Close

Qida məhsullarında istifadə edilən palma yağı zərərlidirmi?

Palma yağı dünyada ən çox istifadə edilən bitki yağıdır. Şokoladdan tutmuş çipslərə qədər bir çox işlənmiş qidalarda, həmçinin təmizlik və kosmetik məhsullarda görünür.

Avropa Qida Təhlükəsizliyi Təşkilatına (EFSA) görə, palma yağı xərçəng riski daşıya bilər.

TNS xəbər verir ki, 2014-cü ildə qəbul edilən qanunla Avropa Birliyi palma yağının qida məhsullarında istifadə olunduğunu qeyd etməyi məcburi edib.

Lakin bu qayda kosmetik məhsullara şamil edilmir. Ona görə də istifadə etdiyiniz şampun, sabun, pomada və sairədə palma yağı olub-olmadığını bilmək mümkün deyil.

Palma yağı nədir? Necə istehsal olunur? Hansı məhsullarda var?

Palma yağı palma növü olan "Elaeis guineensis" ağacının meyvələrindən istehsal olunur.

Dünyada yağ istehsalı üçün ən məhsuldar bitki olduğu bildirilən bu palma növünün 90 faizi İndoneziya və Malayziyada becərilir.

Palma ağacları Qərbi Afrikadan gəlsə də, yağıntıların və temperaturun yüksək olduğu Asiya və Amerikanın müxtəlif bölgələrində də böyüyə bilir.

İstehsalçılar palma yağına üstünlük verirlər, çünki tərkibində trans yağ yoxdur, ərimə temperaturu yüksəkdir və istehsalı nisbətən ucuzdur.

Beynəlxalq Ətraf Mühit Təşkilatı “Greenpeace” deyir ki, supermarket rəflərində gördüyümüz qablaşdırılmış məhsulların yarısı palma yağı ehtiva edir.

4e08a340-7668-11ef-8c1a-df523ba43a9a

Sağlamlığa zərərlidirmi?

Palma yağı təbii qırmızı rəngini dəyişmək və qoxusunu aradan qaldırmaq üçün yüksək temperaturda təmizlənir.

Avropa Qida Təhlükəsizliyi Təşkilatına (EFSA) görə, palma yağı 200 dərəcədən yüksək temperaturda təmizlənərsə, digər bitki yağlarından daha çox kanserogen maddələr ayrılır.

EFSA ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi təşkilatlar da palma yağının tərkibindəki kanserogen maddənin yaratdığı təhlükəyə diqqət çəkir.

Ancaq bu qurumlar palma yağını istehlak etməməyi məsləhət görmürlər.

Bəzi tədqiqatçılar palma yağının yüksək doymuş yağ tərkibinə görə xolesterol səviyyəsini artıraraq infarkt və insult riskini artırdığını bildirirlər. Qızdırılan palma yağının yüksək təzyiqə səbəb olduğu da deyilir.

Ətraf mühitə təsirləri nələrdir?

Ətraf mühit təşkilatlarının fikrincə, ən böyük problem palma yağının özündən çox, palma fermalarındadır.

Onlar yağışlı və tropik meşələri olan bölgələrdə qurulur. Bu coğrafiyalarda yaşayan bəzi heyvanlar, palma fermalarına yer açmaq üçün meşələrin kəsilməsi səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Məsələn, Borneo oranqutanları bu təhlükə baxımından qırmızı siyahıdadır.

1b2942e0-7668-11ef-b282-4535eb84fe4b

Ekoloqlar palma yağı istehsalının iqlim dəyişikliyinə, havanın çirklənməsinə və torpaq eroziyasına təsirini də qeyd edirlər.

“Greenpeace”in məlumatına görə, son illərdə İndoneziyada istehsal 6 dəfə artıb. Fəallar bildirirlər ki, bu səbəbdən tropik meşələrin çoxu talan edilib və onların yerinə palma ağacları salınıb.

2005-2015-ci illər arasında Borneo adasındakı meşələrin qırılmasının 50 faizinə palma fermalarının səbəb olduğu iddia edilir.

BMT-nin Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, palma yağı istehsalı üçün hər saat 300 tropik meşə sahəsi məhv edilir.

Onun istehsalı dayandırılmalıdırmı?

Palma yağının istifadəsini dayandırmaq ən etibarlı həll ola bilər. Lakin ekoloji təşkilatlar belə bir boykota çağırmırlar. Çünki palma yağı əslində effektiv məhsuldur. Daha kiçik ərazidən və daha az zərərli pestisidlərdən istifadə etməklə daha çox məhsul əldə etmək olur.

Bir ton yağ istehsalı üçün istifadə olan torpaq sahəsi belədir: palma yağı 0,26 hektar, kolza yağı 1,25 hektar, günəbaxan yağı 1,43 hektar, soya yağı 2 hektardır.

Başqa sözlə, günəbaxan və ya soya kimi alternativ bitkilərdən eyni miqdarda yağ hasil etmək üçün daha böyük torpaqlardan istifadə etmək lazımdır.

Palma yağı da bir çox insanı məşğulluqla təmin edir. Məsələn, İndoneziyada beş milyon insanın bu sektorda çalışdığı bildirilir.

0601c3b0-7668-11ef-8c1a-df523ba43a9a

Həll yolu nə ola bilər?

İstehsalçılar həlli davamlı istehsalda görürlər. Bu, ətraf mühitə, meşələrə, canlı təbiətə və insanlara zərər vermədən istehsal deməkdir.

2003-cü ildə “Sustainable Palm Oil Group” adı altında bir araya gələn istehsalçılar bu ideya və təcrübəni təbliğ etməyə başlayıblar.

2013-cü ildə dünyanın ən böyük palma yağı tədarükçüsü olan Sinqapurda yerləşən “Wilmar” şirkəti meşələrin qırılmasını, yanğını və əməyin istismarını təşviq etməyən siyasətlər qəbul etdiyini bəyan edib.

Bununla belə, ekoloji təşkilatlar bu cür öhdəliklərin həyata keçirilməməsindən, vədlərə əməl edilməməsindən, meşələrin qırılması, canlı təbiətin mühafizəsi və istixana qazlarının emissiyası ilə bağlı narahatlıqların həll edilməməsindən şikayətlənirlər.

dcc17660-768c-11ef-b02d-c5f3b724a1ea