Close

10:15
26 Aprel 2024
09:49
26 Aprel 2024
09:12
26 Aprel 2024
00:03
26 Aprel 2024

"Hökməli sakinlərinin Sizə nə pisliyi keçib ki, 30 ildir, qisas alırsınız - Oqtay Əsədovu görən olsa..."

Abşeron rayonunun Hökməli qəsəbəsinin sakinləri su, yol problemləri ilə bağlı şikayətçidirlər.

TNS Hökməli qəsəbəsinin sakinlərinin Azərbaycan Respublikasının Baş nazirinə, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə, Abşeron rayonun Hökməli kəndinin gözəgürünməz deputatına, Abşeron rayonunun İcra Hakimiyyətinin başçısına göndərdiyi məktubu olduğu kimi təqdim edir:

“Hörmətli Baş nazir, Hökməli qəsəbəsi Abşeron yarımadasının ən yüksəkdə yerləşən yaşayış məntəqəsidir. Şamaxı və Xızı rayonu ilə təxminən eyni iqlimə malikdir. Yayda kondisionersiz yaşaya biləcəyiniz, kəndin yolsuz və susuz beton yol ərazisindən 100 km Xəzər sahilini və ya Abşerondakı 4 gölü gözlə müşahidə edə biləcəyiniz bir qəsəbədən bəhs edirik. Çeyranbatandan əsəs külək yayda sərin, qışda isə kifayət qədər sərt iqlimi təmin edir. Təmiz və saf havası olan Hökməli dəniz səviyyəsindən 270 metr yüksəkdə yerləşir. Hökməlidə hər il dəfələrlə qar yağır və bəzən bir həftə ərimir. Keçən il 1.5 metr qar yağdığını da xatırlayırıq. Sanki dövlət qurumları tərəfindən qəsəbə əhalisinə su verilməməsinə görə dilsiz-ağızsız ana təbiət qışda bol yağıntısı ilə üzrxahlıq edir.

Uzun illərdir ki, Hökməli uca Allahın da, hökumətimizin də, deputatımız Oqtay Əsədovun da, əvvəlki icra hakimiyyətinin başçılarının da yadından çıxıb. İndi yeni icra başçısı təyin edilib. Qəsəbə ilə tanış olub. Şəhid ailələrinə diqqətlidir. Məscidləri və küçələri gəzib. Bərbad vəziyyətdən xəbərdardır. Qəsəbədə o gələn gün bir qədər təmizlik işi də aparılmışdı. Onun barəsində bundan əlavə nəsə deyə bilmərik. Amma əvvəlkilərin buraya etinasız fəaliyyəti gözümüzü çox qorxutduğu üçün yeni başçımız barədə optimist ola bilmirik. Amma yenə də Abdin müəllimə uğurlar arzu edirik. Tək bildiyimiz budur ki, kim beton yola su və asfalt döşətdirə bilsə, Ginnesin rekordlar kitabına düşəcək.

“Azərsu” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu qəsəbəni tam unudublar, amma zaman-zaman Hökməlinin problemləri ilə bağlı şikayətlərə münasibət bildirməklə bu ərazidəki vəziyyətdən xəbərdar olduqları məlumdur. Adı çəkilən qurumlar buradakı bərbad vəziyyətə görə “Nazirlər Kabineti vəsait ayırmır” bəhanəsi ilə məsuliyyəti Baş nazir Əli Əsədova ünvanlamaqla vəzifələrini bitmiş hesab edirlər.

Son 10 ildə yağan yağışdan və əriyən qardan formalaşan içməli suyun qiymətinin 7 dəfə artırılmasına nail olan “Azərsu” ASC, Ceyranbatan gölündən 1 km aralıda yerləşən qəsəbə əhalisinə içməli su xəttini çəkmək üçün vəsaiti Nazirlər Kabinetindən ayırılmasını gözləyəcəkdisə, bu qədər qiymət artımına nə ehtiyac var idi? Nazirlər Kabineti isə Hökməli adında qəsəbəni yaddaşından tamam silib. Qəsəbədən seçilən deputatımız Oqtay Əsədov isə nə seçkidən əvvəl, nə də seçkidən sonra bir dəfə də olsun Hökməli sakinləri qarşısında zühur etməyib. Xahiş edirik ki, gələcəkdə bizm qəsəbədən bizimlə görüşməkdən yayınan deputat seçilməsinə imkan verməyin. Belə deputat nəyimizə lazımdır?

