Close

16:10
12 Oktyabr 2024

Teatrlarda nələr var? - “Qaraca qız”, “Fiqaronun toyu”, “Əliqulu evlənir”…

Sentyabr ayından yeni teatr mövsümünə start verilir. Azərbaycanın teatr ənənələrini davam etdirən milli incəsənət ocaqlarımız müxtəlif tamaşalarla növbəti mövsümü açıb.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümə “Qaraca qız" və "Fiqaronun toyu" tamaşaları ilə başlayıb. Teatrın mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf TNS-ə bildirib ki, 97-ci mövsümün açılış mərasimi sentyabrın 5-də keçirilib. Sentyabrın 21-də isə həmin iki tamaşa təqdim olunub: “Hər iki tamaşamız yenidir. Hazırda Elşad Rəhimzadənin quruluşunda Azərbaycan xalq nağılı "Cırtdanın" əsasında Pərvin Nurəliyevanın "Cırtdanino" tamaşası hazırlanır. Tamaşanı il sonuna qədər təhvil verməyi nəzərdə tuturuq. Bundan əlavə monotamaşamız da hazırlanır. "Mən feir baxam" tamaşası isə Xalq artisti Cənnət Səlimovanım qurluşundadır. Baş rolun ifaçısı Şövqi Hüseynovdur”.

S. Əşrəf əlavə edib ki, ötən gün Rusiyada keçirilən “Teatr limanı" adlı festivalda teatrın “Konrabas" tamaşası mükafat alıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümü açıq elan edib. Qurumun mətbuat katibi Fəridə Rüstəmova TNS-ə deyib ki, Akademik Musiqili Teatrın Bədii Şurası 115-ci mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuar və iş planını təsdiqləyib. 2024-cü ilin sonuna qədər olan müddətdə teatrda təqribən 50 tamaşanın 70 dəfədən çox nümayiş etdirilməsi nəzərdə tutulur.

“Mövsümü 18 Sentyabr – Milli Musiqi Günündə “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində göstərilən “O olmasın, bu olsun” (quruluşçu rejissor C.Səlimova) tamaşası ilə açdıq. İlin sonunadək bir neçə yeni tamaşanın premyerası nəzərdə tutulur. 3 oktyabr tarixində dünyaşöhrətli Anton Pavloviç Çexovun "6 №-li palata" əsəri əsasında rejissor Ər-Toğrulun quruluş verdiyi "Palata" (səhnələşdirən: B.Osmanov) tamaşasının premyerası olacaq.  

Yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda "Əliqulu bu gün evlənir" (O.Rəcəbov) komediyası da növbəti aylarda tamaşaçıların ixtiyarına veriləcək.

Teatrın yaradıcı heyəti il boyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə getməyi, müxtəlif beynəlxalq festivallarda iştirak etməyi planlaşdırır”.

Ayşən Azadova