Close

Xaricdən telefon gətirənlərin nəzərinə! - Bu tarixdən etibarən...

2023-cü il fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

TNS xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinə müraciət edilməlidir. Komitənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.

Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya "Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.

Tanınmış texno-bloqer Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki, əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu bəyan etməli olacağıq:

"Əslində bu günə qədər də bu hal mütləq idi. Lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək".