Azərbaycan Ordusu döyüşə hazır vəziyyətə gətirildi - Təxribatlara cavab veriləcək
Ermənistan tərəf Azərbaycan ərazilərində təxribatlara cəhd edir. Ötən gün ermənilər Gorus rayonu istiqamətindən Azərbaycan ərazilərində müşahidələr aparmağa başlayıblar.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov TNS-ə açıqlamasında ermənilərin bu cür təxribatlar törədəcəyini istisna etmir: "Ermənilərin COP29 ərəfəsində bu cür təxribatlar edəcəyi gözləniləndir. Hər hansı danışıqlar və böyük tədbirlər ərəfəsində biz Ermənistandan ancaq təxribat xarakterli addımlar görürük. Azərbaycanın COP29-a hazırlaşdığı ərəfədə Ermənistan və onun havadarları olan ölkələr bizə qarşı hərəkətə keçib. Həmin ölkələrin hərəsi bir formada təzyiqlərə cəhd edir. Ermənistan isə bu siyahıda demək olar ki, birincidir. Azərbaycanla Ermənistan arasında hələ də sərhədlər müəyyənləşməyib, şərti sərhəd qalmaqdadır. Bəzi qüvvələr də bundan aktiv şəkildə istifadə edir”.
Ekspertin fikrincə, həmin qüvvələr bir tərəfdən siyasi arenada Azərbaycana təzyiqlər göstərir, digər tərəfdən isə Ermənistandan alət kimi istifadə edərək şərti sərhəddə təxribatlar törətməyə çalışırlar: “Avropa missiyası adlı qurum da Ermənistan-Azərbaycan sərhədində “binokl” diplomatiyasını davam etdirir. Onların Fransa bayrağı ilə sərhədə yaxınlaşması, ordan Azərbaycan ərazilərini müşahidə etməsi təxribat prosesinin halqalarıdlr. Düşünürəm ki, bu prosesdə Ermənistan hansısa təxribata əl ata bilər. Ermənistanda hazırda gedən bəzi hazırlıqlar, çağırışlar buna işarədir".
Hərbi ekspert bildirib ki, COP29 ərəfəsində Ermənistanın havadarları olan bəzi ölkələr Azərbaycana qarşı qondarma iddialarla çıxış edirlər: "Azərbaycan isə bu ərəfədə səbrli davranacaq, şərti sərhəddə ciddi addımlar atmayacaq. Ermənilər də bunu bilir. Bilirlər ki, COP29 ərəfəsində və tədbir vaxtı Azərbaycan təxribatlara sərt cavab verməyəcək. Çünki Ermənistanın və onun havadarlarının Azərbaycan haqqında beynəlxalq arenada mənfi imic yaratmasına imkan verməyəcəyik. Həmin dövlətlər bundan istifadə edib regionda sabitliyi pozmağa cəhd göstərir. Qərb bu hərəkətləri ilə Ermənistan ərazisində öz maraqlarını həyata keçirərək, bölgədə sülhə mane olmağa çalışır. Çünki onlar Qafqazda öz maraqlarına nail olmaq istəyirlər. Ona görə də həmin qüvvələrin istənilən vaxt təxribatlar törədəcəyi istisna edilmir.
Hamıya məlumdur ki, Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığına uyğun olaraq, yüksək hazırlıq səviyyəsinə gətirilib, lazım olan tədbirləri görüb, istənilən təxribatların qarşısını almağa qadirdir".