"Erməni təxribatları rus sülhməramlıların razılığı ilə reallaşdırılıb” - ŞOK AÇIQLAMA

“Erməni silahlıların Azərbaycanın mülki aviasiyasına qarşı radiohücum həyata keçirməsi, ərazilərimizə kəşfiyyat-diversiya qrupları göndərməsi onların sülhə nail olmaq niyyətində olmadığını göstərir”.
Bunu TNS-ə hərbi ekspert Ədalət Verdiyev deyib.
Ədalət Verdiyev bildirib ki, son günlər erməni təxribatları intensivləşib.
“Erməni kəşfiyyat-diversiya qruplarının torpaqlarımızda basdırdıqları minaların partlaması nəticəsində Azərbaycanın polis əməkdaşlarının həlak olması bizi dərindən sarsıtdı. Rusiya hərbi kontingenti üzərinə düşən öhdəlikləri zamanında yerinə yetirmiş olsaydı, indi bu problemlər ortaya çıxmazdı. Görünən odur ki, bu kimi təxribatlar rus sülhməramlıların razılığı ilə reallaşdırılıb”, - ekspert qeyd edib.
Azərbaycan Müdafiə Nazirliyinin bölgədə hələlik lokal hərbi əməliyyatlara başladığını xatırladan ekspert əlavə edib ki, təxribatların intensivləşməsinin qarşını almaq istiqamətində Azərbaycan tərəfindən atılan addım çox doğrudur: “Hesab edirəm ki, tezliklə şanlı ordumuz bu antiterror əməliyyatlarını uğurla başa çatdıracaq. Hazırda separatçılar mülki əhalinin olduğu mənzillərdə və obyektlərdə gizlənirlər. Çünki Azərbaycan Müdafiə Nazirliyi Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşlara xəbərdarlıq edib ki, onlar separatçılara heç bir halda yardım etməsinlər. Üstəlik artıq Laçın yolunda uşaqlar, qadınlar, qocalar və xəstələr üçün humanitar məntəqələr qurulub. Yeri gəlmişkən, hər zaman olduğu kimi, bu məqamda da Türkiyə Azərbaycanın yanında olduğunu bildirib. Bununla bağlı Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlaması var. Düşünürəm ki, Azərbaycanın başlatdığı bu hərbi əməliyyatlar çox böyük əhəmiyyət kəsb edir. Nəticədə qələbə yenə də Azərbaycanın olacaq”.
Bünyamin Bünyadzadə