Qəsəbənin tək yeni inşa edilən çoxmərtəbəli binalarına gedən yoldan başqa, bütün digər yolları bərbad vəziyyətdədir. 1500 yaşı olan bu yaşayış məntəqəsinin çox hissəsinə, o cümlədən Beton yol ərazisinə su bu gün də maşınlarla gətirilir. Kanalizasiya isə yollara axıdılır. 70 il əvvəl Sovet hökümətinin çəkdiyi və bu gün bərbad vəziyyətdə olan yollardan hərbçilərimiz bu gün də də istifadə edir. Bakı şəhərinin, Abşeron yarımadasının və mühüm əhəmiyyətli dövlət obyektlərinin təhlükəsizliyini təmin edən strateji təyinatlı hərbi hissəni bu yoldan istifadə etdiyi üçün döyüş hazırlığının hansı vəziyyətdə olduğunu geniş yazmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, həmin hərbi hissə də su xəttinə malik deyil. Ara yollar isə qarda və yağışda keçilməz hala düşür. Kənd sakinləri yollardan istifadə edərkən ciddi çətinlik çəkirlər.

“Azersu” ASC suyun çəkilməməsinə səbəb kimi, əvvəllər seyrək məskunlaşmanı, sonra isə hökümətdən vəsait ayrılmadığını bəhanə gətirir. Halbuki qəsəbəyə içməli suyun çəkilməsi üçün layihə 2015-ci ildə Yaponiyanın “Doosan” şirkəti tərəfindən hazırlanıb. Şirkətə də böyük vəsaitlər ödənilib. Layihənin tender keçirilmədən keçmiş “Azərsu” ASC sədri Qorxmaz Hüseynov tərəfindən qohumlarının adına qeydiyyatdan keçən HİS şirkətinə verildiyi barədə iddialar mövcuddur. HİS isə burada 200 metr boru basdırdıqdan sonra yoxa çıxdı. Layihə üzrə nəzərdə tutulan transmissiya xətti, su anbarları və içməli su şəbəkəsi qurulmadı. Layihəyə ayrılan vəsaitin taleyi barədə ictimaiyyətə məlumat verilmədi. Q.Hüseynovun villaları bu vəsaitin ünvanı barədə Sizlərə heç nə demir? Bu haram pulla tikilən villalardan birinə xərclənən vəsaitlə, Hökməliyə suyun və yolun çəkilməsini mümkün ola biləcəyini düşünürük.

Əgər “Azərsu” ASC-nin dediyi kimi, bu ərazidə məskunlaşdırma seyrəkdirsə, nədən ərazi iki dəfə elektrik xətti ilə, iki dəfə qaz xətti ilə, internet və telefon xətti ilə təmin edilib? Qəsəbənin elektrik, qaz, telefon və internet problemi tamamilə həll olunub. Əziyyəti keçənlərdən Allah razı olsun. Belə çıxır ki, “Azərsu” üçün seyrək hesab olunan məskunlaşma, digər 4 dövlət qurumu üçün seyrək hesab edilmir? Belə bir absurd yanaşma Hökməli əhalisinə qarşı haqsızlıq və ədalətsizlikdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bu qəsəbə yolunun tullantıları daşımağa imkanı olmayan Hökməli bələdiyyəsinin balansında olduğunu iddia edir. Bakı şəhərinin, Abşeron yarımadasının və mühüm əhəmiyyətli dövlət obyektlərinin təhlükəsizliyini təmin edən strateji təyinatlı hərbi hissəyə gedən yolun qəsəbə bələdiyyəsinin balansına hansı düşüncə sahibinin necə daxil etdiyi də anlaşılan deyil.

