Close

16:11
08 Oktyabr 2024

Səudiyyə Ərəbistanı Həcc ziyarəti mərasimindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verməyəcək

Səudiyyə Ərəbistanı Həcc ziyarəti mərasimindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verməyəcək.

TNS “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin açıqlamasında vurğulanıb.

Bildirilib ki, Həcc mərasimindən heç bir halda siyasi və ya məzhəb məqsədləri üçün sui-istifadəyə, onların Səudiyyə Ərəbistanına daxil olmasına icazə verilməyəcək.

Açıqlamaya əsasən, ibadət adı altında krallığa daxil olan belə şəxslər ictimai təhlükəsizliyi və asayişi pozaraq ölkədə xaos yaratmağa cəhd göstərir: “Həcc ziyarəti mərasimindən siyasi istifadəyə icazə verilməyəcək”.

Qeyd olunub ki, bu barədə uyğun göstərişlər xaricdəki Həcc idarələrinin fəaliyyəti üçün verilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu idarələrin illik fəaliyyətinin tamamilə bu qurumun nəzarəti altında olacağını açıqlayıb.

“Saudi Gazette”nin məlumatına görə, nazirlik səlahiyyətli idarələrin öz ölkələrindən Səudiyyə Ərəbistanına gələn bütün zəvvarlar üçün tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Bu idarələrdən həmçinin Səudiyyə Ərəbistanına daxil olmazdan əvvəl zəvvarlarla bağlı məlumatları elektron sistemdə qeydiyyatdan keçirmələri və zəvvarların özləri ilə istənilən fotoşəkil, kitab, bayraq, şüar və ya hər hansı bir siyasi nəşr, yaxud qadağan olunmuş mal gətirməsinə icazə verilmədiyi vurğulanıb.

Bu ofislər həmçinin öz ölkələrindən olan zəvvarların ictimai asayişi, ictimai təhlükəsizliyi, ictimai sağlamlığı pozan hər hansı fəaliyyət və ya toplantılara qatılmamalarını təmin etməlidirlər.

Məlumata görə, Həcc ziyarəti mərasimindən ən çox İrandan gedən zəvvarlar sui-istifadə edir. Bununla bağlı Səudiyyə Ərəbistanı Tehran hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib. 1979-1989-cu illərdə iranlı zəvvarlar Həcc mərasimi başlamazdan əvvəl əvvəlcədən təyin olunmuş yerə toplaşaraq ABŞ və İsrail əleyhinə şüarlar söyləyib, çıxışlar ediblər. İrandan gedən zəvvarların belə davranışı zamanı baş verən toqquşmalarda onlarla iranlı ölüb.