Close

"300 manata ortaya çıxardığımız çizgi filminə 500 min xərc çəkilən filmdən daha çox baxış oldu"

Uşaqların şəxsiyyətinin formalaşmağa başladığı, rol və modellik bacarıqlarının özünü göstərdiyi aşağı yaş dövründə baxılan bəzi cizgi filmləri onlarda qəzəb, aqressiya kimi emosiyaların yaranmasına səbəb olur. Ailələri ilə vaxt keçirməli olduqları bir vaxtda uşaqların cizgi filmlərinə yönləndirilməsi onların baxdıqları personajları təqlid etmələrinə gətirib çıxarır.

Mütəxəssislər bildirir ki, şiddət və qorxunu əks etdirən cizgi filmlərinin sayının artması uşaqlara son dərəcə mənfi təsir göstərir. Texnologiyanın da təsiri ilə uşaqlar məktəbəqədər yaşlarında ətraf mühitdən bir çox müsbət və mənfi siqnallarla üzləşir. Hazırda uşaqlar ailə içində almalı olduqları təhsil və sosial bacarıqlara texnologiya vasitəsilə yiyələnməyə çalışırlar. Baxdıqları cizgi filmlərindəki sevimli personajları təqlid edir, onları örnək götürürlər.

Nəticədə doğru mesajlar verməyən cizgi filmləri uşaqlarda mənfi davranışlara səbəb olur.

Bu gün Azərbaycanda uşaqlar, demək olar ki, ancaq xarici cizgi filmlərini izləyərək böyüyür. Yerli cizgi filmləri ya yoxdur, ya da yaxşı çəkilmədiyi üçün baxılmır. Üstəlik, çəkilən filmlər ümumiyyətlə yayımlanmır. Yerli televiziya kanallarının efirində uşaqlar üçün cizgi filmləri göstərilmir.  “Mədəniyyət” kanalında  axşam saatlarında “Nağıl vaxtı” var ki, cəmi 5-10 dəqiqə çəkir. Azərbaycanda "ARB Günəş" uşaq kanalı olsa da, uşaqlar daha çox Türkiyənin “TRT çocuk” kanalını, ya da internet vasitəsilə istənilən ölkənin istehsalı olan cizgi filmlərini izləyirlər. Ölkədə uşaqlar üçün “YouTube” kanalları vasitəsilə yayımlanan cizgi filmləri də var, amma onlar istənilən effekti vermir.

Mütəxəssislərin fikrincə, uşaq televiziya kanalı, kanalın xüsusi proqram siyasəti, uşaqlara xitab edən milli, xalqımıza xas olan xüsusiyyətləri özündə əks etdirən, düşünülmüş cizgi, uşaq filmləri olmalıdır ki, onları daha çox yerli filmlərə yönəltmək mümkün olsun.

Mövzu ilə bağlı TNS-ə danışan uşaq yazıçısı, “Sehrli dünya” “YouTube” kanalının yaradıcısı Gülzar İbrahimova bu sahədə ciddi problemlərin olduğunu deyib: “Uşaqlarımız daha neçə onilliklər xarici cizgi filmlərinə baxmalıdır? Elə adamlar cizgi filmləri çəkir ki, onların uşaq nağıllarından, uşaq dünyasından xəbəri yoxdur. Bir az montajı və s. öyrənir, elə başa düşür ki, cizgi filmi çəkə bilər. Cizgi filmlərini uşaqların zövqünü bilən insanlar çəkməlidir. Uşaqların dilindən anlayanların fikirləri dinlənilməlidir.

Yoxsa, 5 milyon vəsait ayrılsa da, çəkilən filmlərə baxılmayacaq. Pul ayırmaqla məsələ həll edilmir. Adi bir misal deyim. Yazdığım bir nağıla “Azman” film studiyası cizgi filmi çəkmişdi. Cizgi filmini uşaq aləmindən uzaq olan insanlar çəkdiyi üçün elə də maraq cəlb etmədi. Amma bizim həmin nağıla şəkillərdən ibarət, təxminən, 300 manat vəsait xərcləyərək, ortaya çıxardığımız çizgi filminə iki il ərzində o qədər baxış sayı oldu ki, “Azman”ın 500 min manata çəkdiyi cizgi filmini ötdü”.

Animasiya filmləri festivalının keçirildiyini, cizgi filmləri çəkilməsi ilə bağlı çoxsayllı məlumatların paylaşıldığını deyən yazıçı filmlərin izlənməmə problemini belə izah edib: “Gəlin görək, həmin cizgi filmləri uşaqlar tərəfindən sevilirmi? İnsanlar bir-biri ilə paylaşır, bir-birinə məsləhət edirmi? Etmir... Çünki darıxdırıcı çəkirlər. Yaxşı bir “YouTube” kanalı açılsa, şəkillərlə çizgi filmləri qoyulsa, daha çox baxış sayı toplayar. Mənim də öz kanalım, 80 min abunəçim var. Bir yazıçı olaraq, nağılları yazıram. Qalan işlər üçün peşəkar əməkdaşlar olsa, onlara maaş verə bilsək, müasir uşaqların zövqünə uyğun filmlər çəkə bilərik”.

Aygün