramazan ayı insanlara doğru yol göstəricisi olan, doğrunu yanlışdan ayıran açıq-aşkar dəlillərlə nazil edilmiş Qur’an ayıdır. Sizdən kim bu aya yetişərsə, oruc tutsun..." (Bəqərə, 2/185).

Burada ayın uzunluğu 29 və ya 30 gün ola biləcəyi açıq şəkildə bildirilmir, sadəcə ayın müddəti necə başa çatırsa, ona uyğun davranmaq buyurulur.

Həzrət Peyğəmbər (s) Ramazan ayının başlanğıcı və sonunu ayın müşahidəsinə əsasən təyin etməyi tövsiyə etmişdir: "Ayı gördükdə oruca başlayın, onu yenidən gördükdə iftar edin. Əgər hava buludlu olarsa, onda ayı 30 gün hesab edin" (Buxari, Müslim)”.
O, bu hədisin Ramazan ayının bəzən 29, bəzən isə 30 gün ola biləcəyini açıq şəkildə göstərdiyini bildirib: “Əgər ayın görünməsi 29 gündən sonra təsdiqlənərsə, orucluq 29 gün davam edir. Əgər ay görünməzsə, o zaman 30 gün tamamlamaq lazım gəlir.

Bütün fiqh məzhəbləri (Hənəfi, Şafii, Maliki, Hənbəli) bu qaydanı qəbul edirlər. Alimlər bildirirlər ki, Ramazan ayının müddəti astronomik hesablamalar və ayın müşahidəsi ilə müəyyən edilir. Əgər bu il Ramazan 29 gün sürürsə, bu, şəriətə tam uyğundur və burada heç bir problem yoxdur.

Ramazan ayının hər il mütləq 30 gün olması ilə bağlı İslamda heç bir qəti qayda yoxdur. Ay təbiət etibarilə bəzən 29, bəzən 30 gün olur və orucluq müddəti də bu qaydaya uyğun təyin edilir. Odur ki, bu il Ramazanın 29 gün çəkməsi tamamilə doğrudur və İslamın əsaslarına tam uyğundur”.

Aygün