Close

Gəlirlər və xərclər arasında ciddi fərq yaranıb - Dövlət büdcəsinə yenidən baxılacaq?

2024-cü ilin birinci rübündə dövlət büdcəsində 821,7 milyon manatliq artıqlığın (profisit) yarandığı açıqlanıb. Qeyd olunub ki, cari ildə büdcə gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub.

Həm neft-qaz, həm də qeyri-enerji sekorundan büdcəyə daxilolmalar proqnozlaşdırılandan daha çoxdur.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov əvvəlcə profisitin yaranması səbəbinə toxunub.

O, əsas səbəbin vəsaitlərin rüblər üzrə düzgün xərclənməməsi ilə bağlı olduğunu diqqətə çatdırıb: "Hər il birinci rüblə digər rublər arasında dövlət büdcəsinin maliyyə xərclərində ciddi fərqlər yaranır. Ən böyük xərc isə ilin sonuna yaxın, yəni dördüncü rübdə ortaya çıxır. Həmişə l rübdə layihələrin çoxu hazır olmur və təşkilatlara maliyyə açılmır. Buna görə də xərclər azalır və yaranan profisit sonrakı rüblərdə aidiyyəti üzrə paylanılır".

821,7 milyon manatliq profisitin yaranması büdcəyə yenidən baxılması məsələsini gündəmə gətirə bilərmi?

Bu ehtimalin kifayət qədər yüksək olduğunu diqqətə çatdıran deputat səbəbini belə izah edib ki, cari ilin dövlət büdcəsində neftin qiyməti 60 dollar məbləğində müəyyənləşdirilib: "Hazırda isə 85 dollardan yuxarıdır. Buna görə də büdcəyə əlavə vəsaitlər daxil olub. Bəzi məsələlərlə, əsasən də sosial layihələr və Qarabağda gedən tikinti və yenidənqurma işləri ilə əlaqədar əlavə xərclərə ehtiyac var. Yəqin ki, Prezident İlham Əliyev də bu məsələləri nəzərdən keçirəcək. Yalnız bundan sonra, yəni may ayında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun yenidən baxılması üçün Milli Məclisə daxil ola bilər".

Rövşən Ziya