Close

13:20
08 Dekabr 2024
13:00
08 Dekabr 2024
12:50
08 Dekabr 2024
11:23
08 Dekabr 2024
10:23
08 Dekabr 2024

Azərbaycan İlahiyyat İnstitutuna 78 tələbə qəbul ediləcək

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-dən 3-dək Dini-Psixoloji Komissiya (DPK) fəaliyyət göstərəcək.

Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə biləcəklər.

TNS komissiyanın fəaliyyəti, soruşulacaq suallar və digər bu qəbildən olan məsələlərlə bağlı Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovdan ətraflı məlumat alıb. 

Rektor bildirib ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və “İslamşünaslıq” ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb: "Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır".

Aqil Şirinov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə iki istiqamətdə – “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə aparılır: "İnstituta 2024/2025-ci tədris ili üzrə ödənişsiz əsaslarla “İslamşünaslıq” ixtisasına 42, “Dinşünaslıq” ixtisasına isə 36 nəfər olmaqla, 78 abituriyentin qəbulu nəzərdə tutulub. “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə minimum keçid balı 150 bal müəyyən edilib".

Qeyd edək ki, Dini-Psixoloji Komissiya Bakı şəhəri Məhəmməd Naxçıvani, 29 ünvanında – Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında təşkil olunacaq.

Aygün İbrahimli