Close

Sovet dövründə çəkilmiş filmdə üçrəngli bayrağımız - İşarə dənizdən verilmişdi… - VİDEO

“Azərbaycanfilm”in istehsalı olan “İşarəni dənizdən gözləyin” bədii filmi oxucularımıza yaxşı tanışdır.

TNS xatırladır ki, 1986-cı ildə çəkilmiş filmdə sovet ideologiyası təbliğ olunur. Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuş kino əsərində tarixi faktlar təhrif edilərək, Azərbaycan Xalq Cümhuriyyəti düşmən, sovet hökuməti isə xilasedici rolunda təqdim edilir.

Film yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında çəkilib. Ssenari müəllifləri İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşən olan kino əsərində obrazları Azərbaycanın görkəmli sənətkarları canlandırırlar. Onların arasında Fuad Poladov (komandan), Əliabbas Qədirov (Sultanov), Həsənağa Turabov (Baş nazir), Fazil Bayramov (Tlexas), Fəxrəddin Manafov (Şəfibəyov), Lalə Qiyasbəyli (Leyla), Firəngiz Mütəllimova (Sona), Muxtar Maniyev (polis rəisi), Vidadi Həsənov (komandanın yavəri), Ramiz Əzizbəyli (Mustafa), Nurəddin Mehdixanlı (Kazım bəy), Həsən Məmmədov (qoca general), Mirzə Babayev (müsavatçı) və digərləri var.

Maraqlıdır ki, sovet ideologiyasının qatı şəkildə təbliğ edildiyi bu filmdə Azərbaycanın üçrəngli bayrağı bir neçə epizodda göstərilir. Bakıda çəkilmiş filmdə Xəzərdə üzən gəmilərdə üçrəngli bayrağımız dalğalanır.

O illərdə hər sahədə ciddi senzuranın tətbiq olunduğunu nəzərə alsaq, bayrağımızın bir neçə dəfə görüntülənməsi maraq doğurur.

Filmi təqdim edirik: