Qurban Qurbanov: "Medinadan belə səhvi gözləmirdim"
"Çox danışmaq olar. Sadəcə futbolda diqqətsizlik edəndə, qapında belə qollar görürsən. Xüsusən də 2-ci qol zamanı edilən səhvi Kevin Medinadan gözləmirdik".
TNS-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a 1:4 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
Baş məşqçi hesabın oyuna görə olmadığını bildirib:
"Kevinə deyiləcək iradım yoxdur. Çünki bu, texniki səhvdir. 2-ci qoldan sonra futbolçularda ruh düşkünlüyü oldu. Ona görə də 3-cü qolu buraxdıq. 3-cü qoldan sonra isə oyunumuz dağıldı. İstədiyimiz kimi olmadı. Matçın sonlarına yaxın özümüzə gəldik. İnanın ki, futbolçularımdan çox razı qaldım. Məncə, hesab oyuna görə deyildi. İlk hissədə, 2-ci hissədə çoxlu qol epizodlarımız oldu. Nə qədər zərbəmiz qapı dirəyindən geri qayıtdı. Sadəcə rəqib futbolçuların ustalığı belə nəticəyə səbəb oldu".
O, "Qarabağ"ın qarşıda 3 oyunu var. Pley-offa adlamaq üçün ən az 7 xal toplamalıyıq. Bu mümkün olacaqmı" sualına belə cavab verib: "Bilmək olmaz ki, 7 xal toplamaq lazımdır, ya yox. Bəlkə daha az xal bizə kömək edə bilər. Bu futboldur. Sonadək mübarizə aparacağıq”.