Close

Ədalət Verdiyev: “Azərbaycanın cəzalandırma əməliyyatına başlaması qaçılmaz olacaq”

“Martın 5-də Ermənistandan Xankəndinə göndərilən erməni hərbi birləşmələrinin nümayəndələri tərəfindən Azərbaycan əsgərinə atəş açılması, iki hərbçimizin şəhid olması və bir hərbi qulluçumuzun yaralanması Azərbaycanı rusların müvəqqəti nəzarətində olan ərazilərdə daha adekvat, təsirli və effektiv addımlar atmağa vadar edir”.

Bunu TNS-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert bildirib ki, erməni tərəfinin pasport və viza xidmətini həyata keçirən polis əməkdaşları kimi qələmə verməyə çalışdığı həmin terrorçular Azərbaycan üçün qanunsuz silahlı qruplaşmanın üzvləridir.

“Bizim Ermənistan və Rusiya rəhbərləri ilə imzaladığımız birgə bəyanatda qeyd olunur ki, bütün erməni silahlıları Rusiya sülhməramlı kontingentinin əraziyə yerləşməsi ilə paralel olaraq Qarabağdan çıxarılmalı idi. Əfsuslar olsun ki, onlar hələ də Qarabağ ərazisindədirlər. Xatırladıram ki, bizim üçün hansı şəxsin əlində silah tutması önəmli deyil. Bizim üçün önəmli olan həmin şəxsin silahlı olmasıdır. Yəni, əlində silah daşıyan hər bir erməni bizim üçün terrorçudur. Onun Ermənistan vətəndaşı, mülki şəxs, yaxud separatçı qurumun üzvü olması vacib deyil. Vacib olan əlində silah tutmasıdır. Odur ki, Qarabağ ərazisində, Azərbaycan torpaqlarında istənilən şəxsin əlində silah olması bizim üçün qəbuledilməzdir. Ölkəmizin bu ərazilərində silah daşıya biləcək qüvvə yalnız Azərbaycan Silahlı Qüvvələridir”, - Ədalət Verdiyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın hərbi qulluqçularının şəhid olması və yaralanmasının əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin öz vəzifələrini tam həcmdə yerinə yetirməməsidir.

“Yəni zamanında o silahlılar və silahlar, texnikalar ərazidən çıxarılsaydı, erməni silahlıları rusların gözünün qarşısında mövqelər inşa etməsəydi, Azərbaycan-Ermənistan sərhədindən keçən silah dolu maşınlara nəzarət olunsaydı, bu gün Azərbaycan hərbçilərinin həyatına təhdidlər yaranmazdı.

Bu məsələnin birdəfəlik həllinin yalnız iki yolu var. Birincisi, ən qısa zamanda Laçın rayonu ərazisində sərhəd-keçid məntəqəsinin quraşdırılması, ikincisi, erməni silahlılarının Qarabağdan çıxarılmasıdır. Bu silahlıların çıxarılması üçün sülhməramlı kontingentə qısa vaxt verilməlidir. Bu müddət başa çatdıqdan sonra əgər ərazidə silahlılar qalarsa, Azərbaycan tərəfinin cəzalandırma əməliyyatına başlaması qaçılmaz olacaq. Çünki probılemin başqa həll yolu yoxdur”, - hərbi ekspert əlavə edib.