Close

Nağdsız qaydada alınmış məhsulun geri qaytarılması zamanı alıcılar problemlə üzləşir - 15 gündən sonra...

Bakı şəhərindəki ticarət mərkəzlərində, super marketlərdə, mağazalarda nağdsız qaydada alış-veriş edilərkən alınan mal və məhsulun geri qaytarılmasında problem yaranır. Alıcı məhsulu geri qaytarmaq istəyərkən ödədiyi vəsait dərhal onun kartına qaytarılmır. Kartdan çıxalan pulun 15 gün ərzində geri qaytarılacağı bildirilir. Bu da nağdsız ödənişlərin genişlənməsinə mane olur. Bəs bunun səbəbi nədir? Vətəndaşın ödədiyi vəsaiti dərhal ona qaytarmaq mümkün deyilmi?

TNS mövzunu sabiq maliyyə naziri, professor Fikrət Yusifovla müzakirə edib.

Alim bildirib ki, nağdsız hesablaşmalar modern maliyyə əməliyyatları sisteminin bir parçasıdır və belə hesablaşmalardan istifadə olunması istehlakçılar üçün daha rahat, sürətli və təhlükəsiz bir ödəniş prosesini təmin edir: “Azərbaycanda nağdsız qaydada hesablaşmalara keçid sürətlə davam edir. Mərkəzi Bank və hökumət alış-veriş əməliyyatlarını nağdsız həyata keçirən fiziki şəxsləri belə ödənişi nağd qaydada həyata keçirənlərdən daha üstün stimullaşdırır. Belə stimullaşdırıcı mexanizmlərin tətbiqində məqsəd nağdsız ödənişlərin həcmini daha da artırmaqdan ibarətdir”.

fikret-yusifov

Professor deyib ki, hal-hazırda fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 17,5%, nağd ödənişlər üzrə isə 5% həcmində müəyyən edilib.

“Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 30%, nağd ödənişlər üzrə isə 5% həcmində müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. 2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olub. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci illə müqayisədə 11.4% artaraq 43.2% təşkil edib”, - Fikrət Yisifov bildirib.

Onun sözlərinə görə, bu sahədə əldə olunan yüksək nəticələrlə yanaşı, prossesin dərinləşməsini əngəlləyən bəzi ciddi məqamlar da ortadadır.

“Məsələn, marketdə hər hansı bir məhsulu alıb, onun dəyərini nağdsız qaydada ödəyən vətəndaş əgər aldığı malı geri qaytarırsa, bu halda onun nağdsız qaydada ödədiyi vəsait vətəndaşın kartına 15 gün müddətində qaytarılır. Bu olduqca uzun bir müddətdir və vətəndaşların nağdsız hesablaşmalara olan inamını azaldır. Xarici ölkələrdə fiziki şəxs aldığı məhsulu geri qaytararkən onun ödədiyi pul da dərhal kartına geri oturdulur. Hesab edirəm ki, aidiyyatı qurumlar bu problemin tezliklə çözülməsi üçün müvafiq addımlar atmalıdırlar”, - sabiq nazir əlavə edib.