Close

19:07
29 Sentyabr 2023

“İnsanlarımızın beyninin zəhərlənməməsi üçün…” Dini mediaya ehtiyac varmı?

Azərbaycanda ixtisaslaşmış dini medianın olmaması barədə zaman-zaman müzakirələrə rast gəlirik. İxtisaslaşmış dini medianın yaradılmasının hansı müsbət təsirləri ola bilər?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov TNS-in bu barədə sualına cavab olaraq bildirib ki, Azərbaycanda ixtisaslaşmış dini mediaya ciddi ehtiyac var:

ceyhunm

“Bu gün vətəndaşlarımız daha çox xarici mediaya diqqət edirlər. Bəzən müxtəlif media resurslarının zərərli təsirləri ilə rastlaşırıq. Ölkəmizdəki özəl media subyektlərinin də bu istiqamətdə fəaliyyəti tam effektiv deyil. Düşünürəm ki, belə olduğu halda bu məsələyə xüsusi önəm verilməlidir. Çünki müxtəlif ölkələrdə dövlət səviyyəsində belə media subyektləri fəaliyyət göstərir. Misal olaraq, Türkiyədə Diyanət İşləri qurumunun televiziya kanalı var. Bu media vasitəsilə insanlar dövlət səviyyəsində dini biliklər və məlumatlar əldə edirlər”.

Deputatın fikrincə, bu məsələyə çox həssas yanaşma olmalıdır: “Problemin öhdəsindən gəlmək üçün bu, vacibdir. Əks halda, insanlarımızın beyninin daha çox zəhərləndiyinin şahidi olacağıq".

Dini məsələlər üzrə ekspert Vüqar Abbasov isə TNS bildirib ki, əsassız iddiaların cəmiyyət arasında yayılmasına yol vermək olmaz:

vuqarabbasov

“Dinlərin təbliği zamanı da yalnız səmavi kitablarda yazılan və mənəvi dəyərlərə söykənən məqamlara üstünlük vermək lazımdır. Hansısa məqsədlərə xidmət edən dini cərəyanlara dövlət tərəfindən qadağan qoyulmalıdır. Müstəqil və dövlət media subyektləri də hər hansı bir informasiyanı yaydığı zaman peşəkar din mütəxəssislərinin fikirlərinə, əsil dini dəyərlərə istinad etməlidir. Bunun üçün dünya təcrübəsindən faydalanaraq ölkəmizdə də ixtisaslaşmış dini media yaratmaq məqsədəuyğundur. Təbii ki, dini medianın ərsəyə gətirilməsi prosesi həm qanunvericiliklə tənzimlənməli, həm də dini məsələlər üzrə elm adamlarının, ruhanilərin fikirləri nəzərə alınmaqla tətbiq edilməlidir. Yalnız o zaman biz hazırda dini məsələlərdə mövcud olan bir çox boşluğu aradan qaldıra bilərik. Eyni zamanda da ölkəmizin təhlükəsizliyi üçün bu sahəni effektiv şəkildə nəzarətdə saxlaya bilərik".

Bünyamin Bünyadzadə