Qəsəbənin su və yol problemlərinə aid adı çəkilən qurumlardan ən yaxşı halda ala biləcəyimiz cavablar təxminən belə səslənəcək: “Bir neçə kəndin içməli su xəttinin və ya yollarının yenidən qurulması Dövlət proqraminda nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi su xəttinin çəkilməsi və ya yolun yenidən qurulması işləri icra olunacaq”. Bu tip bəyanatlardan qəsəbə əhalisi artıq yorulub və bezib. 2014-cü ildə “Azərsu” ASC-nin Hökməlinin su ilə təmin olunması barədə verdiyi məlumat hələ də havadan asılı qalıb. Xalqı bir müddət aldatmaq olar, amma 8 il ardıcıl yalan danışmağı kimsə dövlət qurumuna bağışlamaz. Amma biz əlacsızlıqdan bunu bağışlayırıq. Aidiyyəti qurumlar, Hökməli sakinlərinin narazılığına şərait yaratmalı deyil. Qarabağı və Zəngəzuru yenidən qururuq. Çox gözəl, çox pakizə. Bizim qəsəbənin su və yol ilə təmin olunması üçün mütləq erməni işğalına məruz qalmalıdır yoxsa bunun ayrı yolu var? Varsa deyin, biz də bilək.

21-ci əsrdə “Azərsu” ASC-dən 10 km, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə 8 km aralı ərazidə suyun və yolun olmaması ölkəmiz adına ayıbdır. Hökumətimizə, deputatımıza, yeni icra hakimiyyətinin başçısına, “Azərsu” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 sualımız var:

1. Lerikin, Astaranın, Qubanın 100 və ya 200 nəfərin yaşadığı dağ kəndlərinə yol və su xətti çəkildiyi halda, 18000 nəfərin yaşadığı Hökməlini çirkab içində, əsasən yolsuz və susuz saxlamaqda məqsədiniz nədən ibarətdir?

2. Hökməli qəsəbəsinin və beton yol sakinlərinin Sizə nə pisliyi keçib ki, əhalidən 30 ildir ki, belə qisas alırsınız?

3. Hökməli sakinlərindən olan bir şəhid ailəsi cənab Prezident İlham Əliyevi və ya Birinci vitse-prezident Mehriban xanım Əliyevanı şəhid məzarının adının əbədiləşdirilməsi üçün təşkil edilən tədbirdə iştirak etmək üçün Beton yola dəvət etsə, çikab içində batan, yolsuz və susuz ərazi üçün rəhbərliyə necə hesabat verəcəksiniz?

Abşeron rayonunun icra başçısı yeni dəyişdi, “Azərsu” ASC-nin sədri də az əvvəl dəyişdi. Ümid edək ki, aidiyyəti qurumların yeni rəhbərləri Hökməli qəsəbəsinin yol və su problemləri ilə bağlı əməli tədbirlər görmək üçün fəaliyyətə keçəcəklər və əhalinin cənab Prezidentə müraciət etməsinə şərait yaratmayacaqlar.

Deputatımıza gəlincə isə Oqtay müəllimi görən olsa ona çatdırsın ki, evinizdən 3 km aralıda yerləşən Hökməli qəsəbəsinin beton yol ərazisində 200-250 manat qazanan əhali ayda 70 manat vəsaiti tək suya xərcləyir.

Hamınıza dərin hörmətlə, beton yol ərazisində yaşayan ailələr adından qəsəbə sakinləri:

Alıyev Vidadi
Nacınəbiyev Qəhrəman
Məmmədov Səyyar
İmanova Gülşən
Əhmədov Məcid
Məmiyev Aqşin
Əliyev Şəmsi
Əliyev Məhərrəm
Batifər Kəmalə
Behbudov Ələmdar
Əliyeva Hahidə
Əhmədov Bəhmən
Qafarova Günel
Əliyev Əliyusif
Verdiyev Allahverdi
Əli Elşən
Barxudarov Əfqan
Əliyev Valeh
Gülmalıyev Zahir
Mehralıyeva Nuranə
Babayev İlkin
Həsrətov Əlimusa
Cəyriyev Mübariz
Səfərov Vüsal
Əhmədov Kənan
Osmanov Elnur
Məmmədov Ələmdar
Səfərov Samir
Verdiyeva Nuriyyə
Mehrəliyev Maarif
Əşrəfova Səidə
Əzizov Amil
FərzəliyevVüsal
Həsənov Elnur
Vəliyev Anar
Seyidov Nahid
Qədirov Bağır
Alıyev Ruslan
Verdiyeva Nuranə
Şabanova Şahnaz
Abbasova Samirə
Fərzəliyev Amid
Quliyeva İlahə
Cəlilov Məcid
Məmmədova Səadət
Əliyev Kərim
Hüseynov Niyazi
Məmmədov Vüsal
Abbasov Natiq
Abbasov Xəqani
Nəsibova Fidan
Qasımov Fikrət
Əlaqə nömrəsi 050 221 45 69”