Close

18:20
06 Dekabr 2024

Krediti olanların nəzərinə: 2025-ci ildə...

“Kreditlərin faiz dərəcəsinin aşağı salınması bu gün bank sektorunda vacib məsələlərdən biridir”.

Bunu deputat Vüqar Bayramov TNS-in gələn il ölkədəki bankların kredit faizlərində dəyişiklik olub-olmayacağı barədə sualına cavabında deyib.

Deputat təəssüflə bildirib ki, hələ də istehlak kreditləri üzrə faizlər yüksəkdir: “Nəzərə alsaq ki, üç milyondan artıq vətəndaşımızın səkkiz milyard manatlıq istehlak krediti üzrə borcu var, bu istiqamətdə faizlərin aşağı salınması və tənzimlənməsi çox vacibdir. Sözsüz ki, bunun liberal iqtisadiyyat alətlərindən istifadə etməklə həyata keçirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə fəaliyyətini genişləndirib: “2025-ci il üçün də bank sektorunda əsas hədəflərdən biri faizlərin optimallaşdırılması və kreditlər üzrə faiz dərəcəsinin aşağı salınmasına nail olunmasından ibarətdir. Bu istiqamətdə bankların yaxından dəstəklənməsi və xüsusən, onların təşviq edilməsi vacibdir ki, biz növbəti ildə kredit faizlərində azalmaları müşahidə edə bilək”.

Ayşən Azadova