Close

Cizgi filmlərindəki hiyləgərlik səhnələri uşaqların məntiqi təfəkkürünə müsbət təsir edir

“Milli cizgi filmləri elə milli ruhda da olmalıdır. Lakin bununla bərabər, müasirliyi ilə seçilməli, həm əyləncəli, həm də rəngarəng kadrlarla zəngin olmalıdır”.

TNS xəbər verir ki, bunu AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Haqverdiyev elm.az saytına müsahibəsində deyib.

O bildirib ki, cizgi filmləri əyləncəli olmasa, uşağın diqqətini cəlb etməyəcək: “Bu əyləncəyə maarifləndirici, tərbiyəvi və öyrədici elementlər də qatmaq lazımdır ki, uşaqlar üçün həm də faydalı olsun.

Həmçinin personajlar və onların adları düzgün seçilməlidir. Onların görünüşlərində, hətta mənfi obrazlar olsa da, şirinlik olmalıdır. Şirin eybəcərləri və hiyləgərləri, hətta qorxuncları da uşaqlar çox maraqla izləyirlər”.

Bu cür obrazların uşaqların psixikasına mənfi təsir edib-etməməsinə gəlincə, yazıçı bildirib ki, əgər ssenari düzgün qurulubsa, əksinə, müsbət təsir edir: “Sonda mənfi obrazlar, bütün qurduqları tələlərə, hiylələrə baxmayaraq, ifşa olunurlar və meydandan məğlub kimi ayrılırlar. Filmlərdəki hiyləgərlik səhnələri də uşağın məntiqi təfəkkürünə müsbət təsir edir. Hiylə işlətmək sağlam düşüncə olmasa da, bu, istedad və məharət tələb edir”.

Aygün