Close

Paşinyan bu ölkələrin başçılarını, onlar isə Azərbaycan cəmiyyətini aldadır – Artıq İrəvana xəbərdarlıq edilib

Azərbaycan iqtisadiyyatının bugünkü durumunu dəyərləndirərkən, onun son 10 ildə keçdiyi yolu və bu illər ərzində bütövlükdə 2,5 dəfə artdığını görməzdən gəlmək mükün deyil. Çox təəssüf ki, hökumətin atdığı bütün addımlarda “qəbahət” axtaran Qubad İbadoğlu və Natik Cəfərli kimi siyasi iqtisadçılarımız ölkə iqtisadiyyatının durumunu dəyərləndirərkən bu cür reallıqları görməzdən gəlməkdədirlər. Bu dəfə də onlar Cənubi Qafqaz respublikalarında iqtisadiyyatın vəziyyətini və infilyasiya durumunu “dəyərləndirməyə” çalışaraq, Ermənistan iqtisadiyyatının cari ilin birinci rübündə 12,2%, Gürcüstan iqtisadiyyatının 7,4%, Azərbaycan iqtisadiyyatının isə cəmisi 0,4% artdığını, infilyasiyanın bu ölkələrdə aşağı, Azərbaycanda isə yüksək olduğunu qabardıb, sosial şəbəkələrdə hay-küy salıblar. Öncə onu deyim ki, gözlə görünən rəqəmləri bayraq edib, hay-küy salmaq lazım deyil, sadəcə onları təhlil etdikdən sonra hər hansı bir qənaətə  gəlmək mümkündür. Bu iqtisadi təhlilin fəlsəfəsidir! Cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatındakı artım sürətini əngəlləyən amil, rüb ərzində dünya bazarlarında neftin qiymətlərinin 10,0%-ə qədər aşağı düşməsidir. Burada təəccüblü heç nə yoxdur. İqtisadiyyatımızın qeyri-neft sektoru sabit inkişaf edir və bu ilin birinci rübündə 5,0%-ə yaxın artıb.

İndi gəlin Ermənistanda iqtisadiyyatın bu ilin birinci rübündə 12,2 % artımına dair bu ölkənin baş naziri Nikol Paşinyanın bir neçə gün öncə Moskvada, Avrasiya İqtisadi Birliyinin toplantısında səsləndirdiyi və bizim siyasi iqtisadçıların sosial şəbəkələr vasitəsilə hay-küylə paylaşdığı bu qədər “yüksək iqtisadi artım sürətinin” necə əldə edildiyini araşdıraq. Nikol Paşinyan bu məlumatla Vladimir Putini və bu tədbirdə iştirak edən ölkələrin rəhbərlərini aldatmağa cəhd etdi, bizim siyasi iqtisadçılar isə Azərbaycan cəmiyyətini aldatmağa cəhd edirlər.

Ermənistanın Dövlət Statsitika Komitəsinin məlumatlarına əsasən bu ölkənin Avrasiya İqtisadi Birliyi üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq, 5 milyard 267 milyon dollar təşkil edib. Bu ölkələrlə ümumi xarici ticarət dövriyyəsində ixrac isə 2,8 dəfə artaraq, 2,5 milyard dollar həcmində olub. Baxın, bu ixracın 2 milyard 411 milyon dolları və ya 96,4%-i Rusiyanın payına düşüb.

Cari ilin birinci rübündə də eyni mənzərə təkrar olunub.

Ermənistan Statistika Komitəsinin saytında həqiqətən də cari ilin birinci rübündə Ümumi Daxili Məhsulun 12,2 % artdığı göstərilir. Bu komitənin saytında eyni zamanda göstərilir ki, cari ilin birinci rübündə ölkəyə idxalın həcmi 2022-ci ilin birinci rübü ilə müqaisədə 1 milyard 217 milyon dollar və ya 89,1%  artıb. Eyni qayda ilə bu ilin birinci rübündə Ermənistandan ixracın həcmi 929,7 milyon dollar və ya 2,3 dəfəyə qədər artıb. Nəzərə alaq ki, Ermənistanın 2023-cü ilin birinci rübündəki Ümumi Daxili Məhsulu cəmisi 4,6 milyard dollar olub – yəni ötən ilin birinci rübü ilə müqaisədə 0,5 milyon dollar və ya Paşinyanla bizim siyasi iqtisadçıların dediyi kimi 12,2% artıb. Bu yerdə bircə fakta diqqət çəkmək istəyirəm. Cari ilin birinci rübündə Ermənistandan ixracın 2,3 dəfə və ya 929,7 milyon dollar artan hissəsi Ermənistanın bu ilin birinci rübündəki Ümumi Daxili Məhsulunun (4,6 milyard dollar) 20,2%-i səviyyəsindədir və 2022-ci ildə olduğu kimi ixracda bu artımın böyük bir hissəsi Rusiyanın payına düşür. Ermənistan iqtisadiyyatında N.Paşinyanın və bizim siyasi iqtisadçıların səsləndirdiyi 12,2% artım məhz bu ölkənin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra fantastik sürətlə artan idxal və ixracının hesabına baş verir. Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən, hərbi sənaye üçün lazım ola elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Bir sözlə, Ermənistan artıq 1 ildən çoxdur ki, Rusiyaya lazım olan bu məhsulları öz ölkəsinin adına idxal edib, sonradan onu müxtəlif məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. Heç şübhəsiz, Rusiya üçün digər ölkələrdən idxal etdiyi malları Rusiyaya ixrac edərkən Ermənistan “yaxşıca qazanmağı” da yaddan çıxarmır – yəni o həmin məhsulların üzərinə yetərli “qiymət əlavəsi” edib Rusiyaya satır (cari ilin birinci rübündə idxalın 89,1%, ixracın isə 2,3 dəfə artması bunu deməyə əsas verir) və bununla da bir güllə ilə bir neçə hədəfi vurur. Yəni, bu yolla Ermənistan Ümumi Daxili Məhsulunda “ciddi artım” əldə edir, ölkəsinə yetərincə valyuta qazandırır və sanksiyalarla bağlı  havadarı Rusiyaya yardım əlini uzatmış olur. Artıq ABŞ və Almaniya kimi ölkələr bununla bağlı Ermənistan hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq hələ ki, erməni həyasızlığı öz işini davam etdirir.

Cənab siyasi iqtisadçılar, indi bildinizmi Ermənistan iqtisadiyyatının “çiçəklənməsi” nəyin hesabına baş verir? Sizə məsləhətim budur ki, mətbuatda və sosial şəbəkələrdə paylaşdığınız məlumatları öncə əsaslandırın, əks halda bu işi, bu yazıda olduğu kimi sizin yerinizə başqaları edəcək.

Fikrət Yusifov,

sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor

fikret-yusifov