Close

00:03
26 Aprel 2024

Dünyaya səs salan araşdırma- Qarışqalar o qoxunu hiss edə bilirlər

Xərçəngin dünyada insan ölümünün əsas səbəblərindən biri olaraq qalmasına baxmayaraq, bu sahədə aparılan araşdırmalar xəstəliyin erkən aşakarlanması istiqamətində irəliləyişlərin olduğunu göstərir. Belə ki, həssas qoxu sisteminə malik qarışqaların insanlarda xərçəng diaqnozu qoya biləcəyi müəyyənləşdirilib.

TNS BBC-yə istinadla xəbər verir ki,  elm adamları ilk dəfə olaraq qarışqaların siçanlarda xərçəng diaqnozu qoya bildiyini aşkarlayıblar.

Tədqiqatın aparıcı müəllifi Baptist Piqueret deyib: "Qarışqaları siçanların sidiyində on dəqiqə ərzində xərçəngi aşkar etmək üçün öyrətmək olar".

Məlumata görə, Piqueret 2017-ci ildə çöl tədqiqatlarına başlayıb və qarışqalara laboratoriyada yetişdirilən sağlam hüceyrələrlə xərçəng hüceyrələrini ayırd etməyi öyrədə bilib.

Piqueret və komandası insanın döş xərçəngi toxumasını siçanlara implantasiya etmək və şişin böyüməsini təmin etmək üçün ksenoqraft (xarici toxuma peyvəndi) adlı texnikadan istifadə edib.

Daha sonra həm xərçəngli, həm də xəstə siçanlardan sidik nümunələri toplanıb.

“Təlim zamanı qarışqaları yuvarlaq bir yerə yığdıq və xərçəng siçanlardan aldığımız sidiyin yanına mükafat olaraq yemək qoyduq. Qarışqalar mükafatlandırılan yeməyi tapdıqca, mükafatı xərçəng hüceyrələri ilə əlaqələndirdilər və onu tanımağı öyrəndilər",- Piqueret deyib.

“Hüceyrələr fabrik kimidir, yaşamaq üçün qidaya ehtiyacı var və tullantı istehsal edə bilir. Xərçəng hüceyrələri də qoxuda aşkar edilə bilən bir tullantı əmələ gətirir”,- araşdırma müəllifi qeyd edib.

Nəticə olaraq  xərçəng hüceyrələrinin sidikdə və ya nəfəsdə təsbit edilə bilən müəyyən orqanik quruluşa malik olduğu müəyyən edilib.

Piqueret onu da vurğulayıb ki, qarışqaların insanlarda xərçəng diaqnozu qoya bilməsi üçün insan sidiyini də yoxlamaq lazımdır. Bu isə çox mürəkkəb bir prosesdir. Çünki qarışqaların insanlarda xərçəng hüceyrəsi qoxusunu təsbit etmələri üçün yaş, cins, yemək vərdişləri və hər insana xas qoxu kimi bir çox fərqli dəyişən var.

"Başqa bir üstünlük, qarışqaların koloniyalarda yaşaması və bir-biri ilə məlumat paylaşmasıdır. Koloniyanın 10%-nin öyrədilməsi bu məlumatın daha tez yayılmasına və yüksək nəticə əldə olunmasına imkan yarada bilər”,- o əlavə edib.