Close

16:10
12 Oktyabr 2024

“Turistik kənd” layihəsi kəndliyə nə qazandıracaq?

Dövlət Turizm Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi, özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik kənd” layihəsinə start verilib.

Layihədə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.

İlkin olaraq, turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin “Aqroturizm” zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur. 

Məlumdur ki, kəndlərdə əhali tərəfindən öz evlərini gələn turistlərə kirayə verilməsi təcrübəsi yaranıb və getdikcə daha da genişlənir.

Bu prosesin dövlət tərəfindən dəstəklənməsi hansı effektləri verə bilər?

Mövzu ilə bağlı TNS-ə danışan turizm üzrə mütəxəssis Rəhman Quliyev bildirib ki, regionlarda fəlaliyyət göstərən otellər əlamətdar günlərdə doluluq səviyyəsini 100 faiz yerinə yetirir.

Onun sözlərinə görə, bu zaman qiymətlərin artması qaçılmaz olur: “Otellər 100 faiz dolu olduqda aşağı büdcəli turistlər səyahət planından kənarda qalır. O baxımdan, regionlarda yerli sakinlərin öz evlərini kirayə verməsi həm  icarəyə verən, həm də götürən üçün əlverişli şərait yaradır”.

Ekspert vurğulayıb ki, məqsəd regionlarda sosial inkişafa nail olmaqdır: “Əlbəttə ki, kənd sakinləri öz evlərini kirayə verdikdə gələn turist ona ikiqat mənfəət qazandıracaq. Belə ki, həm gündəlik evin pulunu verəcək, həm də gələn turistlər kənd məhsullarından alacaq. Bu prosesin inkişafı turizmdə inqilabi sıçrayış yarada bilər”.

Aygün