Ölərkən beynimizdə nə baş verir?
Ölmək həyatın vacib bir hissəsi olsa da, ölüm anında beyində baş verənlər haqqında demək olar ki, heç bir şey bilinmir.
TNS BBC-yə istinadən xəbər verir ki, bunu Miçiqan Universitetində Molekulyar və inteqrativ fiziologiya və nevrologiya kafedrasının dosenti Jimo Borjigin bildirib.
Borjigin təxminən 10 il əvvəl siçanların beyinlərində neyrokimyəvi ifrazatlar üzərində təcrübə apararkən, iki siçan ölüb və beləliklə, təsadüfən onların beyinlərinin ölüm prosesini müşahidə edə bilib.
Siçanlardan biri həddindən artıq miqdarda serotonin ifraz edib. Əhval-ruhiyyəni tənzimləyən hormon ifrazı olan serotoninin bu qədər yüksək səviyyədə olduğunu görmək alimin marağına səbəb olub.
"Ölüm prosesi haqqında nə qədər az bildiyimizi öyrənəndə təəccübləndim. Mən ədəbiyyatları araşdırmağa başladım",- Borjigin BBC-yə deyib.
Nevroloq qeyd edib ki, elm aləmində ürəyi dayanan insanın öldüyü güman edilir, lakin bu prosesdə diqqət beyinə deyil, ürəyə verilir. Elmi anlayışa görə, insanda reaksiya olmadığı üçün beyin işləmir, danışa bilmir, dayana bilmir, otura bilmir.
Beynin işləməsi üçün çoxlu oksigen lazımdır. Ürək qanı vurmazsa, oksigen beyinə çata bilməz. Beləliklə, bütün səthi göstəricilər beynin artıq işləmədiyini və ya ən azı hiperaktiv deyil, hipoaktiv olduğunu göstərir.
2023-cü ildə Borjiginin komandası həyat dəstəyinə və beyin fəaliyyətini ölçən cihazlara qoşulan dörd ölməkdə olan insan üzərində araşdırma aparıb.
Yaxınlarının qərarı ilə bu insanları həyatda saxlayan tənəffüs aparatları söndürülüb.
Tədqiqatçılar müəyyən ediblər ki, cihazlar söndürüldükdən sonra xəstələrdən ikisinin beyinlərində yüksək aktivlik var. Xəstələrin beyinlərində ən sürətli beyin dalğaları olan qamma dalğaları da aşkar edilib. Qamma dalğaları mürəkkəb məlumat emalı və yaddaşla əlaqələndirilir.
Xəstələrdən birində beynin hər iki tərəfindəki temporal loblarda yüksək aktivlik müşahidə olunub. Sağ tərəfdəki temporal lobun empatiya ilə əlaqəli olduğu bildirilib.
Ölümə yaxın təcrübələri olan bəzi insanlar, həyatlarının gözlərinin önündə parıldadığını görə bildiklərini və ya vacib anları xatırladıqlarını söyləyirlər.
Bir çoxları sıx bir işıq gördüklərini deyir, digərləri isə bədəndən kənar təcrübələr yaşadıqlarını bölüşürlər.
Borjigin düşünür ki, araşdırmalarında müşahidə etdiyi hiperaktiv beyin insanların ölüm anında yaşadıqlarının cavabı ola bilər.
Nevroloq etiraf edib ki, onun insanlar üzərində apardığı araşdırmalar hələ də çox məhduddur və ölüm zamanı beyində baş verənlərlə bağlı daha çox araşdırmaya ehtiyac var.
Lakin bu sahədə 10 ildən çox apardığı araşdırmalarının nəticəsi olaraq ürəyin dayanması zamanı beynin hiperaktiv olduğunu söyləyir.
Bəs oksigen ala bilmədiyini anlayanda beyində nə baş verir?
"Bizim başa düşməyə çalışdığımız budur. Elmi ədəbiyyatda bu haqda çox az məlumat var. Həqiqətən, heç nə məlum deyil",- alim qeyd edib.
Borjigin qış yuxusundan bəhs edir, insan və siçanlar da daxil olmaqla bəzi heyvanların oksigen çatışmazlığı ilə mübarizə aparmaq üçün daxili mexanizmə malik olduğuna diqqət çəkir:
"İndiyə qədər beynin ürək dayanmasının günahsız bir seyircisi olduğu düşünülürdü, ürək dayanırsa beyin də ölür. Ancaq bunun belə olub-olmadığı dəqiq bilinmir. Qış yuxusu beynin əslində bu çətin vəziyyətdən və ya oksigen çatışmazlığından qurtulmaq üçün bir mexanizmə sahib olduğunu göstərən çox gözəl nümunələrdən biridir. Ancaq bunun araşdırılması lazımdır".
Borjigin və komandasını düşündürən, yeni araşdırmalara sövq edən başqa bir sual da var: ölən beyin niyə daha aktiv olur?