Close

21:47
19 Aprel 2024

Son vaxtlar baş verən hadisələr qəzalı məktəblər problemini gündəmə gətirir

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində təmir işləri aparılan orta məktəb binasında baş verən qəzada dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verirəm.

Baş verən hadisə, bir həftə öncə Lerik rayonunun Veri kənd tam orta məktəbinin dam örtüyünün çökməsi müəyyən suallar ortaya qoyur. Məktəblərimizdən neçəsi qəzalı vəziyyətdədir və bu qəzalı məktəblərlə bağlı hansı tədbirlər görülür?

Ölkədə 4432 ümumi təhsil məktəbi var. Son 20 ildə 3800-dən artıq məktəb ya yenidən tikilib, ya da əsaslı təmir olunub. Bununla yanaşı, qəzalı vəziyyətdə olan məktəblərimizin sayı da az deyil və hətta təmir olunan məktəblər arasında da belə məktəblər var.

Məktəblərin tikintisini və ya əsaslı təmirini aparan podratçı tikinti  təşkilatları bu  tikintini və təmiri sona çatdırdıqdan sonra hansı təşkilat texniki nəzarəti həyata keçirir? Ümumiyyətlə, təhsil müəssələrinə texniki nəzarət həyata keçirilirmi?

Bildiyimiz kimi, hər bir məktəbin texniki pasportu var (daha doğrusu olmalıdır). Texniki pasport  tikintini və ya təmiri aparan podratçı tikinti şirkəti tərəfindən, texniki nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən (Şəhərsalma və Tikinti Məcəlləsinin 98-ci maddəsinə görə tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir) tikintinin və ya təmirin aparılması ilə bağlı əvvəlcədən hazırlanmış layihəyə uyğun hazırlanır, Təhsil Nazirliyi tərəfindən təsdiq olunur və məktəbin əsas maliyyə-təsərrüfat sənədlərindən biri kimi məktəbdə daimi saxlanılır.

Məktəblərdə artıq uzun illərdir ki, məktəb direktorlarının dəyişməsi zamanı sabiq direktorun yeni təyin olunan direktora təhvil verməsi göstərilən sənədlər arasında məktəbin texniki pasportu göstərilmədiyinə görə, (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”) məktəblərin əksəriyyətində texniki pasportlar itib.

2000-ci illərdə (nazir Misir Mərdanovun dövründə) bir çox məktəblərin əraziləri kommersiya məqsədi ilə zəbt olunarkən araşdırma başlanması ilə bağlı texniki pasportlar Təhsil Nazirliyi tərəfindən yığılsa da, həmin texniki pasportlar müəmmalı şəkildə yoxa çıxdı. Bu məsələ bir də 2014-2015-ci illərdə Təhsil naziri olan Mikayıl Cabbarovun dövründə araşdırıldı və yerdə qalan digər məktəblərin texniki pasportları toplanıldı. Əsas gətirildi ki, texniki pasportlar kiril əlifbası ilə yazılıb, yeniləmək – latın əlifbası ilə hazırlamaq lazımdır. Nəticə etibarı ilə bu iş başa çatdırılmadı, hal-hazırda məktəblərimizin tam böyük əksəriyyətinin texniki pasportu yoxdur. Bu o deməkdir ki, məktəb binalarının istismarına texniki nəzarət də yoxdur. Hətta yeni tikilən və təmir olunan məktəblərimizin belə texniki pasportu yoxdur.

Problem kifayət qədər ciddidir. Təhsil Nazirliyinin müvafiq strukturları təhsil müəssələrinə ( o cümlədən ümumi təhsil məktəblərinin ) istər tikinti və ya təmir zamanı, istərsə də dövrü olaraq istismar müddətində texniki nəzarəti təmin etməlidir.

Elşən Qafarov,
təhsil eksperti

news_20211111011417