Close

“Azər Zeynalov dedi ki...” – Evindən zorla çıxarılan, təhdid olunan Naxçıvan sakini fəryad edir - FOTOLAR

Naxçıvan şəhər sakini Ələkbərova Dilşad Vəli qızı yaşadığı mənzilindən zorla çıxarılıb.

Dilşad Ələkbərova TNS-ə müraciət edərək problemi barədə danışıb.

00c176b0-0f07-4eb6-ac27-76e014881519

Vətəndaş deyir ki, 1992-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli hərbi şəhərcikdən 40 min rubla mənzil alıb.

Dilşad Ələkbərovanın redaksiyamıza göndərdiyi sənədlərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 04 yanvar 1993-cü ildə Naxçıvan 5-ci əlahiddə briqadasının komandirinə müraciət edərək hərbi şəhərcikdəki 8 mənzilin müxtəlif şəxslərə verilməsi ilə bağlı Müdafiə Nazirliyi ilə razılıq əldə olunduğunu bildirib. Məktubda qeyd olunub ki, həmin mənzillərdən 4-ü Ali Məclisin mənzilə ehtiyacı olan işçilərinə verilib, 4-ü isə ehtiyac sahiblərinə satılıb. Mənzillə təmin olunacaq şəxslərin siyahısı məktuba əlavə edilib. Siyahıda hazırda mənzilindən zorla çıxarılan Dilşad Ələkbərovanın (Mirzəyevanın) da adı vardır.

39ad68d8-c191-44a6-a180-f7badff49579

e382a6b8-4236-414b-a3a2-05ca4475a55c

Vətəndaş bildirir ki, bu mənzili o vaxt Ali Məclisin Sədri işləyən ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində əldə edə bilib. O,  30 ildir, burada yaşayır. İndiyədək heç kim onun mənzilinin qanunsuz olduğunu deməyib. Çünki qanunsuz deyil.

Dilşad Ələkbərova bu mənzili bir rusdan 40 min rub ödəyərək alıb. İndi onu zorla öz mənzilindən çıxararaq o vaxt Ali Məclisin verdiyi sənədlərin qanunsuz olduğunu bildirirlər. Naxçıvan rəsmilərinin dediklərindən belə anlaşılır ki, Heydər Əliyevin verdiyi sənədin bu gün heç bir hüquqi qüvvəsi yoxdur.

Vətəndaşın Naxçıvanda müraciət etmədiyi dövlət orqanı qalmayıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov deyib ki, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev desə, ona mənzil verə bilərlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun da qəbulunda olan Dilşad Ələkbərova muxtar respublikanın əsas orqanından da əliboş qayıdıb. Burada onu, belə demək mümkündürsə, yola veriblər: “Azər Zeynalov dedi ki, mənzilinin sənədləri var, get qapını qır gir evinə”.

İndi baxın görün, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində insanların problemlərini necə “yüksək səviyyədə” həll edirlər. Vasif Talıbovun birinci müavini vətəndaşa məsləhət görür ki, gedib zorla qapını sındırsın, sonra bu zavallı qadını bir bəhanə ilə həbs etsinlər. Bu necə vətəndaş qəbuludur? Əgər vətəndaş haqlıdırsa, müvafiq orqanlar qarşısında məsələ qaldırılmalı, ona ya öz mənzili geri qaytarılmalı, ya da şəhərin başqa bir yerində Dilşad Ələkbərovaya mənzil verilməlidir. Vətəndaşın vaxtilə pulunu ödəyib aldığı mənzildən zorla çıxarılmasının adı quldurluqdur. Təəssüf ki, bu quldurluq faktına Vasif Talıbovun birinci müvini Azər Zeynalov etinasız yanaşıb.

“İlqar İsgəndərov mənə dedi ki, (evlər idarəsinin əməkdaşı olduğu bildirilir - red) sən savadsız olmusan, o vaxt bu sənədi sənə verənlər səni aldadıblar ( Əslində İlqar İsgəndərov bunu çox kobud formada deyib. Sadəcə olaraq, biz onu həmin formada təqdim etməyi məqsədəuyğun saymadıq. Axı yuxarıda qeyd olundu ki, mənzil kimin vasitəsilə verilib), - vətəndaş bildirir.

Dilşad Ələkbərova 260 manat pensiya aldığını, xəstə övladları ilə küçədə qaldığını deyir.

O, haqqını aradığı üçün təhdid olunduğunu bildirir:

“İlqar İsgəndərov mənə deyir ki,  Heydər Əliyevin verdiyi sənəd burda keçmir. Sənin bir xəstə oğlun var. Sənin arxanda kim var ki. Səni elə yox edərəm ki, heç kimin ruhu da inciməz”.

Bunun adı quldurluq, reketlikdir. Budurmu, sizin Naxçıvanda yaratdığınız ədalətli cəmiyyət. Budurmu, ulu öndər Heydər Əliyevin yoluna sədaqətiniz. Ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə qəbul etdiyi qərarları heçə saymaq, ulu öndərin Azərbaycanın ən qiyməti sərvəti adlandırdığı vətəndaşı öz halal mənzilindən küçəyə atmaq milli liderimizə “sevginizin” nəticəsidir? Ulu öndərə sədaqət tədbirlərdə pafoslu çıxışlarla olmur cənablar! Dövlətə sədaqətli adam, ədalətli rəhbər odur ki, öz vətəndaşına sahib çıxsın, öz vətəndaşının haqqının hansısa bir məmurun ayaqları altında tapdalanmasına imkan verməsin.

Naxçavanda əli hər yerdən üzülən, orada ədalətin olmadığını görən Dilşad Ələkbərova bizim informasiya agentliyimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyir.

İnanırıq ki, Naxçıvanda yaşayan vətəndaşımızın bu problemi Azərbaycan rəhbərliyinin müdaxiləsi ilə tezliklə aradan qaldırılacaq, öz xəstə övladları ilə küçəyə atılan Dilşad Ələkbərovanın halal mənzili özünə qaytarılacaqdır. Dilşad Ələkbərova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma güvəndiyini, probleminin yalnız onların vasitəsilə həll olunacağına inandığını deyir.

ae9a1c56-d2c9-4fbb-9ae5-1c2dda95988b

0820cd91-437d-457b-acef-c8b8a30ef178

a28cb23a-ef65-4f46-8e78-227041c77c5e