Close

Agentlik buna xeyli vəsait xərcləyib - Turizm sahəsində hansı yeniliklər gözlənilir?

Azərbaycanın turizm imkanları bu il bir çox ölkədə, o cümlədən Türkiyə, Rusiya, Avstriya, Almaniya, İtaliya, Hindistan, İspaniyada keçirilən sərgilərdə nümayiş olunub. Bu sərgilərdə iştirak üçün kifayət qədər vəsait xərclənir. Maraqlıdır ki, turizm imkanlarımızın təbliği Azərbaycana gələn turistlərin sayına necə təsir göstərir və ya göstərəcək? Turzim imkanlarının beynəxalq sərgilərdə nümayişindən sonra bu sahədə hansı yeniliklər gözlənilir?

TNS-in mövzu ilə bağlı suallarını Dövlət Turizm Agentliyi cavablandırıb.

Bildirilib ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən il ərzində dünyanın müxtəlif ölkələrində keçirilən və dünya turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayan beynəlxalq sərgilərdə iştirak edilir, hədəf bazarlarda müxtəlif tədbirlər, seminarlar, təqdimatlar, işgüzar görüşlər təşkil olunur: “Ötən il Avropa və Asiya üzrə əsas hədəf bazarlarda 19-u beynəlxalq sərgi olmaqla, 60-dan çox təqdimat və şəbəkələşmə üzrə tədbirlərdə iştirak təmin edilib. 

Bu tədbirlərdə yerli hava və turizm şirkətlərinin, hotel qruplarının, turizm mərkəzlərinin iştirakına şərait yaradılır. Bu növ sərgilər ölkənin tanıdılması ilə yanaşı, faydalı işgüzar əlaqələrin qurulması, həmçinin mövcud əməkdaşlıqların inkişaf etdirilməsi baxımından önəmli platforma rolunu oynayır. Bu da öz növbəsində həm sənayenin canlanmasına, həm də ölkəyə daha çox turistin gəlməsinə öz təsirini göstərir”.

Məlumatda vurğulanıb ki, bütövlükdə bu fəaliyyətlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda  qeyd olunan müvafiq məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənib: “Məlumat üçün bildirək ki, 2023-cü il ərzində 2 086 443 nəfər xarici vətəndaş ölkəmizə gəlib ki, bu da 2022-ci illə müqayisədə 30 faiz artım deməkdir. Həmçinin bu ilin yanvar-fevral aylarında 340 836 nəfər xarici ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövründəki rəqəmlərdən 47 faiz çoxdur”.

Aygün