Close

40 illik səfər matçından evə dönən “Qarabağ”

Gördüm, Ağdam yenidən tikilib, qurulub, gözəl bir şəhər olub. Şərq girəcəyində "İmarət" adlı yan-yörəsi şarlı-bayraqlı nəhəng bir stadion var. Ətrafında adam əlindən yer yoxdur. Böyük bir izdiham stadionu üzük qaşı kimi dövrəyə alıb. Hamı nəfəs çəkmədən gözünü üfüqə zilləyib, durur. Hər şey səssizdır şəhərdə, sular lal axır, külək yatıb, quşlar belə susur...

Maraqlandım, nə izdihamdır? Məlum oldu ki, “Qarabağ” komandası 40 illik səfər oyunundan nəhayət evə – doğma divarlar arasına dönür, camaat onu qarşılamağa çıxıb...

Üfüqdə qarşısına atlar qoşulmuş uzun avtobus göründü. İzdiham təlatümə gəldi, ortadan ikiyə bölünüb yol verdi, insan selinin sevinc hayqırtısı yeri-göyü titrətdi...

Məşqçilər, futbolçular avtobusun açıq pəncərələrindən onları alqışlayan izdihama əl edirdilər. Göz yaşında islanmış gül yağışı yağırdı hər yandan avtobusun üstünə...

Baxdım ki, pişvaza çıxanların hamısı Ağdamı görmədən dünyadan köçmüş ağdamlılardı. Dedim, axı siz ölmüşdünüz, bəs necə dirildiniz? Bir ağsaqqalı qayıtdı ki, biz elə nisgillə ölmüşük, heç qiyamət günü də dirildə bilməzdi. Sadəcə, Rəbbimiz gördü ki, komanda yurda qayıdır, özü də kövrəldi sevincdən, bizə dedi, gedin, qarşılayın, gəlin...

Stadionun darvazaları açıldı. “Qarabağ”ın qızılı atlı göy avtobusu içəri girdi, qapılar bağlandı. Səs-küy kəsildi, izdiham qeyb oldu...

Yuxudan səsə ayıldım. Külək pərdə ilə vurub güldanı pəncərənin qabağından yerə salmışdı. Döşəməyə islanmış gül yağışı yağmışdı. Bayırda quşlar oxuyurdu: axşam “Qarabağ” oynayır...     

Qeyd: Yazı "Qarabağ"ın axşamkı oyununa və bu uğurları görmədən dünyadan köçənlərin əziz xatirəsinə ithaf edilib.

İlqar Rəsul

Bakı.

22.02.2024.